Zelenski: Budapeşt Memorandumu uğursuz olub, yeni təhlükəsizlik arxitekturası qururuq Dünya

Zelenski: Budapeşt Memorandumu uğursuz olub, yeni təhlükəsizlik arxitekturası qururuq

Budapeşt Memorandumu uğursuzluğa düçar olub və boş sözlərə çevrilib, buna görə də Ukrayna yeni təhlükəsizlik arxitekturası qurur.

APA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski BMT-nin Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı bildirib.

Zelenski qeyd edib ki, bu məsələdə Ukraynaya Avropa müttəfiqləri və ABŞ kömək edir.

Onun sözlərinə görə, bu uğursuzluq sübut edir ki, beynəlxalq vədlər sadəcə boş sözlərə çevrilə bilər.

“Ona görə də bu gün Böyük Britaniya, Fransa və artıq 30-dan çox ölkənin daxil olduğu koalisiya ilə birlikdə biz yeni təhlükəsizlik arxitekturası qururuq. Biz ABŞ-ın etibarlı dəstəyinə arxalanırıq”, – o bildirib.

Zelenski əlavə edib ki, real təhlükəsizlik zəmanətləri elə bir sərhəd olmalıdır ki, Rusiya onu bir daha keçə bilməsin.

Qeyd edək ki, 1994-cü il dekabrın 5-də Budapeştdə Ukrayna, Rusiya, ABŞ və Böyük Britaniya arasında memorandum imzalanıb. Bu sənəd Ukraynanın nüvə silahından imtina etməsi müqabilində onun təhlükəsizliyinə zəmanət verilməsini nəzərdə tuturdu.