Tramp və Netanyahu Qəzza üçün yenidən görüşdü Dünya

Tramp və Netanyahu Qəzza üçün yenidən görüşdü

ABŞ Prezidenti Donald Tramp bu həftə ərzində ikinci dəfə İsrail Baş naziri Benyamin Netanyahu ilə görüşərək Qəzza məsələsini müzakirə edib.

Xalqcebhesi.az xəbər verir ki, görüş Netanyahu-nun Trampın yanvar ayında vəzifəyə başlamasından bəri ABŞ-a etdiyi üçüncü səfəri çərçivəsində baş tutub.

Ağ Evdə, Oval Ofisdə keçirilən və mətbuata qapalı olan görüşün bir saatdan çox davam etdiyi bildirilir. Görüşdə Qəzzada atəşkəsin təmin olunmasına dair səylər müzakirə olunub.

Netanyahu "X" hesabında verdiyi açıqlamada Tramp ilə bu həftə içində ikinci görüşünü tamamladığını bildirib. O, görüşün əsas mövzularının Qəzzada əsirlərin azad olunması və “HƏMAS-ın hərbi və idarəetmə imkanlarının aradan qaldırılması” olduğunu qeyd edib. Netanyahu həmçinin İranla yaşanan gərginliklərin nəticələrinin və mümkün ssenarilərin də müzakirə edildiyini vurğulayıb.

Amerikalı xəbər platforması Axiosa görə, Tramp-Netanyahu görüşündən əvvəl Qətərli rəsmilərdən ibarət bir heyət Ağ Evi ziyarət edərək yüksək səviyyəli ABŞ rəsmiləri ilə bir neçə saat davam edən görüşlər keçirib.

Netanyahu Vaşinqtonda keçirdiyi görüşlərin ikinci günündə ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Conson ilə də görüşüb. Görüşdən sonra verdiyi açıqlamada Netanyahu Qəzzada atəşkəsin əldə olunması üçün səylərin davam etdiyini bildirib.

“Vasitəçilərdən gələn təklifi qəbul etdik. Bu, yaxşı bir təklif idi. (Trampın Orta Şərq üzrə xüsusi nümayəndəsi) Stiv Vitkofun ilkin ideyasına uyğundur və düşünürük ki, bu istiqamətdə irəliləyirik. Məqsədimiz növbəti mərhələyə keçməkdir,” – deyə o qeyd edib.

Stiv Vitkof da verdiyi açıqlamada atəşkəs danışıqlarında irəliləyiş əldə olunduğunu bildirərək, həftəsonuna qədər Qəzzada 60 günlük atəşkəslə bağlı razılığın əldə olunacağına ümidli olduğunu deyib.

Məryəm Quliyeva