

Almaniya Hərbi Kəşfiyyat Xidmətinin (MAD) rəhbəri Martina Rosenberq Almaniya Xəbər Agentliyinə (DPA) Rusiyanın casusluq fəaliyyətləri ilə bağlı "Biz casusluq və hibrid tədbirlərin əhəmiyyətli dərəcədə artdığını görürük. Bu hərəkətlər daha intensiv və aqressivləşib" deyib.
M.Rosenberq Rusiya kəşfiyyat xidmətlərinin Soyuq Müharibə dövründə olduğu kimi fəaliyyət göstərdiyini və casusluq vasitələrinin də genişləndirildiyini bildirib.
O həmçinin, "Casusluğa qarşı ən yaxşı qorunma bu təhdidi ciddi qəbul etmək, siqnallara diqqətlə cavab vermək və vaxtında müvafiq orqanlara məlumat verməkdir" deyə vurğulayıb.
MAD-ın məlumatına görə, Rusiyanın Almaniyada casusluq cəhdləri bir il ərzində demək olar ki, iki dəfə artıb.
Qeyd olunub ki, Rusiya agentləri üçüncü ölkələr vasitəsilə Almaniyaya daxil olmaqda davam edir.
Bildirək ki, Müdafiə Nazirliyinin bölməsi olan MAD silahlı qüvvələrin mühafizəsi, ekstremistlərin qarşısının alınması, əsgərlər və mülki şəxslərin təhlükəsizliyinin yoxlanılması yönündə fəaliyyət göstərir.