ABŞ-Rusiya tandemi ilə Avropa İttifaqı-Ukrayna arasında siyasi qarşıdurma yaraşanır Dünya

ABŞ-Rusiya tandemi  ilə Avropa İttifaqı-Ukrayna arasında siyasi qarşıdurma yaraşanır

Ukrayna Prezidenti Volodimir Zelenski Niderlandın Baş naziri Dik Sxof ilə birgə mətbuat konfransında bildirib ki, Rusiya-Ukrayna müharibəsinin sülh yolu ilə həllini müzakirə etmək üçün Ukrayna və ABŞ nümayəndə heyətlərinin növbəti görüşü yenə Mayamidə keçiriləcək. "RBK-Ukrayna" isə xəbər verir ki, Zelenski danışıqlarda iştirak etməyəcəyini açıqlayıb.

"ABŞ-də Ukrayna ilə danışıqlar qrupları səviyyəsində görüş olacaq. Məncə, yaxın günlərdə – ola bilsin, həftəsonu, ola bilsin, bir az sonra", – deyə Zelenski qeyd edib.

O dəqiqləşdirib ki, danışıqlarda təhlükəsizlik zəmanətləri, Ukrayna iqtisadiyyatının bərpası və çərçivə sazişinin 20 bəndi müzakirə olunacaq.

Ukrayna-Rusiya danışıqlarının dalana dirəndiyi bir vaxtda Almaniya kansleri Fridrix Merz isə Ukraynada Milad bayramı ərəfəsində atəşkəsə ümid etdiyini bildirib. Avropa və Ukrayna liderlərinin, eləcə də Berlində keçirilən görüşdən sonra amerikalı nümayəndələrin verdiyi nikbin bəyanatlar bu perspektivi bir qədər də yaxınlaşdırıb.

“Ekonomist” nəşrindəki məqalədə bildirilib ki, siyasətçilər döyüş əməliyyatları dayandırıldıqdan sonra Ukraynaya NATO-ya bənzər təhlükəsizlik zəmanətləri və iqtisadi dəstək paketinin razılaşdırıldığını açıqlayıblar. Lakin bir çox detallar hələ də aydın deyil və onların əksəriyyəti əlavə danışıqlar tələb edir:

“Mühüm məqam ondan ibarətdir ki, bu təkliflər hələ Rusiyaya təqdim edilməyib və şübhəsiz ki, onların bir çoxuna Kreml etiraz edəcək. Əslində isə heç kim bilmir ki, Rusiya lideri Vladimir Putin artıq dörd ilə yaxındır davam edən hücumunu dayandırmaqda ümumiyyətlə maraqlıdır, ya yox.

Eyni zamanda, Ukrayna üçün dilemma dəyişməz qalır: etibarlı təhlükəsizlik zəmanətləri olmadan atəşkəs razılaşması çərçivəsində ərazilərdən imtina etməyə razı ola bilməz. Lakin zəmanətlər nə qədər güclü olarsa, Rusiyanın onları rədd etmə ehtimalı da bir o qədər artır.

Nəticədə, Ukrayna və onun Avropadakı müttəfiqləri Tramp administrasiyasının mövqeyinin onların xeyrinə dəyişməsindən məmnun qala bilərlər. Amma Amerika Avropa ilə fərqi azaltdıqca, Rusiya ilə olan fərqi artırır. Üstəlik, ABŞ-ın təhlükəsizlik zəmanətlərinin dəyərini görmək çətindir, çünki ABŞ Ukrayna uğrunda Rusiya ilə müharibə aparmayacağını dəfələrlə bildirib”.

Belarus lideri Aleksandr Lukaşenko "Newsmax" televiziya kanalına müsahibəsində bildirib ki, Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski sülhə nail olmaq istəyir, lakin hərbi əməliyyatların necə yekunlaşması ilə bağlı mövqeləri fərqlənir.

