Tramp Putinə çox qəzəblidir Dünya

Tramp Putinə çox qəzəblidir

İvan Us: “Tramp Putinin tezliklə sülhə nail olmaq istəyini şübhə altına alıb”

ABŞ Prezidenti Donald Trampın Rusiya-Ukrayna müharibəsi ilə bağlı son günlərdə verdiyi bəyanatlar dünyanın diqqətini özünə cəlb edib. Onun Zelenskiyə Moskvanı vurmağı təklif etməsi, Kremlə 50 gün vaxt verməsi, sanksiyalarla hədələməsi, Ukraynanı yenidən silahlandırması və başqa fikirləri xüsusən Kremli əndişələndirib. Bir yandan da Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloqun Ukraynaya uzunmüddətli səfərə göndərməsi məsələnin ciddiliyindən xəbər verir.

Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Leonid Slutski deyib ki, ABŞ Prezidenti Donald Tramp Ukrayna münaqişəsinin həllində real irəliləyişə nail olmaq üçün Vladimir Zelenskinin rəhbərlik etdiyi Kiyev rejiminə xəbərdarlıq etməlidir.

“Əgər Tramp həqiqətən də Ukrayna münaqişəsinin nizamlanmasında irəliləyiş əldə etmək istəyirsə, Zelenski rejiminə “yumruq” göstərməli, Rusiyaya qarşı ikinci dərəcəli sanksiyalar vəd etməməlidir”, - deputat bildirib.

Tramp Ağ Evdə NATO Baş katibi Mark Rutte ilə görüşü zamanı bildirib ki, o, Putinlə ədalətli müqavilə bağlamaq barədə çox danışır. Mən hər dəfə telefonu qapayanda deyirəm: “Yaxşı, bu gözəl zəng idi”. Sonra onlar Kiyevə və ya başqa bir şəhərə raket atırlar və mən deyirəm qəribədir və bu, üç-dörd dəfə baş verəndə, bu söhbətlər heç bir məna kəsb etmir.

Onun sözlərinə görə, Putin "dəliqanlı oğlandır” və çox insanı və keçmiş prezidenti aldadıb.

“Danışmaq heç nə demək deyil. Siz hərəkətə keçməlisiniz. Nəticələrə çatmalısınız”, - Tramp qeyd edib.

ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker deyib ki, ABŞ lideri Donald Trampın Ukraynaya Amerika silahlarının tədarükü və əlavə antirusiya məhdudiyyətlərinin tətbiqi ilə bağlı bəyanatları Rusiya Federasiyasının, o cümlədən Prezident Vladimir Putinin reaksiyasına səbəb olacaq. "Aydındır ki, o, (Putin – red.) nəinki Amerika silahlarının Avropanın hesabına ukraynalıların ixtiyarına verilməsinə, həm də açıq-aşkar Çin, Hindistan və ondan neft alan digər ölkələrə tətbiq edilən tariflərə də reaksiya verəcək", - Uitaker bildirib.

“Military Watch Magazine” nəşri məlumat yayıb ki, ABŞ yaxın gələcəkdə Ukraynanı kütləvi şəkildə “Patriot” hava hücumundan müdafiə sistemləri ilə təmin edə bilməyəcək.

“İran-İsrail münaqişəsi zamanı hava hücumundan müdafiə sistemlərindən aktiv istifadə nəticəsində ABŞ hərbi anbarlarında yaranan sistem çatışmazlığı Vaşinqtona Kiyevə hava hücumundan müdafiə sistemlərinin aktiv təchizatını sürətlə qurmağa imkan verməyəcək”, - məlumatda deyilib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Ukraynaya 17 ədəd “Patriot” sistemi çatdırılacağını elan edib.

“Axios”un mənbələrə istinadən məlumatına görə, ABŞ Prezidenti Donald Tramp bildirib ki, Avropalı müttəfiqlərinə silah satışını əhəmiyyətli dərəcədə artıracaq, daha sonra isə bu ölkələr Ukraynaya silah tədarük etməyə başlayacaq. Vaşinqton birinci dalğada NATO müttəfiqlərinə təxminən 10 milyard dollar dəyərində silah satacaq.

