Polşa Gürcüstan vətəndaşlarına sadələşdirilmiş iş vizasının verilməsini dayandırıb Dünya

Polşa Gürcüstan vətəndaşlarına sadələşdirilmiş iş vizasının verilməsini dayandırıb

Bu gündən etibarən Polşada Gürcüstan vətəndaşlarına iş vizasının sadələşdirilmiş prosedur üzrə verilməsi dayandırılıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Polşa hökuməti qərar qəbul edib.

Qərara əsasən, Polşada iş vizası olan Gürcüstan vətəndaşları onun müddətinin başa çatmasına qədər işləməkdə davam edə biləcəklər. Yeni qərarın qüvvəyə minməsinə qədər Polşa səfirliyinə daxil olan bütün müraciətlərə köhnə qaydalar üzrə baxılacaq.

Qeyd edək ki, bundan öncə Polşada işəgötürən Gürcüstan vətəndaşının işə götürülməsi barədə yerli ofisə ərizə təqdim edirdi və bundan sonra səfirliyə müraciət edib müsahibənin aparılmasına ehtiyac olmurdu. İş vizası 2 il müddətinə verilir.

Gürcüstan vətəndaşları üçün qaydaların dəyişdirilməsi barədə qərar bu ilin avqustunda qəbul olunub. Polşanın Ailə, Əmək və Sosial Müdafiə Nazirliyindən bildirilib ki, yeni qaydalar Avropa İttifaqının Gürcüstanda hazırkı siyasi vəziyyətlə əlaqədar olaraq vizasız rejimin mümkün məhdudlaşdırılması barədə danışıqların başlaması ilə bağlıdır.

2024-cü ildə Polşada işləyən Gürcüstan vətəndaşlarının sayı 47 086 nəfər təşkil edib.

Hazırda Polşada iş vizalarının verilməsi üzrə sadələşdirilmiş qaydalar Ermənistan, Belarus, Moldova və Ukrayna vətəndaşlarına şamil olunur.