Genə Rusiyanın siyasi təzyiq alətidir Dünya

Genə Rusiyanın siyasi təzyiq alətidir

Ermənistandan ixrac olunan məhsullar Rusiyaya buraxılmayıb

Ermənistan parlamentinin deputatı Qarnik Danielyan bildirib ki, Gürcüstandan Rusiyaya kənd təsərrüfatı məhsulları aparan yüzlərlə yük maşını geri - Ermənistana qaytarılıb. Deputat bu barədə sosial şəbəkədə paylaşım edib. Onun sözlərinə görə, gavalı, şaftalı və üzüm yüklənmiş avtomobillər Yuxarı Lars sərhəd-keçid məntəqəsindən geri qaytarılıb.

Q.Danielyan qeyd edib ki, sürücülərə səbəb kimi "fitosanitar problemlər" göstərilib.

Deputat əlavə edib ki, təkcə kənd təsərrüfatı məhsulları deyil, digər yüklər, xüsusilə də tikinti materialları da ciddi yoxlamalara məruz qalır.

Ermənistandan ixrac olunan bəzi məhsulların Rusiyaya buraxılmamasında əsl səbəb nədir?

“Xalq Cəbhəsi” bununla bağlı millət vəkillərinin, politoloqların fikirlərini öyrənib.

“XXI əsrdə köhnə təfəkkürlə münasibətləri qorumaq mümkün deyil”

Milli Məclisin deputatı Azər Badamov söyləyib ki, Rusiya Cənubi Qafqaz respublikaları ilə siyasi münasibətlərdə istədiklərinə nail olmayanda həmin ölkədən idxal olunan kənd təsərrüfatı mallarında genə tapırlar və ona görə də ölkəyə buraxılmadığını deyirlər: “Belə görünür ki, genə Rusiyanın siyasi təzyiq alətidir. Görünür baş nazirin müavini Aleksey Overçukun Ermənistana 5 gün əvvəl etdiyi səfəri istədikləri kimi nəticələnməyib. O cümlədən son günlər ermənilər Rusiyanın 102-ci hərbi bazasının Ermənistandan çıxardılmasını tələb edən aksiyalar keçirirlər. Bunun da Ermənistanın Rusiyaya göndərdiyi kənd təsəsrrüfatı mallarında genələrin çoxalmasına və gömrükdə sanitar xidməti tərəfindən girişin dayandırılmasına səbəb olduğunu düşünürəm. Ölkələr arasındakı siyasi münasibətlər iqtisadi əməkdaşlığa təsir göstərməməlidir. XXI əsrdə köhnə təfəkkürlə münasibətləri qorumaq mümkün deyil. Ölkələr bərabərlik, suverenlik, qarşılıqlı hörmət və fayda əsasında münasibətlər formalaşdırmalıdır”.

“Məhsulların buraxılmaması gərginliyin bariz nümunəsidir”

Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib ki, Ermənistanla Rusiya arasında münasibətlər son illərdə heç də əvvəlki kimi sabit deyil: “İrəvanın Qərbə doğru atdığı addımlar iki ölkə arasında yeni ziddiyyətlər yaradıb. Bunları nəzərə alsaq, iqtisadi əlaqələrdə də müəyyən gərginliklərin yaranması təəccüblü deyil”.

M.Cəfərov əlavə edib ki, Ermənistandan Rusiyaya ixrac olunan bəzi məhsulların buraxılmaması da bu gərginliyin bariz nümunəsidir: “Rusiya tərəfi bunu tibbi-sanitariya səbəbləri ilə izah etməyə çalışsa da, iqtisadi və siyasi motivlərin daha güclü olduğu şübhəsizdir. Ümumiyyətlə, Moskva daima postsovet ölkələrinə təsir mexanizmi kimi məhz ticarət məhdudiyyətlərindən, idxal və ixrac qadağalarından istifadə edir. Rusiyanın tezisinə görə bu addım Ermənistanın iqtisadi strukturuna ciddi zərbə vurmalıdır. Doğrudur, Rusiya Ermənistan üçün ən iri ticarət tərəfdaşlarından biridir və müəyyən malların ixracına qoyulan qadağa İrəvanın iqtisadi sabitliyinə mənfi təsir göstərə bilər. Çünki Ermənistan bir çox hallarda Rusiyanın sanksiyalardan yayınmasına xidmət edən vasitə rolunu oynayır. Əgər iki ölkə arasında münasibətlərin pisləşməsi ticarət dövriyyəsinə təsir edərsə, bu, Ermənistan qədər Rusiyaya da mənfi təsir göstərəcək”.

