
Tramp da deyir ki, Ukraynada prezident seçkiləri keçirilməlidir
"Ukrayna münaqişəsində tərəflərdən heç biri Tramp administrasiyasının sülh planını dəstəkləməyib".
"The New York Times" yazır ki, əslində heç bir tərəf Tramp administrasiyasının planını dəstəkləməyib.
Keçən həftə Rusiya prezidenti Vladimir Putin Amerikanın müharibəyə son qoymaq təklifinin bəzi hissələrinin mümkünsüz olduğunu bəyan edib. Bu arada Ukrayna lideri Volodimir Zelenski sosial şəbəkədə yazıb ki, o, sülh razılaşmasına nail olmaq üçün “qətiyyətlə fəaliyyətini davam etdirəcək”.
NYT xatırladır ki, Zelenski sülh planını formalaşdırmaq üçün Trampla çətin münasibətləri olan Avropa liderlərinə arxalanır.
Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov isə bildirib ki, Rusiya ABŞ-ın Kiyevlə sülh planı ilə bağlı müzakirələrin nəticələrini gözləyir.
Onun sözlərinə görə, Moskva Vaşinqtonla müntəzəm əlaqə saxlayır.
Peskov Tramp administrasiyası ilə əlaqələrin davam edəcəyini, lakin müzakirələrin xarakterinin dəyişdiyini bildirib: “Amerikalılarla əlaqələr davam edir. Lakin bu artıq müzakirə mövzusu deyil. Hazırda amerikalılar Kiyevlə müzakirələr aparır. Bu müzakirələrin nəticələrini gözləyirik”.
ABŞ prezidenti Donald Tramp Kennedi İncəsənət Mərkəzində jurnalistlərlə söhbətində deyib ki, Vaşinqtonun Ukrayna münaqişəsinin həlli ilə bağlı təklif etdiyi sülh planı Rusiya tərəfi üçün məqbul görünür: “Rusiyaya gəldikdə, düşünürəm ki, bu təklif onları qane edir”.
Tramp həmçinin vurğulayıb ki, sənəd Ukrayna lideri Volodimir Zelenskini qane etmir, baxmayaraq ki, onun ətrafı planı dəstəkləyib: “Zelenskinin bunu bəyənmədiyinə əmin deyiləm. Onun komandasının xoşuna gəlib, amma Zelenski özü hələ oxumayıb.”
O, həmçinin qeyd edib ki, nə vaxtsa Tramp sülh sazişinin mümkünsüz olduğuna qərar verə bilər.
O, həmçinin vurğulayıb ki, Ukraynada prezident seçkiləri keçirilməlidir: “Bu halda ABŞ prezidenti sülh prosesindən geri çəkilə bilər. Hesab edirəm ki, Ukraynada prezident seçkiləri keçirilməlidir. Onlar müharibədən seçkidən yayınmaq üçün istifadə edir, amma düşünürəm ki, Ukrayna xalqının bu seçimi olmalıdır.
“Bəlkə də Ukrayna Prezidenti Vladimir Zelenski seçkidə qalib gələrdi. Kimin qalib gələcəyini bilmirəm, amma orada uzun müddətdir seçki keçirilməyib. Bilirsiniz, onlar demokratiyadan danışır, amma iş o yerə çatır ki, artıq bu, demokratiya deyil”, - o bildirib.
ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker “Foks Nyus” telekanalına açıqlamasında bildirib ki, ABŞ Prezidenti Donald Tramp Ukrayna və Rusiyaya sülh razılaşması əldə etmək üçün necə təzyiq göstərəcəyini bilir.
"Düşünürəm ki, biz əhəmiyyətli irəliləyiş əldə edirik. Prezident Tramp ruslara və ukraynalılara necə təzyiq göstərməli olduğunu bilir. Bilirsiniz, mən optimistəm, ümidliyəm", - o deyib.Uitaker söyləyib ki, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və ABŞ prezidentinin kürəkəni Cared Kuşner Ukrayna və Rusiyaya çoxmərhələli və mürəkkəb sazişin hazırlanmasına kömək edirlər.
ƏHD Partiyasının ictimai-siyasi əlaqələr üzrə katibi, politoloq Azər Qasımov deyib ki, Trampın təklif etdiyi sülh planının müharibə tərəflərini razı salması üçün durum müsait deyildi. Tərəflərini özlərinin haqlı hesab etdikləri şərait mövcud idi və bu durumda sülh planındakı şərtlərlə onların razılaşmayacağı öncədən bəlli idi.
Onun fikrincə, Rusiya Donbası tamamını tələb etməklə, Ukrayna isə Zaparoje AES, reparasiya, Donbasın yerdə qalan ərazilərinin Rusiyaya verilməsinin mümkünsüzlüyü və təhlükəsizlik zəmanəti ilə dörd məsələdə razı olmadığını bildirməklə təklif edilən sülh planından hər iki tərəf imtina etdilər. Trampın Ukraynaya və Rusiyaya olan mövqeyi birmənalı qarşılanmasa da ölümlərin qarşısını almaq üçün cəhd baxımından önəmli idi:
"ABŞ-ın yeni təhlükəsizlik doktrinasının elan edilməsindən sonra Avropanın NATO-ya olan ümidlərinin qırılması fonunda Rusiyanın ABŞ-la əlaqələrinin mahiyyəti gələcək proseslərin daha mürəkkəb ssenari üzrə cərəyan edəcəyi təhlükəsi yaratmaqla bərabər yeni dünya düzəninin artıq açıq konturlarını da cızır. Bu günə kimi yeni düzənin mahiyyətinin hələ nədən ibarət olduğunu dəqiq anlamaq mümkün olmadığı bir halda indi artıq bəlli olur ki, Rusiya və ABŞ bir cəbhədə, Avropa isə qarşı cəbhədə kimi görünür. Bu, demokratiya ilə avtoritarizmin qarşıdurması halını alır. Beynəlxalq imperializm anlayışının yenidən dirçəldilməsi kimi görünür. Dünyanın bölünməsinin ən pis şəkildə həyata keçirilməsi yolunun tutulduğu başa düşülür".
