İsrailin mövqeyi dəyişmir: Fələstin dövləti yaradılmayacaq Dünya

İsrailin mövqeyi dəyişmir: Fələstin dövləti yaradılmayacaq

Elşən Manafov: “İsrail ABŞ-ın dəstəyi ilə beynəlxalq münasibətlərdə beynəlxalq qanunvericiliyin aliliyin iflic edir”

İsrailin Baş naziri Benyamin Netanyahu bəyan edib ki, İsrail Fələstin dövlətinə qarşı mövqeyini dəyişmir.

Reuters-in məlumatına görə, bu açıqlama ABŞ tərəfindən dəstəklənən və Fələstin müstəqilliyinə aparan mümkün yolu dəstəkləyən bəyanata görə sağçı koalisiya tərəfdaşlarının etirazlarından sonra səsləndirilib.

Netanyahu bu açıqlamanı, İsrailin əsas müttəfiqi olan ABŞ və çoxsaylı müsəlman ölkələrinin Prezident Donald Trampın Qəzza sülh planını dəstəkləyən BMT qətnamə layihəsini təsdiqləməsindən iki gün sonra edib. Onların fikrincə, bu proses Fələstin dövlətçiliyinə yol aça bilər.

Qeyd edək ki, 15 üzvlü BMT Təhlükəsizlik Şurası noyabrın 7-də layihə üzərində danışıqlara başlayıb. Qətnamə layihəsi Trampın Qəzzada “Sülh Şurası” adlı keçid administrasiyası yaratmağı nəzərdə tutan təklifinə əsaslanır və müharibədən sonrakı bərpa, iqtisadi dirçəliş kimi məsələləri əhatə edir.

Trampın 20 maddəlik planında bir bənd var ki, əgər Fələstin Administrasiyasında islahatlar olsa, “Fələstin xalqının arzusu kimi tanıdığımız öz müqəddəratını təyinetmə və dövlətçiliyə aparan etibarlı yol üçün şərtlər nəhayət formalaşa bilər”.

İsrail müdafiə naziri İsrail Katz isə özünün X səhifəsində yazıb ki, İsrailin siyasəti dəyişməzdir. Fələstin dövləti yaradılmayacaq.


“İsrail Müdafiə Ordusu Hermon dağının zirvəsində və təhlükəsizlik zonasındakı mövqelərində qalacaq. Qəzza zolağı sonuncu tunelədək demilitarizasiya olunacaq, HƏMAS isə sarı xətdə İsrail ordusu tərəfindən, Qəzzanın köhnə sektorunda isə beynəlxalq qüvvələr və ya İsrail tərəfindən silahsızlaşdırılacaq”, - Katz bildirib.

Qeyd edək ki, İsrail və HƏMAS arasında atəşkəs 10 oktyabrda qüvvəyə minib və tərəflər razılaşmaya əməl edəcəklərini bildiriblər.

İsrail Baş naziri Benyamin Netanyahu isə deyib ki, istənilən ərazidə Fələstin dövlətinin yaradılmasına qarşı çıxmağımız dəyişməyib.

“Asan və ya çətin yolla, Qəzza, HƏMAS silahsızlaşdırılacaq. Mənə təsdiqlərə, tvitlərə və ya mühazirələrə ehtiyac yoxdur”, - Netanyahu bildirib.

Bu arada HAMAS-ın ABŞ-ın Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb

HAMAS-ın sözçüsü Hazim Qasim “əl-Cəzira”ya verdiyi açıqlamada bildirib ki, ABŞ-ın BMT Təhlükəsizlik Şurasına (TŞ) göndərdiyi Qəzza zolağı ilə bağlı qətnamə layihəsi qəbul edilərsə, bu, anklavdakı vəziyyəti yaxşılaşdırmayacaq.

"ABŞ-ın qətnamə layihəsinin düzəlişləri və əsas müddəaları Qəzzadakı vəziyyəti sabitləşdirməyə yönəlməyib", - o bildirib.

Qasimin sözlərinə görə, ABŞ qətnaməsinə alternativ olaraq atəşkəs rejimini gücləndirəcək və Qəzza zolağında beynəlxalq sülhməramlı qüvvələrin yaradılmasına imkan verəcək başqa bir sənəd qəbul etmək olar.

HAMAS sözçüsü qeyd edib ki, hərəkat BMT TŞ-nin Qəzza zolağına, Qərb sahilinə və Qüdsə qarşı İsrail təcavüzünün qarşısını alacaq və Fələstin xalqının öz müqəddəratını təyin etmək hüququnu təmin edəcək bir qətnamə qəbul etməsində israr edir.

Qeyd edək ki, 2023-ci il 7 oktyabr tarixində silahlı münaqişənin kəskinləşməsindən indiyədək Qəzza zolağında 69 483 nəfər ölüb, 170 706 nəfər yaralanıb.

Hadisələrin bu istiqamətdə cərəyan etdiyi bir dğnəmdə Fələstinin konstitusiya layihəsi üzərində iş bitmək üzrədir.

Fələstin Azadlıq Təşkilatının (FAT) icra komitəsinin üzvü Əhməd Məcdalani məlumat verib ki, Fələstinin konstitusiya layihəsi üzərində iş başa çatmaq üzrədir və komitə son versiyasını 24 noyabr tarixinə qədər Prezident Mahmud Abbasa təqdim etmək niyyətindədir.

Onun sözlərinə görə, müvəqqəti konstitusiyanın əksər bölmələri Prezident Mahmud Abbasın müəyyən etdiyi cədvələ uyğun olaraq konstitusiya komitəsi tərəfindən hazırlanıb.

