Tramp: İsrailin zərbələri Qəzzada atəşkəsi təhlükə altına qoymur Dünya

Tramp: İsrailin zərbələri Qəzzada atəşkəsi təhlükə altına qoymur

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, İsrailin son hava zərbələri Qəzzadakı atəşkəs razılaşmasını pozmayacaq.

Tramp bu fikri Tokiodan Cənubi Koreyaya uçarkən “Air Force One” təyyarəsində jurnalistlərə açıqlayıb.

O, bildirib ki, İsrail əsgərinin öldürülməsindən sonra hava hücumları həyata keçirilib və bu addımı “müvafiq cavab” adlandırıb.

“İsraillilər cavab verməlidirlər və belə hallarda bu, tamamilə təbiidir. Heç nə atəşkəsi təhlükə altına qoymayacaq”, — Tramp vurğulayıb.

ABŞ Prezidenti həmçinin HAMAS-ı “Yaxın Şərqdə sülhün çox kiçik bir hissəsi” adlandıraraq, “əgər onlar razılaşmaya əməl etsələr, yaxşı olacaq, yox əgər etməsələr — məhv ediləcəklər”, deyib.

Tramp qeyd edib ki, Qəzzada atəşkəs planının ikinci mərhələsinə keçid prosesdədir. Bu plan israilli girovların azad edilməsi və Qəzzanın bərpası kimi müddəaları özündə ehtiva edir.

Qeyd edək ki, oktyabrın 10-da qüvvəyə minmiş atəşkəs razılaşmasına baxmayaraq, İsrailin son hücumlarında ən azı 60-dan çox fələstinli, o cümlədən uşaqlar həlak olub.