Gürcüstanda dövlət çevrilişinin təşkilində günahlandırılan 5 nəfər həbs olunub Dünya

Gürcüstanda dövlət çevrilişinin təşkilində günahlandırılan 5 nəfər həbs olunub

Oktyabrın 4-də Tbilisidə keçirilmiş etiraz aksiyasının təşkilat komitəsinin 5 üzvü - Vahid Milli Hərəkat Partiyasının nümayəndələri - İrakli Nadiradze və Murtaz Zodelava, polkovnik Laşa Beridze, “Ağmaşenebeli strategiyası” partiyasının baş katibi Paata Mancqaladze və “Rustaveli prospekti” hərəkatının lideri Paata Burçuladze barəsində həbs qətimkan tədbiri seçilib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə hökmü Tbilisi Şəhər Məhkəməsi elan edib.

Həmin şəxslər Gürcüstanda konstitusiya quruluşunun zorakılıq yolu ilə devrilməsi və yaxud dövlət hakimiyyətinin dəyişdirilməsinə çağırışlarda, həmçinin qrup halında zorakılığın təşkilində, rəhbərlik və iştirak etməkdə, strateji əhəmiyyətli obyekti ələ keçirmək cəhdində ittiham olunurlar. Günahlarının sübuta yetiriləcəyi halda onlar 9 ilədək müddətə azadlıqdan məhrum ediləcəklər.

İş üzrə prokuror Vaja Todua bildirib ki, sübutlar 4 oktyabr hadisələrinin spontan deyil, plan üzrə təşkil olunduğunu təsdiqləyir. O, təqsirləndirilən şəxslərin qaçması, yeni cinayətlər törətməsi və sübutları məhv etməsi riski olduğundan məhkəmədən onlar barəsində həbs qətimkan tədbirinin seçilməsini xahiş edib.
Təqsirləndirilən şəxslər onlara qarşı irəli sürülən ittihamlarla özlərini günahkar hesab etmədiklərini bildiriblər.