İsrail Dəməşqin cənubunda demilitarizasiya zonası ilə bağlı müzakirələrə başlayıb Dünya

İsrail Dəməşqin cənubunda demilitarizasiya zonası ilə bağlı müzakirələrə başlayıb

İsrail Suriyanın paytaxtı Dəməşqin cənubunda demilitarizasiya zonasının yaradılması məsələsi ilə bağlı müzakirələrə başlayıb.

Bu barədə İsrailin Baş naziri Binyamin Netanyahu bildirib.

"Hazırda diqqətimizi üç şey üzərində cəmləyirik: Əs-Suveyda əyalətindəki druz icmasını qorumaq, Dəməşqin cənubundan Colan təpələrinə, o cümlədən Əs-Suveyda əyalətinə qədər demilitarizasiya zonası yaratmaq və ərzaq, tikinti materialları ilə genişmiqyaslı tibbi yardımın çatdırılmasına imkan verəcək humanitar dəhliz qurmaq. Hazırda bu məsələlərlə bağlı müzakirələr gedir", - Netanyahu İsrailin druz icmasının ruhani lideri Şeyx Muafak Tarif ilə görüşdə deyib.

Bundan əvvəl Suriyanın keçid prezidenti Əhməd əş-Şaraa bildirib ki, Ərəb Respublikası və İsrail nümayəndə heyətləri təhlükəsizlik tədbirləri üzrə ikitərəfli sazişin hazırlanması üzrə danışıqlarda irəliləyiş əldə edib. O həmçinin Yaxın Şərq ölkələri arasında iqtisadi inteqrasiyanın vacibliyini qeyd edərək "Suriya və regionun maraqlarına cavab verən istənilən qərarı qəbul etməkdən və ya razılaşmanı təsdiqləməkdən çəkinməyəcəyini" vurğulayıb.