Poliroloq Elşən Manafovun fikrincə, Rusiya və Ukraynanın Tranpın sülh planını qəbul etməkdən imtina etmələri məlum planda tərəflərin maraqlarına cavab verməyən təkliflərlə əlaqədardır. Rusiya tərəfi bəyan edir ki, Trampın sülh planında Ukrayna tərəfinə edilən təkliflər və bunların müqabilində rəsmi Kiyevin Rusiyanın xeyrinə qəbul edə biləcəyi güzəştlər Moskvanı qane etmir, söhbət münaqişəyə qədər Ukraynaya aid olan ərazilərin Rusiyaya məxsusluğunu tanımaqla yanaşı, Donbasdan da, Rusiyanın xeyrinə imtina etməkdən gedir. Rusiya bəyan edir ki, bu güzəştlər onu qane etmir və hərbi əməliyyatların davam etdiriləcəyi təqdirdə o daha böyük ərazilərə sahib ola bilər, söhbət Xerson, Nikolayevsk və Odessanın da Rusiyanın ixtiyarına verilməsindən gedir: “Zelinski isə Avropa Birliyindəki havadarlarının təklifləri ilə bu güzəştlərə getməkdən imtina edib və sonadək döyüşəcəklərini bildirib. Əlbəttə, Zelinskinin mövqeyində pesvdo vətənpərvərlik və qəhrəmanlıq olmamış deyil, zira, o gözəl anlayır ki, Ukrayna öz resursları ilə Rusiyaya qarşı müharibə aparmaq iqtidarında deyil. Avropa Birliyinin dəstəyini (ABŞ-ın dəstəyindən o artıq məhrum olub) itirəcəyi təqdirdə onun Ukraynada hakimiyyəti itirəcəyi birmənalıdır. AB-ni isə Tramp və Putinin onun işturakı olmadan problemi çözmək üçün bir araya gəlməsi və onun geosiyasi oyundan kənarda qalmaq ehtimalı qane etmir. Ona görə də, AB-dəki havadarları Zelinskiyə tövsiyə edirlər ki, Ukraynanın təhlükəsizliyi ilə bağlı məsələlərdə Trampdan təminat alsın. Tramp isə Avropanın təhlükəsizliyi ilə bağlı problemlərin həllində ABŞ- ın iştirakı üçün NATO üzrə xərclərin qaldırılmasını tələb edir və NATO-nun gələcəkdə də, tərkibinin genişləndirilməsi ilə bağlı məsələlərdə AB-dəki müttəfiqlərinin baxışlarını bölüşdürmür. Ümumiyyətlə, Tramp hazırkı şəraitdə ABŞ xarici siyasətində təhlükəsizliklə bağlı problemlərin həllində prioritet istiqamətləri Avropadan Asiyaya yönəltməyi planlaşdırır və Çinlə perspektiv geosiyasi qarşıdurmada Rusiyanı öz qarşısında görməkdən çəkinir, buna görə də, Uzaq Şərqdə, habelə Arktikada Putinlə əməkdaşlığın perspektivlərinə ümidlə yanaşır, bu plana daha böyuk əhəmiyyət verir”.
O, qeyd edir ki, AB bəllidir ki, uzun müddət Ukraynaya hərbi və maliyyə dəstəyi vermək iqtidarında deyil, o özünün hərbi arsenalında olan ehtiyatların mühum hissəsin artıq bu müharibə dönəmində xərcləyib, maliyyə məsrəflərinə gəlincə isə o, Rusiyanın AB-nin banklarında (Qazpoma və Rosneftə aid olan) dondurulmuş 300 milyard avroluq səhmlərinin bir hissəsini Ukraynaya verməklə müharibənin uzanmasına çalışır və ümid edir ki, cəbhədə vəziyyətin tədricən dəyişməsinə çalışmaqla Ukrayna üçün daha əlverişli şərtlərlə sülh müqaviləsinin əldə edilməsinə nail ola bilər: “AB-nin üzvi olmasa da, Böyuk Britaniya da, bu şərtlər çərçivəsində müharibənin davam etdirilməsində maraqlıdır və burada onun maraqları dünyada AB-nə olan etibar və inamın sarsılmasındadır. Rusiyaya məxsus səhmlərin dondurulması və onun razılığı olmadan bəlli layihələrə yönləndirilməsi məlumdur ki, dünya çatında Avropa Birliyinin banklarına olan etibarın sarsılmasına, persperspektivdə nəhəng maliiyyə ehtiyatlarının anqlosaks banklarına yatırılmasına səbəb ola bilər ki, bu da Londonun ayrılıqda götürüldükdə beynəlxalq çəkisinin artması, Trampın qələbəsindən sonra ABŞ-da mövqeləri zəifləmiş qlobalistlərin London ətrafında toparlanmasına səbəb ola bilər”.
Cavid