Türkiyə XİN Suriyanın cənubunda baş verən zorakılıq hadisələrinə şərh verib Dünya

Türkiyə XİN Suriyanın cənubunda baş verən zorakılıq hadisələrinə şərh verib

Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Öncü Keçeli Suriyanın cənubunda baş verən zorakılıq hadisələrini dəyərləndirib.

"Report" xəbər verir ki, o, "X" sosial media hesabından etdiyi paylaşımda bildirib ki, Türkiyə Suriyanın cənubunda baş verən zorakılıq hadisələrinin Suriya hökuməti tərəfindən yerli səviyyədə dialoq vasitəsilə ən qısa müddətdə sona çatdırılması və təhlükəsizliyin təmininə ümid edir.

Bu prosesdə Suriyanın suverenliyinə və birliyinə dəstək verilməsinin zəruriliyinə diqqət çəkən Keçeli Türkiyənin beynəlxalq ictimaiyyətin məsuliyyətli tərəfdaşları ilə birlikdə Suriyada sabitliyin gücləndirilməsinə və barışıq səylərinə dəstəyini davam etdirəcəyini qeyd edib.

Qeyd edək ki, Suriyanın cənubunda yerləşən Əs-Süveydə əyalətində bədəvilər və druzlar arasında baş verən toqquşmalar nəticəsində azı 37 nəfər həlak olub, təxminən 50 nəfər yaralanıb.

“The Syrian Observatory for Human Rights” (SOHR) monitorinq qrupunun məlumatına əsasən, ölənlərdən 27-si druz,10-u bədəvidir. Qeyd olunub ki, etnik azlıqlar arasında toqquşmalar nəticəsində daha 100 nəfər yaralanıb. Məlumata görə, druz və bədəvi liderləri silahlı toqquşmaların dayandırılmasına çağırırlar.