ATƏT-in Baş katibi Avropanı Ukraynada eskalasiyanı azaltmağa çağırıb Dünya

ATƏT-in Baş katibi Avropanı Ukraynada eskalasiyanı azaltmağa çağırıb

ATƏT-in Baş katibi Feridun Sinirlioğlu Avropa ölkələrini Ukrayna müharibəsində eskalasiyanı azaltmağa və dialoq yolunu tutmağa çağırıb.

O, bu barədə “Derstandard”da yayımlanan məqaləsində bildirib.

“Müharibə dayandırılsa, iki məsələ qaçılmaz olacaq. Birincisi, istənilən razılaşma davamlı olmalıdır və buna görə də etibarlı monitorinq təşkil edilməlidir. ATƏT bu işi görməyə hazırdır. Bizə müraciət olunsa, demilitarizasiya zonalarının yaradılmasında, ağır silahların geri çəkilməsinin yoxlanılmasında, hərbi rəsmilər arasında əlaqələrin qurulması və digər məsələlərdə yardım məqsədilə sürətli şəkildə öz ekspertlərimizi oraya göndərə bilərik”, - Sinirlioğlu qeyd edib.

Onun sözlərinə görə, ikinci qaçılmaz məsələ Avropanın itirilənləri yenidən qurmaq məcburiyyətidir: “Təhlükəsizlik arxitekturamız artıq qüsursuz deyil. Bu arxitekturanı davamlı nə iləsə əvəz etmək lazımdır. Elə bir şey ki, bizim sonu olmayan silah yarışlarına və münaqişələrə sövq edilməyimizə mane olsun. Bunun üçün də dialoq lazımdır, illüziyalar yox”.

ATƏT-in Baş katibi Avropanın dialoqa başlamağa cəsarəti olmadığı təqdirdə, ağır bədəl ödəyəcəyi ilə bağlı xəbərdarlıq edib: “Avropa dialoqa başlamasa, qeyri-stabillik, bölünmələr və təhdidlərlə ağır bədəl ödəyəcək. ATƏT isə fərqli bir yol təklif edir: dialoq yolu ilə eskalasiyanı yumşaltmaq, əməkdaşlıqla çıxılmaz vəziyyətdən çıxış yolu. Bu yol hamı üçün təhlükəsizlik yaradır”.