Putin: Rusiya Ukraynanın Avropa İttifaqına üzvlüyünə qarşı deyil, NATO-ya qoşulmasını isə qəbuledilməz sayır Dünya

Putin: Rusiya Ukraynanın Avropa İttifaqına üzvlüyünə qarşı deyil, NATO-ya qoşulmasını isə qəbuledilməz sayır

Rusiya heç vaxt Ukraynanın Avropa İttifaqına üzvlüyünə qarşı çıxmayıb.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Çində Slovakiya baş naziri Robert Fitso ilə görüşündə bildirib.

Putin Ukraynanın Şimal Alyansına daxil olmaq istəməsindən də danışıb: "NATO-ya gəlincə, bu başqa məsələdir, burada söhbət Rusiya Federasiyasının təhlükəsizliyinin təmin olunmasından gedir. Mövqeyimiz bəllidir, bunu özümüz üçün qəbuledilməz hesab edirik. Bu, Ukraynanın təhlükəsizliyini necə təmin edəcəyi ilə bağlı öz qərarıdır. Amma bunu başqa ölkələrin, xüsusən də Rusiyanın təhlükəsizliyi hesabına təmin etmək olmaz. Ukraynanın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı konsensus tapmaq mümkündür".

Rusiya Prezidenti qeyd edib ki, Ukraynanın təhlükəsizliyinin təmin edilməsi ABŞ Prezidenti Donald Trampla müzakirə mövzusu olub: "Trampın rəhbərliyi altında ABŞ Rusiyanı dinləməyə başladı, Alyaskada keçirilən sammit bunu göstərdi. Rusiya Moskva və Vaşinqton arasında konstruktiv dialoqun davam edəcəyinə ümid edir".