“Bölünmüş Ukrayna” ssenarisi addım-addım gerçəkliyə çevrilir Dünya

“Bölünmüş Ukrayna” ssenarisi addım-addım gerçəkliyə çevrilir

ABŞ prezidenti Donald Trumpın hal-hazırda Rusiya Ukrayna müharibəsinin dayandırılması üçün irəli sürdüyü sülh planı ətrafında gedən müzakirələr fonunda ən çox belə bir sual ortaya çıxır ki, niyə görə ABŞ Ukraynanın qələbəsini istəmir?
Politoloq Vüqar Dadaşovun fikrincə, bir neçə səbəb var, səbəblərdən biri də, Ukrayna uğur qazanarsa, ABŞ-ın Avropa İttifaqına təsiri azalacaq. Həmçinin, Ukraynanın elmi-texniki və insan resurslarını potensialını nəzərə alsaq, Ukraynanın yeni Avropanın yeni güc mərkəzinə çevrilməsi gözləniləndir. ABŞ nəinki, Ukraynanın, bütünlüklə Avropanın güclənməsində qəti maraqlı deyil. Yəni, ABŞ Avropanı öz təsir dairəsində saxlamaq üçün, zəif Avropa daimi Rusiya təhlükəsini hiss etməlidir. Bu ABŞ - ın qlobal güc statusunu, və iqtisadi gəlirlərini təmin etməyə imkan verir.
Ötən gün Donald Tramp sosial şəbəkədə Avropa liderlərini ayağının altına alan və özünü imperator formasında yenidən bir paylaşım etməsi həmin qənaətin bir subutu kimi təqdim etmək olar. Rusiyanın məğlubiyyəti və Çin faktoru da əsas şərtlərdəndir: “Əlbəttə ki, Rusiyanın Ukrayna qarşıslnda məğlubiyyəti həm də Çinin daha da güclənməsini sürətləndirəcək. Çin həm ərazicə, həm də Rusiyanın təbii ehtiyatları ilə öz gücünü əhəmiyyətli dərəcədə artıra bilər. Məlumdur ki, Çin artıq Rusiyanın daxilinə nüfuz edib, miqrasiya - “sülh ekspansiyası” və iqtisadi ilə və Rusiyanın məğlubiyyəti fonunda Çinin də bu savaşdan daha xeyirli çıxacağı tam gözləniləndir. Məhz bu səbəbdəndir ki, Çin Ukrayna müharibəsinin davamında maraqlıdır və hər bir növ Rusiyaya yardımını davam etdirir. Bu səbəbdən də rəqabətdə olduğu real rəqibi Çinlə qlobal mübarizəsində Çinə yeni şanslar vermək niyyətində deyil. Donald Tramp niyə Ukraynanın, Zelenskinin qələbəsini istəmir? Burada həm də şəxsi münasibətlər təsirlidir. Artıq gizli deyil ki, Tramp Zelenskiyə Putin qədər nifrət edir. Digər sual doğuran məqam isə Donald Trampın Rusiya ilə şübhə yaradan keçmiş əlaqələri də müzakirə edilir. Trampın sonuncu təklif etdiyi sülh sazişi bütün tezisləri əvvəllər rəsmi Moskvanın təklif etdiyi atəşkəs şərtləri ilə eynilik təşkil edir. Təkcə bu fakt, Trampın Ukraynanın məğlub edilməsinə çalışmasının doğurduğu sualları cavabsız saxlayır”.
Siyasi şərhçi Mürtəza Bünyadlı isə deyib ki, Rusiya–Ukrayna müharibəsinin gedişində sülh danışıqları istiqamətində hərəkətlənmə müşahidə olunur. Tramp administrasiyasının təqdim etdiyi sülh planı Ukraynanı və avropalı müttəfiqləri tam razı salmadığından Kiyev və Vaşinqton Cenevrədə sənəd üzərində işləyərək yenilənmiş variant hazırlayıb. Hazırkı mərhələdə tərəflər bu variantı daha məqbul hesab edirlər: “Kiyevin əsas tələbləri iki istiqamətdə cəmlənir: Rusiya aqressiyasından etibarlı təhlükəsizlik təminatları, ərazi bütövlüyü ilə bağlı aydın mexanizmlər. ABŞ dövlət katibi Mark Rubio bəyan edib ki, qalan məsələlər noyabrın 27-dək razılaşdırıla bilər, lakin prosesi uzadan fundamental məqamlar – təhlükəsizlik zəmanətləri və ərazi məsələləridir. Vaşinqton eyni zamanda Avropa İttifaqının (Aİ) mövqeyini də nəzərə almağa çalışır”.