"Hazırda konstitusiyanın bölmələrinin yenidən nəzərdən keçirilməsinin son mərhələsindəyik", - o bildirib.

Məcdalani əlavə edib ki, konstitusiya komitəsi mətnin bütün bölmələrini nəzərdən keçirmək üçün 17 noyabrda görüşəcək.

Gələcək Fələstin dövlətinin ərazi əsaslarına gəldikdə, rəsmi bildirib ki, konstitusiya layihəsi 1967-ci il sərhədlərini saxlayacaq. Yəni Qəzza zolağı və Qərb sahili, o cümlədən Şərqi Qüds də ölkə sərhədlərinə daxil olacaq.

Politoloq Elşən Manafov qəzetimizə açıqlamasında deyib ki, ABŞ prezidenti Trampın Fələstin probleminin nizamlanması məqsədilə irəli sürdüyü "Sülh şurası" adlı keçid admistrasiyası gerçəkdə ancaq İsrailin, habelə ABŞ-ın özünün bölgədəki maraqlarına cavab verir və BMT TŞ -nin bəlli problemin həlli məqsədilə zamanında qəbul etdiyi qətnamələrlə ziddiyyət təşkil edir, zira həmin qətnamələr Fələstin xalqının öz dövlətini yaratmaq istəyini etiraf etməklə, İsrailə işğal olunmuş ərazilərdən qoşunların çıxarılmasını təklif edirdi. Trampın Qəzza əhalisinin köçürülməsi ilə bağlı təklifi, habelə ərazinin zonalara bölünməsi, onlara nəzarətin İsrailə və beynəlxalq qüvvələrə həvalə etməsi, bu zaman ərəb dövlətlərinin problemlə bağlı təkliflərinin nəzərə alınmaması problemin həllinə deyil, konservləşdirilməsinə, onu İsrailin xeyrinə həll etmək üçün daha münasib zamanın yetişə biləcəyi ilə bağlı məqamlara hesablanıb: “Qəzza əhalisinin hüquqi və siyasi anlamda təmsilçisi sayıla biləcək HƏMAS-ın çıxdaş edilməsinə xidmət edən layihə heç bir vəchlə problemin ədalətli həllinə zəmanət vermir. HƏMAS-ı silahsızlaşdırmaq, onu İsrailin təcavüzü qarşısında müdafiəsiz qoymaq Qəzza əhlininə İsrail tərəfibdən edilən haqsızlıqlara qarşı dolayısı yolla dəstək verməkdən başqa bir şey deyil. HƏMAS-ın Trampın sülh şərtlərini qəbul edib danışıqlar masası arxasına keçməsi onun sonda silahı yerə qoyacağı anlamında qəbul olunmamalıdır. HƏMAS Qəzzaya humanitar dəhlizin açılması və Qəzza əhlini labud aclıq faktorundan qurtulmasına nail olmaq məqsədilə müvəqqəti olaraq geri çəkilib və onun İsrail təcavuzunə qarşı müqaviməti dayandıracağı inandırıcı təsir bağışlamır. Bundan əlavə Qərb FAT və HƏMAS arasında Qəzzanın perspektiv idarəediciliyi ilə bağlı məsələlərə münasibətdə fərqli mövqe və baxışlardan bəhrələnmək istəyir, buna görə də Fələstini təmsil edən məlum təşkilatlar arasında munasibətləri "parçala və hökm sür" prinsipinin şərtlərinə rəgmən dərinləşdirir, münasibətlərdə etimadsızlıq mühitinin formalaşmasına nail olmaq istəyir. Qərbin bu siyasəti bəlli ərəb dövlətlərinin İsraillə "İbrahim razılaşmaları adlı" çalışmalarında, digər tərəfdən isə ayri ayrı ərəb siyasi istibleşmentlərinin İran siyasi elitası ilə münasibətlərində nifaq və qarşıdurmanın güclənməsinə xidmət edən siyasətində də, özunu göstərir.

İsrailin HƏMAS-a qarşı antiterror mübarizəsi adı altında ona mandat vermiş Qəzza əhlinə divan tutması faktını artıq təkcə Turkiyə, habelə digər musəlman ölkələri deyil, Avropa dövlətlərinin siyasi dairələri də etiraf edirlər. Lakin sionizmə ABŞ tərəfindən verilən rəsmi dövlət dəstəyi İsraili Fələstinə münasibətdə bundan sonra da beynəlxalq hüquq və onun tələblərinə saymazyana yanaşmasına əsas verir, beynəlxalq münasibətlərdə beynəlxalq qanunvericiliyin aliliyin iflic edir”.

Onu da qeyd edək ki, BMT Təhlükəsizlik Şurası ABŞ Prezidenti Donald Trampın Qəzza ilə bağlı qətnaməsini qəbul edib.

“Röyters”in məlumatına görə, bildirilib ki, 17 noyabr tarixində BMT Təhlükəsizlik Şurası qətnamə ilə bağlı səsvermə keçirib. Rusiya və Çin səsvermədə bitərəf qalıb.

Bu qətnamə Trampın Qəzzadakı müharibəyə son qoymaq planını təsdiqləyir və Fələstin anklavı üçün beynəlxalq sabitləşmə qüvvələrinin yaradılmasına icazə verir.

Qeyd edək ki, İsrail və HƏMAS ötən ay 20 maddəlik planın birinci mərhələsi – iki illik müharibədə atəşkəs və girovların azad edilməsi barədə razılığa gəliblər.

Cavid