Brüsseldə Ukraynanın Aİ üzvlüyünə hazırlıq səviyyəsi qiymətləndiriləcək Dünya

Brüsseldə Ukraynanın Aİ üzvlüyünə hazırlıq səviyyəsi qiymətləndiriləcək

Avropa Komissiyası noyabrın 4-də Aİ-nin genişlənməsi ilə bağlı illik hesabatını təqdim edəcək. Bu hesabatda Aİ-yə namizəd ölkələrin, o cümlədən Ukraynanın Avropa İttifaqı qanunvericiliyinə uyğunlaşma sahəsində irəliləyişi qiymətləndiriləcək.

APA xəbər verir ki, bu barədə Aİ-nin Ukraynadakı səfiri Katarina Maternova Kiyevdə keçirilən “Accession Exchange Forum”da çıxışı zamanı məlumat verib.

Maternova vurğulayıb ki, Aİ-yə üzvlük danışıqları çərçivəsində əsas rol Ukraynanın həyata keçirdiyi islahatların və əldə etdiyi real irəliləyişin üzərinə düşür.

“Avropa Komissiyası artıq bu hesabatın təqdim olunacağı tarixi müəyyənləşdirib. 4 noyabrda Brüsseldə genişlənmə hesabatı təqdim olunacaq,” – o bildirib.

Xatırladaq ki, hər il təqdim olunan bu hesabat Avropa İttifaqına namizəd ölkələrin Aİ hüququna (acquis communautaire) uyğunlaşma səviyyəsini və islahatların gedişatını qiymətləndirən əsas sənəddir. Hesabat Ukraynanın Aİ-yə inteqrasiya yolundakı mövqeyinə və gələcək addımlarına birbaşa təsir göstərəcək.