O hesab edir ki, münaqişənin həlli məsələsində bir çox məqam ABŞ Prezidenti Donald Trampdan asılıdır.

"İndi bir çox şey Trampın və Birləşmiş Ştatların mövqeyindən asılıdır. Əsas odur ki, Tramp bu mövqedən geri çəkilməsin", - Lukaşenko deyib.

O vurğulayıb ki, münaqişənin nizamlanması çoxtərəfli prosesdir və Tramp bu məsələni təkbaşına həll edə bilməz.

Belarus Prezidentinin sözlərinə görə, razılaşmaların hazırlanması prosesində uzunmüddətli sülhü təmin edəcək müəyyən zəmanətlər lazımdır.

"Rusiya bunun daimi olması üçün təminatlar istəyir. Ukrayna da bunda maraqlıdır. Tramp təminatçı qismində çıxış etməyə hazırdır. Hər şey var. Buna görə də sürəti artırmaq lazımdır", - Lukaşenko deyib.

Polşa Prezidenti Karol Navrotski isə ölkəsinin göstərdiyi yardıma görə ukraynalı həmkarı Vladimir Zelenskini nankorluqda ittiham edib.

Navrotski “Wiadomosci” nəşrinə müsahibəsində bu barədə deyib ki, Zelenskinin son bir neçə ildə Polşanın yardımını adi bir şey kimi qəbul etdiyi təəssüratı yaranıb.

"Bizimlə danışıqlara, danışmağa ehtiyac yoxdur, çünki biz artıq iştirak etmişik və hər şeyi vermişik", - deyə o, kinayəli şəkildə vurğulayıb.

Polşa lideri həmçinin Varşava ilə Kiyev arasında "tərəfdaşlıq elementi"nin itirildiyini bildirib.

Intermarium İnstitutunun direktoru, politoloq Valentin Qayday qəzetimizə verdiyi açıqlamasında Belarus prezidentini itihamlayıb. O, deyib ki, ABŞ prezident administrasiyası son vaxtlar Belarus lideri Lukaşenkoya müəyyən qədər yaxınlaşmağa başlayıb. Son iki ayda amerikalılar Belarusun “Belavia” aviaşirkətinə, indi isə “Belaruskali”yə qarşı sanksiyaları ləğv edib, həmçinin Lukaşenkoya qol düymələri və Trampın açıqcasını hədiyyə ediblər. Əvəzində Lukaşenko bir neçə yüz siyasi məhbusu və ümumilikdə girovları, o cümlədən Belarus müxalifətinin liderləri: Tixanovski, Babariko, Kolesnikova və başqalarını azad etdi: “Belarus müxalifətinə şübhə ilə yanaşırdım, çünki o, təşkilatlanmamış və Lukaşenkonu devirmək iqtidarında deyildi və bu azad edilmiş müxalifətçilər bizim və ya Avropa üçün beşinci təkər kimi idi. Amma burada fərqlidir. Amerika taktikasının özü, prinsipcə, düzgündür: Lukaşenko ilə dialoq və bir sıra Belarus müəssisələrinə qarşı sanksiyaların götürülməsi yolu ilə onun Rusiyadan asılılığını azaltmağa cəhd etmək olar. Bu, bizim və Avropanın 2020-2021-ci illərdə etməli olduğu şey idi - sanksiyalar tətbiq etmək və Belarusu təcrid etmək deyil, hətta saxta seçkilərə və etirazların yatırılmasına baxmayaraq, onunla dialoqu normallaşdırmağa çalışmaq. Əlbəttə, Lukaşenko, xüsusən də Ukraynaya qarşı təcavüzdə şərik olduqdan sonra Səddam Hüseynin iştirakına layiqdir. Amma... Lukaşenkonun Rusiyaya tabe olmasında və əslində Ukraynaya qarşı müharibənin iştirakçısına çevrilməsində biz – həm Ukrayna, həm də Qərb – qismən günahkarıq. Özünüz düşünün: 2020-2021-ci illərdə Lukaşenkoya qarşı sanksiyalar tətbiq olundu, Belarus Avropadan maksimum təcrid olundu.

