İsrail Tulkerim Qaçqınlar Düşərgəsində fələstinlilərin evlərini sökməyə davam edir Dünya

İsrail Tulkerim Qaçqınlar Düşərgəsində fələstinlilərin evlərini sökməyə davam edir

Fələstinin rəsmi xəbər agentliyi WAFA-nın yaydığı xəbərə görə, İsrail 166 gündür ki, İordan çayının qərb sahilindəki Tulkerim Qaçqınlar Düşərgəsinə aralıqsız hücumlar həyata keçirir.

İsrail ordusunun bu gün səhər saatlarında ağır texnika ilə Tulkerim Qaçqınlar Düşərgəsinin Marbaa məhəlləsinə daxil olduğu və bəzi binaları sökdüyü bildirilib. Xəbərdə Tel-Əvivin bu hərəkətləri ilə İsrail Ali Məhkəməsinin 3 iyul tarixli qərarına da məhəl qoymadığı vurğulanıb.

Həmçinin qeyd olunub ki, İsrail ordusu İordan çayının qərb sahilindəki Nur Şəms Qaçqınlar Düşərgəsini 153 gündür sıx blokadada saxlayır. İsrail əsgərlərinin düşərgədəki fələstinlilərin evlərini ələ keçirərək qərargahlara çevirdiyi də bildirilib.

Qeyd edək ki, İsrail ordusu yanvarın 21-dən etibarən işğal altındakı İordan çayının qərb sahilinin şimal hissəsində Cenin şəhəri və qaçqın düşərgəsindən başlayaraq Tulkerim və Nur Şəms düşərgələrinə qədər uzanan əməliyyatlarına davam edir.