

17 İyul 16:23
Avropa İttifaqı Rusiyaya qarşı ən güclü sanksiya paketlərindən birini elan edib.
Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas özünün “X” hesabındakı paylaşımında bu sanksiyaların Rusiyanın hərbi büdcəsini daha çox məhdudlaşdıracağını bildirib.
“Biz möhkəm dayanmışıq. Aİ indicə Rusiyaya qarşı ən güclü sanksiya paketlərindən birini təsdiq etdi. Beləliklə, Rusiya banklarının maliyyə mənbələrinə çıxışı məhdudlaşdırılacaq, hərbi büdcəsi daha da azalacaq, Rusiyanın gizli fəaliyyət göstərən daha 105 gəmisinin fəaliyyəti ziyan görəcək. “Şimal axını” boru kəmərləri qadağan ediləcək. Neft üçün daha aşağı tavan qiyməti tətbiq olunacaq. Biz Rusiyanın hərbi sənayesinə təzyiqi artırırıq. Rusiyaya sanksiyalardan yayınmağa yardım göstərən Çin banklarına da məhdudiyyətlər qoyuruq. O cümlədən, dron istehsalında istifadə olunan texnologiya ixracatına da mane oluruq”, - Kallas qeyd edib.
Kaya Kallas Hindistanda fəaliyyət göstərən “Rosneft” neft emalı şirkətinə qarşı da sanksiyaların tətbiq edildiyini vurğulayıb.
Kallas Rusiya üçün irəliyə yeganə yolun aqressiyanı dayandırmaq olduğunu qeyd edib.