Mənbə bildirib ki, Ukraynanın tədarük planına Rusiya ərazisinin dərinliklərinə zərbə endirə bilən uzaqmənzilli raketlər, həmçinin hava hücumundan müdafiə sistemləri və artilleriya mərmiləri daxil olacaq.

“Vaşinqton Post” qəzetinin köşə yazarı Devid İqnatius mənbələrə istinadən bildirib ki, ABŞ Prezidenti Donald Tramp Ukraynaya uzaqmənzilli “Tomahavk” qanadlı raketləri göndərməyi nəzərdən keçirib. Onun sözlərinə görə, Rusiya ərazisinin dərinliklərində hədəflərə çata bilən “Tomahavk” raketlərinin Kiyevə ötürülməsi məsələsi iyulun 11-də müzakirə edilib, lakin hazırda bu sursatlar tədarük siyahısına daxil edilməyib: “Lakin Tramp daha çox təsir rıçaqları əldə etmək istəsə, onlar sonradan Ukraynaya ötürülə bilər”.

Tramp isə Ağ Evdə jurnalistlərə açıqlamasında deyib ki, ABŞ Ukraynaya uzaqmənzilli raketlər verməyi planlaşdırmır.

"Biz bunu etməyə hazırlaşmırıq", - deyə o bildirib.

“Vaşinqton Post” qəzetinin fikrincə, ABŞ Prezidenti Donald Trampın Ukrayna münaqişəsinin həlli üçün elan etdiyi 50 günlük müddət Rusiyaya Ukrayna ilə münaqişədə strateji üstünlük verəcək. Məlumata görə, bu müddət ərzində Rusiya qoşunları strateji logistika mərkəzi olan Pokrovsk istiqamətində hücum əməliyyatını genişləndirə biləcək: “Onun Rusiyanın nəzarətinə keçməsi Moskvanın böyük qələbəsi olacaq və bütün Donetsk vilayətinin ilhaqını yaxınlaşdıracaq”.

Nəşr iddia edib ki, Rusiya qoşunları Sum istiqamətində irəliləməyə davam edir və burada Kursk və Belqorod vilayətlərini Ukraynadan qorumaq üçün bufer zonası yaratmağa çalışır.

Zelenskinin Moskvanı vuracağı məsələsinə gəlincə, Kremlin sözçüsü Dmitri Peskov Kreml ABŞ Prezidenti Donald Trampın Ukrayna Prezidenti Vladimir Zelenskini Moskva və Sankt-Peterburqu vurmağa çağırması ilə bağlı mətbuatda yayılan xəbərlərin feyk ola biləcəyini güman edir.

O, belə ritorikanın indi ortaya çıxmadığını bildirib: "Bir qayda olaraq, onların hamısı çox vaxt feyk olur. Bəzən bəzi ciddi sızmalar olur, o cümlədən əvvəllər çox hörmətli saydığımız nəşrlərdə”.

Ukraynada səfərdə olan ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq isə Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak, Prezident Vladimir Zelenski, Ukrayna müdafiə naziri Rüstəm Umerov ilə Ukraynada və Avropada silah istehsalı ilə bağlı birgə layihələri müzakirə edib.