O, qeyd edib ki, Avropa İttifaqı münaqişənin həlli ilə bağlı 24 bəndlik alternativ sənəd hazırlayaraq beynəlxalq ictimaiyyətə təqdim edib. Bu sənəd Trampın planından ciddi şəkildə fərqlənmir, ancaq Aİ Ukraynanın təhlükəsizliyinin NATO və ya Avropa İttifaqına üzvlük yolu ilə təmin edilə biləcəyini açıq şəkildə vurğulayır. Sənəddə həmçinin Ukrayna Silahlı Qüvvələrinə və müdafiə sənayesinə məhdudiyyətsiz dəstək, ölkənin tam bərpası, həmçinin Rusiya aktivlərinin dondurulması kimi maddələr yer alır: “Dayanıqlı sülh əldə olunacağı təqdirdə Moskvaya qarşı sanksiyalar mərhələli şəkildə yumşaldıla, razılaşma pozularsa, yenidən tətbiq oluna bilər.
Hər iki sənəd müharibənin tam və dayanıqlı şəkildə bitməsi üçün yetərli deyil. Ən böyük problemlər sülhü təmin edən mexanizmlərin zəifliyi; Rusiyanın razılaşmaya əməl edib-etməyəcəyi ilə bağlı qeyri-müəyyənlik; müddət və icra mexanizmlərinin qeyri-şəffaflığı ilə bağlıdır”.
M.Bünyadlınin fikrincə, Ukrayna etibarlı təhlükəsizlik təminatları əldə edəcəyi təqdirdə “dondurulmuş münaqişə” fazasında sürətli bərpa və yenidənqurma işlərinə başlaya, iqtisadi sabitlik qazanaraq siyasi riskləri azalda, xarici investisiya və təhlükəsizlik tərəfdaşlığı genişlənə bilər. Bu da öz növbəsində Ukraynanın uzunmüddətli perspektivdə mövqelərini gücləndirməklə digər hədəflərinə də nail olmasına geniş imkanlar yarada bilər. Bunun üçün İkinci Dünya Müharibəsi dövründə SSRİ-Finlandiya, SSRİ-Almaniya, SSRİ-Yaponiya təcrübəsinə nəzər salmaq yetər.
Moskva İkinci Dünya Müharibəsinin yekununda qalib olsa da, hədəflərinə nail ola bilmədi. 45 ildən sonra parçalanmış Almaniya yenidən birləşdi. Finlandiya və Yaponiya dünyanın ən inkişaf etmiş ölkələri səviyyəsinə qalxdı. Uğursuz daxili və xarici siyasəti nəticəsində SSRİ 1991-ci ildə rəsmi olaraq iflasa uğradı. Özünü SSRİ-nin varisi elan edən Rusiya qlobal təhlükəsizlik sisteminə təhdid yaratsa da, bugünkü reallıqlar nəticəsində iqtisadi cəhətdən inkişaf edib insanlarının sosial rifah halında yaşayacağı modern bir ölkəyə çevrilməsi inandırıcı deyil. Çünki Rusiyanın iqtisadi və institusional cəhətdən dayanıqlı inkişaf modeli yoxdur: «Digər mühüm məqam isə korrupsiya, rüşvət və idarəetmədəki çatışmazlıqlar, eyni zamanda ölkəni idarə edənlərin imperiya düşüncələrindən xilas ola bilməməsi, Rusiyanın sivil və modern ölkəyə çevrilməsinə ciddi maneə yaradır. Təbii ki, bu amillər də Moskvaya uzunmüddətli və kompleks sülh öhdəliklərini icra etməkdə çətinlik yaradır. Kiyevi və Avropanı da narahat edən məsələ budur. Amma indiki şəraitdə Ukraynanın Rusiya cəbhəsində uğurlar əldə edərək hədəflərə nail olması mümkünsüz görünür. Qərbin dəstəyinə baxmayaraq Kiyev müharibə də hələ də ciddi dəyişiklik əldə edə bilmir. Qərbdən aldığı dəstəklə Ukrayna ordusu yalnız rus ordusunun sürətli əks-hücum əməliyyatının qarşısını ala bilir. Rus ordusu zamanla işğal ərazisini genişləndirir və Qərb də bunu görür. Cəbhədə ciddi dönüşün olmaması, kollektiv Qərbin Ukrayna məsələsində fərqli mövqeyi, yanşamaları, maraqların toqquşması, yeni dünya nizamının formalaşması uğrunda gedən qlobal, regional geosiyasi mübarizələr Qərbi Moskva ilə məcburi razılaşmalara vadar edir.