Belə şəraitdə o, Rusiyadan kritik asılı vəziyyətə düşüb, son nəticədə onun vassalına çevrilib. Bəs o, bizim, Aİ və Rusiya Federasiyası arasında manevr etməyə davam edə bilsəydi?

Lakin Lukaşenkonun hökumət sistemində işləyən belaruslu dostum məni inandırdı ki, Lukaşenko yenə də Rusiyanı dəstəkləyəcək və Ukrayna Belarus ərazisindən rus qoşunları tərəfindən işğal olunmağa məhkumdur. Bəlkə də belədir, amma yenə də seçmək hüququ olan Lukaşenko Putinin dabanı altında olan Lukaşenkodan yaxşıdır. Üstəlik, o, siyasi məhbusları geri qaytarmayacaq və sanksiyalar hər zaman bərpa oluna bilər. Baxmayaraq ki, Lukaşenkonun hələ də çoxlu girovları var və o, Tixanovski və ya Babariko qədər əhəmiyyətli olmasa da, hər zaman yenilərini cəlb edə bilir. Amma nəzərə alsaq ki, Lukaşenko hiyləgər qoca tülküdür, onun Trampla oynaya biləcəyi istisna deyil və o, məsuliyyətdən yayınsa, ayıb olar, çünki o, asılmağa layiqdir. Əgər kimsə düşünürsə ki, Belarusa qarşı sanksiyaların yumşaldılması Rusiyaya hansısa şəkildə əhəmiyyətli dərəcədə kömək edəcək, yanılırlar. Rusiya gübrə zavodları ya heç sanksiyaya məruz qalmır, ya da minimal sanksiyalar altındadır. Belarus isə 2022-ci ildən əvvəl olmasa da, bütün bu müddət ərzində Rusiya ilə Qərb arasında ticarətdə vasitəçi olub”.

Politoloq Məhəmməd Əsədullazadə isə deyib ki, Almaniyada ABŞ-Ukrayna danışıqları nəticəsiz olub: “Trampın xüsusi nümayəndəsi Uitkofun Donbasın Rusiyaya verilməsi müqabilində sülhün əldə edilməsi və Ukraynanın NATO-dan imtina təklifləri var. Qeyd edim ki, Ukrayna NATO-dan imtina edə bilər. Amma, Zelenki Ukraynaya təhlükəsizlik təminatının verilməsini tələb edir. Bunun üçün Ukraynanın müdafiəsi üçün ABŞ Konqresində qanun layihəsinin qəbul edilməsini tələb edir. ABŞ Ukraynanın hər iki təklifini qəbul etmir. Bu kontekstdə danışıqlar aparılır. V. Zelenki ABŞ təklifi ilə ərazi güzəştinə getməyəcək. Bu, ilk növbədə onun səlahiyyətində deyil. Qeyd edim ki, bu danışıqların Avropada keçirilməsi Ukraynanın əlini gücləndirir.

Rusiya Donbasın ona verilməsini tələb edir. Hazırda Ukrayna Avropa İttifaqının dəstəyi ilə Rusiya -ABŞ qarşısında öz mövqeyini qoruyur.

Demək olar ki, ABŞ-Rusiya tandemi ilə Avropa İttifaqı-Ukrayna arasında siyasi qarşıdurma yaraşanır. Bu siyasi qarşıdurmada tərəflər arasında prinsipial fikir ayrılıqları qalmaqdadır. ABŞ administrasiyasının Avropa İttifaqı ilə deyil, Rusiya ilə anlaşma əldə etməsi Qərb Alyansında uzun illər formalaşmış ABŞ -Avropa İttifaqında dərin çat yaradıb. Bu beynəlxalq siyasi nizamın deqradasiyaya uğramasına gətirib çıxarır”.

Cavid