ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib Dünya

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) dekabr ayında Venesuela sahillərində yerləşən, guya narkotik qaçaqmalçılığında istifadə olunan limana zərbə endirib.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

ABŞ Prezidenti Donald Trump daha əvvəl Venesueladan narkotik qaçaqmalçılığında guya istifadə olunan bir əraziyə zərbə endirildiyini təsdiqləmişdi.

Lakin hücumun həyata keçirildiyi obyektin dəqiq yerləşdiyi yer açıqlanmamışdı. Nəşrin mənbələrinin bildirdiyinə görə, Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) Bolivar Respublikası sahillərində yerləşən, ucqar bir limana pilotsuz uçuş aparatı ilə zərbə endirib. Hücum zamanı obyektdə insanlar olmayıb, nəticədə limana yan alan gəmilər və limanın özü tamamilə məhv edilib. Kəşfiyyat məlumatlarının əldə olunmasında MKİ-yə ABŞ-ın Xüsusi Əməliyyat Qüvvələri dəstək göstərib.

Telekanal vurğulayıb ki, zərbə “böyük ölçüdə simvolik xarakter” daşıyıb. Bununla belə, Venesuela ərazisində yerləşən bir obyektə hücumun həyata keçirilməsi faktı “ABŞ ilə Venesuela Prezidenti Nicolas Maduro arasında gərginliyin əhəmiyyətli dərəcədə artmasına səbəb ola bilər”.

26 dekabr tarixində Tramp WABC radiostansiyasına verdiyi müsahibədə bildirmişdi ki, bundan iki gün əvvəl ABŞ narkotik qaçaqmalçılığında istifadə olunduğu ehtimal edilən iri bir zavod və ya obyektə zərbə endirib.