Milli Strateji Araşdırmalar İnstitutunun Xarici Siyasət Araşdırmaları Mərkəzinin baş məsləhətçisi, iqtisad elmləri namizədi İvan Us (Ukrayna) qəzetimizə açıqlamasında deyib ki, ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloqun Ukraynaya uzunmüddətli səfəri barədə məlumat ABŞ-ın hazırkı Administrasiyasının Ukrayna ilə bağlı yeni siyasi xəttinin reallığında tamamilə yatır. Bu xəttin başlanğıcı 3 iyul 2025-ci ildə, ABŞ prezidenti D. Tramp və Rusiya prezidenti V.Putinin təxminən bir saat davam edən növbəti telefon danışıqları zamanı qoyuldu. Ukraynadakı vəziyyəti həll etməyin yollarını tapmaq mövzusunda heç bir irəliləyiş əldə edilmədi, buna görə D.Tramp Putinlə söhbətlərindən sonra ilk dəfə məyusluq və narazılığını bildirdi, Putinin tezliklə sülhə nail olmaq istəyini şübhə altına aldı: “Qeyd etmək lazımdır ki, bu söhbət ərəfəsində ABŞ-ın Ukrayna üçün hərbi yardımının dayandırılması barədə məlumatlar ortaya çıxdı. Tramp əmin idi ki, bu, Rusiya tərəfdən hərbi əməliyyatların başa çatması üçün zəmin yaradacaq.Lakin Putin dayandırmaqdan imtina etdi. Nəticədə hərbi yardım bərpa edildi. Bundan əlavə, Tramp, 14 iyul bazar ertəsi günü Ukraynaya hücum silahlarını, xüsusən də uzaqmənzilli raketləri (Axios nəşrində deyildiyi kimi) daxil etməsi gözlənilən yeni bir silah planı elan edəcəyini açıqladı. İki “Axios” mənbəyi, planın, ehtimal ki, Rusiya Federasiyasının dərinliklərində hədəfləri vura biləcək uzaqmənzilli raketləri əhatə etdiyinə inanmaq üçün əsaslarının olduğunu söylədi, lakin hələ qəti bir həll yolu yoxdur. Respublikaçı senator Lindsay Graham, “Axios” şərhində "Tramp Putinə çox qəzəblidir" və açıqlamasının "çox aqressiv olacağını"söylədi. Çinin xarici işlər naziri Van yi Avropa diplomatiyasının rəhbəri Kae Kallas bildirib ki, Pekin Rusiyanın Ukraynada uduzmasını istəmir, çünki bu halda ABŞ-ın bütün diqqətini ÇXR-ə çevirəcəyindən qorxur.

ABŞ-ın yeni planı Trampın NATO-nun baş katibi Mark Rutte ilə görüşündə təqdim olunacaq. Bu, Avropa ölkələrinin Ukrayna üçün Amerika istehsalı olan silahlara ödəməsini təmin edəcəkdir.

Bu sxem Ukrayna Prezidenti Vladimir Zelenski tərəfindən iki həftə əvvəl NATO sammiti zamanı təklif edildi. ABŞ və Ukrayna rəsmiləri, Tramp və Zelenskinin Haaqadakı sammitdəki görüşünün bu vaxta qədər baş verənlərin ən yaxşısı olduğunu söylədi.

Sonda qeyd etmək lazımdır ki, beynəlxalq aləmdə ABŞ getdikcə daha çox "güc yolu ilə sülh" Konsepsiyasının həyata keçirilməsinə keçir ki, bu da Ukrayna kontekstində hərbi tədarükün artması (Tramp administrasiyası tərəfindən ilk qəbul ediləcək yeni tədarüklər daxil olmaqla) və Rusiyaya qarşı sanksiya təzyiqinin artması deməkdir (həmçinin Tramp Administrasiyasından bu istiqamətdə ilk addımlar). 2025-ci ilin yayının sonuna qədər proseslərin inkişafı belə görünür)”.

Yeri gəlmişkən, Fransa ABŞ silahlarının Avropa ölkələri tərəfindən alınaraq, Ukraynaya verilməsi təşəbbüsündə iştirak etmək niyyətində deyil.

“Politiko”nun mənbələrə istinadən məlumatına görə, Fransa Prezidenti Emmanuel Makron uzun müddətdir ki, avropalıların avropalı istehsalçılardan silah almaqla öz müdafiə istehsalını təşviq etməsini müdafiə edir. Paris bu səbəbdən ABŞ silahlarının alınması təşəbbüsünə qoşulmayacaq. Qeyd edək ki, 14 iyulda ABŞ lideri Donald Tramp NATO Baş katibi Mark Rutte ilə birgə mətbuat konfransında Avropanın maliyyəsi hesabına ABŞ silahlarının Ukraynaya tədarük ediləcəyini elan edib.

Cavid