“Bu addımlar təkcə iqtisadi deyil, həm də siyasi təzyiq xarakteri daşıyır”

Deputatın bildirdiyinə görə, Ermənistanın kənd təsərrüfatı məhsulları Rusiya iqtisadiyyatının əsas dayaqlarından biridir: “Bu məhsulların ixracında Rusiya bazarının alternativi demək olar ki, mövcud deyil. Elə buna görə də Rusiya bazarı Ermənistan üçün həyati əhəmiyyət daşıyır. Moskvanın atdığı bu addımlar təkcə iqtisadi deyil, həm də siyasi təzyiq xarakteri daşıyır”.

“Kreml iqtisadi alətləri təzyiq vasitəsi kimi istifadə edir”

Politoloq Tural İsmayılov qeyd edib ki, Rusiya ilə Ermənistan arasında yaranan son gərginlik, ixrac məhsullarının “tibbi bəhanələrlə” geri qaytarılması sırf texniki məsələ deyil, siyasi xarakter daşıyan addımdır: “Kreml uzun illərdir öz təsir dairəsində saxlamağa çalışdığı postsovet ölkələrinə qarşı iqtisadi alətləri təzyiq vasitəsi kimi istifadə edir. Ermənistanın hazırkı siyasi kursu isə Moskva üçün qəbulolunmazdır”.

“Bu metod indi də Ermənistan üzərində tətbiq olunur”

T.İsmayılov qeyd edib ki, Paşinyan hakimiyyəti açıq şəkildə Qərbə yaxınlaşır, Avropa İttifaqı ilə əməkdaşlığı genişləndirir, Fransa ilə hərbi əlaqələr qurur, KTMT-dən uzaqlaşmaq xəttini davam etdirir: “Bu proses fonunda Rusiya ənənəvi mesaj üsuluna əl atdı – iqtisadi embarqo. Yəni Moskva göstərmək istəyir ki, Ermənistanın bazarının böyük hissəsi hələ də Rusiyadan asılıdır və bu asılılıq istənilən an silaha çevrilə bilər. Əslində, bu addım təkcə İrəvana yönəlmiş xəbərdarlıq deyil. Kreml paralel olaraq digər postsovet ölkələrinə də siqnal göndərir: “kim Qərbə meyl edərsə, iqtisadi təzyiqlə üzləşəcək”. Bu metod Gürcüstanda, Moldovada sınanmışdı və indi də Ermənistan üzərində tətbiq olunur”.

“Moskva Ermənistanın yeni geosiyasi istiqamətindən narahatdır”

Politoloqun sözlərinə görə, başqa tərəfdən, Moskva Ermənistanın yeni geosiyasi istiqamətindən narahatdır: “Çünki Qərb institutlarına yaxınlaşan bir Ermənistan artıq Rusiyanın regiondakı mövqelərini zəiflədir. Kreml bunun qarşısını almaq üçün həm siyasi, həm də iqtisadi kartlarını işə salır. Məhsulların geri qaytarılması da bu kartlardan sadəcə biridir. Görünən odur ki, Ermənistan-Rusiya münasibətləri yeni bir soyuqluq mərhələsinə qədəm qoyub. Moskva çalışır ki, iqtisadi yollarla İrəvanı “yerinə oturtsun”, amma reallıqda bu, Ermənistanı daha da Qərbə itələyir”.

Röya İsrafilova