“İsrail bu addımları ABŞ-ın dəstəyi olmadan ata bilməz” Dünya

“İsrail bu addımları ABŞ-ın dəstəyi olmadan ata bilməz”

"Yaxın Şərqdə, xüsusilə də Qəzza bölgəsində baş verənlərin məsuliyyətini yalnız İsrail deyil, həm də Amerika Birləşmiş Ştatları daşıyır".

Bu fikri politoloq Elçin Xalidbəyli Xalqcəbhəsi.az-a açıqlamasında bildirib.

Politoloqun sözlərinə görə, İsrailin beynəlxalq hüquq normalarını pozaraq Qəzzada törətdiyi qanunsuzluqlar, zorakılıqlar və bir xalqın öz torpaqlarından didərgin salınması kimi proseslərin arxasında ABŞ-ın siyasi və hərbi dəstəyi dayanır: “İsrail ABŞ tərəfindən dəstəklənməsə, bu addımları atmağa cəsarət edə bilməz. Bu baxımdan Qəzzada hər hansı modelin tətbiqi və ya planın reallaşdırılması sadəcə formal xarakter daşıyır. Əsas məsələ ABŞ-ın bu prosesdə hansı mövqedən çıxış etməsidir.Qəzzadakı böhranın və ümumilikdə Yaxın Şərqdəki xaosun aradan qaldırılmasının tək bir yolu var — ABŞ beynəlxalq hüquq normalarına hörmət etməli və İsrailin zorakılıqlarına dəstək verməməlidir. Yalnız bu halda bölgədə sabitlik yarana bilər və fələstinlilər öz vətənlərində sərbəst yaşaya bilərlər. Əks halda, ABŞ İsrailin zorakılığını dəstəklədikcə Qəzza və bütövlükdə Yaxın Şərqdə problemlər davam edəcək".

Günel Elxan