Moskvada avtomobil partlayıb, sürücü ağır yaralanıb - YENİLƏNİB-1 Dünya

Moskvada avtomobil partlayıb, sürücü ağır yaralanıb - YENİLƏNİB-1

Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Operativ Hazırlıq İdarəsinin rəisi general-leytenant Fanil Sarvarov Moskvada avtomobil partlayışında həlak olub.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

Bildirilib ki, 22 dekabr səhər saatlarında Moskvanın Yasenevaya küçəsində avtomobilin altına qoyulmuş partlayıcı qurğu partladılıb. Nəticədə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Operativ Hazırlıq İdarəsinin rəisi general-leytenant Fanil Sarvarov aldığı xəsarətlər nəticəsində ölüb.

Faktla bağlı cinayət işi açılıb.

İstintaq Komitəsi qeyd edib ki, "Qətllə bağlı istintaq müxtəlif versiyalar irəli sürür. Onlardan biri cinayətin Ukrayna xüsusi xidmət orqanları tərəfindən təşkil edilməsidir".

***

10:12

Moskvada avtomobildə partladılan şəxs Rusiya Silahlı Qüvvələrinin general-mayoru Fanil Sarvarov olub.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə "ЕЖ" teleqram kanalı MNS-ə istinadən məlumat yayıb.

Bildirilib ki, Moskvada Rusiya Silahlı Qüvvələrinin general-mayoru Fanil Sarvarova sui-qəsd cəhdi edilib. Partlayış Yasenevaya küçəsindəki yaşayış binasının həyətində, o, "Kia Sorento" markalı avtomobilinə minərkən baş verib. Maşına ciddi ziyan dəyib və Sarvarov nəqliyyat vasitəsindən çıxarılıb. O, çoxsaylı qəlpə yaraları və sınıq xəsarətləri alıb və ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

İlkin məlumatlara görə, sürücü oturacağının altına əldəqayırma partlayıcı qurğu qoyulub.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin səbəblərini araşdırırlar.

***

09:46

Moskvada avtomobil partlayıb, sürücü ağır yaralanıb.

APA-nın Rusiya bürosu xəbər verir ki, insident Moskvanın cənubunda, Orexovo-Borisovo rayonunda baş verib.

Səhər 7 radələrində 56 yaşlı kişi avtomobilinə əyləşdikdən sonra partlayış baş verib. Nəticədə kişi ağır yaralanıb.

Partlayış zamanı daha 7 avtomobilə ziyan dəyib.

Rusiya İstintaq Komitəsi faktla bağlı cinayət işi açıb, araşdırma aparılır.

Rəsmi qurumlar partlayışın səbəbini dəqiqləşdirməyiblər. "SHOT" teleqram kanalı avtomobilin altına partlayıcı qurğu qoyulduğunu və avtomobil hərəkət etməyə başladıqdan bir neçə saniyə sonra partlayış baş verdiyini yazıb.

Moskvada Rusiya ordusunun generalı avtomobilində partladılaraq öldürülüb- YENİLƏNİB-1