“Tramp bu dəfə atəşkəs prosesinə faktiki təkliflə və diplomatik vasitələrlə daxil olur” Dünya

“Tramp bu dəfə atəşkəs prosesinə faktiki təkliflə və diplomatik vasitələrlə daxil olur”

“Bu dəfə Tramp bəyanatlarında atəşkəs və girovların azad olunmasına yönəlik daha konkret və aktiv bir plan təqdim etmiş görünür. 7 sentyabr 2025-ci il tarixində Tramp jurnalistlərə "Qəzzada çox tezliklə razılaşma əldə ediləcəyini" bildirib, “İsrail mənim şərtlərimi qəbul edib, indi sıra HƏMAS-dadır” deyərək, bu, onun “son xəbərdarlığıdır” ifadəsi ilə gücləndirib. O, təklif edib ki, bütün girovlar (təxminən 48 nəfər) ilk atəşkəs günündə azad olunsun, əvəzində fələstinli məhbuslar həbsxanadan azad edilsin və atəşkəs müddətində danışıqlar başlasın. İsrail tərəfi bu təklifi “çox ciddi şəkildə nəzərdən keçirdiyini” bildirib, lakin hələ rəsmi təsdiq verilməyib. Göründüyü kimi, Tramp bu dəfə atəşkəs prosesinə faktiki təkliflə və diplomatik vasitələrlə daxil olur — bu, əvvəlki bəyanatlardan daha konkret və ciddidir”.

Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında Yaxın Şərq ölkələri üzrə ekspert, mütəxəssis Vüqar Zifəroğlu söyləyib.

V.Zifəroğlu əlavə edib ki, HƏMAS isə müəyyən şərtlərlə danışıqlara hazır olduğunu ifadə edir, amma onun reallașacağına dair şübhələr hələ qalır: “HƏMAS ABŞ vasitəsi ilə edilən təklifləri aldığını və “danışıqlar masasına dərhal qayıtmağa hazır olduğunu” bildirib. Onlar bütün girovların azad olunması, müharibənin bitirilməsi üçün qəti bəyanat və İsrailin Qəzzadan tam çəkilməsi tələbini təkrarlayıblar. Həmçinin müstəqil Fələstin komitəsinin idarəçiliyinə dair təşəbbüsləri müdafiə edirlər. HƏMAS bu dəfə də real seçim imkanlarına bağlı olaraq danışıqlara açıqdır. Lakin onun məqsədləri (girovların tam azad olunması, İsrailin çıxması və s.) İsrail üçün qəbul edilməz ola bilər və buradan “danışıqlara hazırlığ”ın yalnız taktiki addım olması dəyərləndirilə bilər. Lakin İsrailin HƏMAS-ın bu șərtlərə razılıq verəcəyi inandırıcı görünmür. Netanyahu hökuməti hələki yalnız bütün girovların azad edilməsi, HƏMAS-ın silahsızlaşdırılması və Qəzzada İsrail üçün təhlükəsizlik təminatının yaradılması ilə müharibənin bitəcəyini bildirir”.

Ekspertin sözlərinə görə, bütün bu məqamlar isə qarıșıq mənzərə yaratmaqdadır: Tramp irəli sürdüyü modelin hal-hazırda real variant olduğunu bildirir: “İsrail dəyərləndirir, amma rəsmi razılıq hələ verilməyib. HƏMAS-dan gələn açıqlamalar konstruktivdir, amma keçmişdə əldə edilmiș razılaşmalara əməl edilməməsi təcrübəsi narahatlıq doğurur. Münaqișənin real olaraq dayandırılması üçün qarşı tərəflərin həm ideyaları, həm də tələbləri birləşdirəcək ortaq məxrəcə ehtiyac var — bu isə indiyədək mümkün olmayıb”.

Röya İsrafilova