

Şimali Koreya lideri Kim Çen In, Ukrayna müharibəsi də daxil olmaqla bütün əsas beynəlxalq siyasi məsələlərdə Rusiyanı qeyd-şərtsiz dəstəkləyəcəyini bəyan edib.
Xalqcebhesi.az xəbər verir ki, Şimali Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA), Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun Pxenyana səfəri ilə bağlı məlumat yayıb.
Açıqlamada bildirilir ki, tərəflər genişmiqyaslı strateji tərəfdaşlığın möhkəmləndirilməsi və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər.
Görüş zamanı Kim Çen In, Rusiya-Ukrayna müharibəsi də daxil olmaqla, bütün mühüm beynəlxalq siyasi məsələlərdə Rusiyanı qeyd-şərtsiz dəstəkləyəcəyini ifadə edib.
Qeyd edək ki, Kim Çen In dünən Pxenyanda Sergey Şoyqunu qəbul etmişdi.
Rusiya Təhlükəsizlik Şurasının mətbuat xidmətindən verilən məlumata görə, görüşdə beynəlxalq məsələlərlə yanaşı, Rusiya ilə Şimali Koreya arasında ikitərəfli əməkdaşlıq da müzakirə olunub.
Məryəm Quliyeva