Tramp: "İsrail 60 günlük atəşkəs şərtlərini qəbul etdi" Dünya

Tramp: "İsrail 60 günlük atəşkəs şərtlərini qəbul etdi"

ABŞ Prezidenti Donald Tramp, Qəzzədə mümkün atəşkəslə bağlı İsraillə təmasda olduqlarını bildirərək, "İsrail, 60 günlük atəşkəsi rəsmiləşdirmək üçün lazım olan şərtləri qəbul edib" açıqlamasını verib.

İsrailin Yaxın Şərqdə qətliamları davam etdiyi bir vaxtda, ABŞ Prezidenti Donald Trampdan Qəzzədə mümkün atəşkəslə bağlı mühüm bir açıqlama gəlib.

Xalqcebhesi.az xəbər verir ki, bu haqda özünə məxsus "Truth" sosial media platformasında paylaşım edən Tramp belə deyib: "Nümayəndələrim bu gün Qəzzə mövzusunda israillilərlə uzun və məhsuldar bir görüş keçirdi. İsrail, 60 günlük atəşkəsi rəsmiləşdirmək üçün lazım olan şərtləri qəbul edib."

Bu müddət ərzində bütün tərəflərlə birgə müharibəni sona çatdırmaq üçün çalışacaqlarını bildirən Tramp əlavə edib: "Sülhün təmin olunması üçün çox səy göstərən Qətər və Misir bu son təklifi təqdim edəcək. Ümid edirəm ki, HƏMAS Yaxın Şərqin xeyrinə bu razılaşmanı qəbul edəcək. Əks halda vəziyyət daha yaxşı olmayacaq. Sadəcə daha da pis olacaq."

Məryəm Quliyeva