

Aİ Rusiyaya qarşı 19-cu sanksiya paketini rəsmən təsdiqləyib.
APA “Reuters“ə istinadən xəbər verir ki, Aİ ölkələri Ukraynaya qarşı apardığı müharibəyə görə Rusiyaya qarşı 19-cu sanksiya paketini təsdiqləyib.
Qəbul edilən yeni sanksiyalar Rusiya maye qazının idxalına, “kölgə donanmasına”, banklara, kriptoaktivlərə və sanksiyalardan üçüncü ölkələr vasitəsilə yayınma hallarına aiddir.
2027-ci ildən etibarən Rusiya mənşəli mayeləşdirilmiş təbii qazın (SPG) idxalına mərhələli qadağa tətbiq olunacaq.
Sanksiyalar siyahısına Rusiya Federasiyasının 5 bankı, həmçinin Belarus və Qazaxıstandan olan 4 maliyyə qurumu salınıb.
Aİ həmçinin “Mir” və SBP ödəniş sistemləri ilə əməliyyatları bloklayır.
Rusiyanın “kölgə donanması”na məxsus 117 gəmi (ümumilikdə 558 gəmi) sanksiyalara məruz qalıb, həmçinin satılmış rus gəmilərinin və təyyarələrinin 5 il müddətinə təkrar sığortalanması qadağan edilib.
Rusiya vətəndaşları və şirkətləri üçün kriptoxidmətlərə tam qadağa tətbiq olunub. Sanksiya siyahısına 45 təşkilat əlavə edilib, o cümlədən 17-si Hindistandan və Çindən olan şirkətlərdir.
Aİ duz, kauçuk, tikinti materialları kimi məhsullara ixrac məhdudiyyətlərini genişləndirib, Rusiyada turizm xidmətlərini qadağan edib və süni intellekt və kosmik texnologiyalarla bağlı məhdudiyyətləri uzadıb.