Rəsmi Moskva Ukraynanı nüvə şantajında ittiham edib Dünya

Rəsmi Moskva Ukraynanı nüvə şantajında ittiham edib

Kiyevin nüvə şantajı ciddi narahatlıqlar doğurur, çünki bu, sözdə çirkli bomba yaratmaq və sonra onu saxta bayraq altında istifadə etmək riskini yaradır. APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Silahlı Qüvvələrinin Radiasiya, Kimyəvi və Bioloji Mühafizə Qoşunlarının rəisi, general-mayor Aleksey Rtişev bildirib.

O, Ukrayna Təhlükəsizlik Xidmətinin təlim proqramlarından birinin ionlaşdırıcı şüalanma mənbələrinin oğurlanması, partlayıcı qurğunun istehsalı və onun izdihamlı ərazidə partladılmasını simulyasiya etməsi istiqamətində olduğunu söyləyib.

Rusiyalı general Zelenskinin ofisinin keçmiş rəhbəri Andrey Yermakın AEBA və digər müvafiq təşkilatlara xəbər vermədən Ukraynaya işlənmiş nüvə yanacağının idxalına şəxsən nəzarət etdiyini qeyd edib. Vurğulayıb ki, nüvə yanacağının təchizat marşrutları Polşa və Rumıniya vasitəsilə təşkil edilib.

Rtişev onu da bildirib ki, USAID Ukrayna sakinləri üzərində dərman preparatlarının sınaqdan keçirilməsində iştirak edə bilər.