Aİ müdafiə komissarı: Rusiya növbəti 2-4 il ərzində NATO-nu sınağa çəkə bilər Dünya

Aİ müdafiə komissarı: Rusiya növbəti 2-4 il ərzində NATO-nu sınağa çəkə bilər

"Rusiya qarşıdakı illərdə NATO müdafiəsini “sınaqdan keçirmək” üçün Baltik ölkələrindən birinə hücum edəb bilər".

APA xəbər verir ki, bu barədə Avropa İttifaqının müdafiə komissarı Andrius Kubilius bu gün Vilnüsdə keçirilən “Baltikanın Müdafiəsi 2025: Ukraynadan müharibə dərsləri” adlı konfransında çıxışı zamanı bildirib.

Kubiliusun sözlərinə görə, Baltik regionunun müdafiəsini gücləndirməyin təcili olmasının əsas səbəbi Almaniya, Danimarka, Finlandiya, Niderland və Baltik ölkələrinin kəşfiyyat orqanlarının son açıqlamalarıdır.

“Bu açıqlamalara əsasən, Putin 2030-cu ildən əvvəl – növbəti iki və ya dörd il ərzində NATO-nun 5-ci maddəsini sınaqdan keçirməyə hazır ola bilər”, – o qeyd edib.

Müdafiə komissarı bildirib ki, belə bir halda Baltik ölkələri Kreml aqressiyasının “ən mümkün hədəflərindən biri” ola bilər.

“Bu həm NATO-ya, həm də bütün Avropa İttifaqına qarşı təhdid olacaq”, – Kubilius vurğulayıb.

O, Aİ və NATO ölkələrini Ukraynanın Rusiya ilə mübarizəsindən dərs çıxarmağa və müdafiə planlarını sürətləndirməyə çağırıb: “Əsas mesajım budur: müdafiəyə necə hazır olmağı ukraynalılardan soruşaq və onların təcrübəsindən istifadə edək”.