Mövcud qlobal geosiyasi qarşıdurma fonunda tam və dayanıqlı sülhün tezliklə əldə olunacağı da real görünmür. Bununla belə, aktiv döyüş fazasından çıxış və atəşkəsin əldə olunması indiki şəraitdə ən optimal və praktik variantdır. Atəşkəs Ukraynaya nəfəs almaq, iqtisadi-siyasi sabitliyi bərpa etmək, Qərb ölkələrinə isə daha funksional təhlükəsizlik arxitekturası qurmaq imkanı verə bilər.
Sülh danışıqları müharibədən daha yaxşı və məqsədəuyğundur. Bu proses uzansa da, tərəfləri masaya gətirən hər bir addım bölgənin gələcəyi üçün strateji əhəmiyyət daşıyır”.

Politoloq Elxan Şükürlünün fikrincə, Qərb, eləcə də Ukrayna mediası Trampın Zelenskiyə təqdim etdiyi 28 maddəlik Sülh Planının mətnini yayıb və ona 1 həftə vaxt verildiyini açıqlayıb.
Mətn və məlumat gerçəkdirsə, bu, faktiki olaraq, Putinin müharibənin ilk vaxtlarındakı şərtlərinin əksəriyyətinin qəbul edilməsi, Ukraynanın bölüşdürülməsi və işğalın rəsmiləşməsi deməkdir!
Plana görə, Ukrayna “yüksək təhlükəsizlik zəmanətləri qarşılığında” təkcə Krımdan yox, Donetsk və Luqanskdan da birdəfəlik əl çəkməli olacaq, rus qoşunları isə Xerson və Zaporojyedə tutduqları mövqelərdə qalacaqlar!
Ukraynanın suverenliyi də yalnız sənəd üzərində qalacaq: praktik olaraq, o, tamamilə ABŞ, Avropa İttifaqı və Rusiyadan asılı, gələcək taleyi xarici güclərin əlində olan ərazi halına düşəcək: “Beləliklə, Harvard Universitetinin Araşdırmalar Mərkəzinin professoru, məşhur sosioloq Samuel Hantinqtonun hələ 1996-cı ildə çap olunan “Sivilizasiyaların toquşması və dünya nizamının yenidən təşkili” kitabında göstərdiyi “Bölünmüş Ukrayna” ssenarisi addım-addım gerçəkliyə çevrilir.
Əslində, ABŞ-ın bütün dünya boyu apardığı siyasətin mahiyyətini və Rusiyaya da dünya nizamında hansı rolun ayrıldığını bilən ağıllı başlar, ciddi analitiklər Ukrayna savaşının məhz bu sonluqla yekunlaşacağını öncədən proqnozlaşdırır, deyirdilər.
Hətta başqa bir nüfuzlu amerikalı - Henri Kissincer müharibə başlayan vaxt açıq şəkildə demişdi ki, Ukraynda sülh üçün o, ərazilərinin bir hissəsindən imtina etməli olacaq.
Ancaq təəssüf ki, bütün dünya boyu aparılan təbliğat bu ağıllı başların sözlərini özünü böyük bir yalana inandırmış axmaqlar və boşboğazlar sürüsünün, yalançı vətənpərvərlərin əliylə möhkəmləndirilmiş kütlə şüuru gurultusunda eşidilməz etmişdi!
Budur, son 4 ildə özünü Zelenskinin “Ukraynanın azadlığı və bütövlüyü uğrunda mübarizə aparan qəhrəman” olduğuna inandıranlar indi onu hakimiyyətə gətirən biznes şəriklərinin müharibənin qızğın dövründə Ukrayna əsgəri üçün ayrılan vəsaiti necə əclaflıqla mənimsədiklərini, talayıb xaricə daşıdıqlarını heyrətamiz təşvişlə izləyirlər. ABŞ-ın Ukraynanı meydanda tək qoymayacağına inananlar isə Tramp administrasiyasının bu cinayət faktlarını – korrupsiya ilgəyini indi Zelenskinin xirtdəyinə necə keçirdiyini və onu Putinlə razılaşma üçün necə səylə çalışdığını böyük məyusluq əhvalı, peşimançılıq göz yaşları içərisində seyr edirlər...”

Cavid