TRIPP Orta Dəhlizin imkanlarını genişləndirəcək Dünya

TRIPP Orta Dəhlizin imkanlarını genişləndirəcək

Tramp Körpüsü (TRIPP) Azərbaycan və Ermənistan arasında imzalanacaq sülh sazişinin mühüm elementidir və xüsusilə də uzun müddət məsafə ilə ayrılmış Azərbaycan bölgələrinin birləşdirilməsinə xidmət edir.

Bunu APA-nın sualına cavabında ABŞ İqtisadi maliyyələşdirmə korporasiyasının icraçı direktoru Kennet Agnel ABŞ-ın Orta Dəhliz üzrə Sertifikatlaşdırılmış Ticarət Missiyasının nümayəndələrinin Azərbaycana səfərinin yekunlarına dair keçirdikləri birifinqdə deyib.

Onun sözlərinə görə, təxminən 42 kilometr uzunluqda olacaq bu birləşdirici marşrutun yaradılması həmin əraziləri bir araya gətirməklə yanaşı, Orta Dəhliz üçün də yeni imkanlar açacaq: “Orta Dəhlizin əsas məqsədi malların Şərqlə Qərb arasında – Avropadan Çinə və əks istiqamətdə – daha sürətli və səmərəli daşınmasını təmin etməkdir. Qeyd etmək lazımdır ki, bu, sıfır nəticəli bir proses deyil. Qazaxıstandan Azərbaycana və oradan Gürcüstana keçərək Qara dəniz limanlarına çıxan Orta Dəhliz marşrutu ilə, Qazaxıstandan Azərbaycana və daha sonra Türkiyə üzərindən keçən alternativ marşrut bir-birini tamamlamaqdadır. Hər iki yol üçün kifayət qədər ticarət həcmi mövcuddur. Əslində isə TRIPP bağlantısı Avrasiya üzrə malların hərəkəti üçün sadəcə olaraq əlavə və strateji bir nəqliyyat dəhlizi rolunu oynayacaq”.