Maduronun oğurlanması Çinin planını pozdu Dünya

Maduronun oğurlanması Çinin planını pozdu

“Veneseuala Prezidenti Nikolas Maduronun oğurlanaraq ABŞ-yə aparılması Çinin kəskin reaksiyasına səbəb olub. Pekini həm də o narahat edir ki, Maduro oğurlanmazdan bir gün əvvəl paytaxt Karakasda Çindən gələn nümayəndə heyətini qəbul etmişdi. Deməli, Vaşinqton Maduronun oğurlanmasını planlaşdırarkən, Çinlə Venesuela arasındakı sıx əlaqələri nəzərə almayıb”.

Bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

Ekspertin fikrincə, Çin üçün Venesuela Latın Amerika qitəsində möhkəmlənmək üçün vasitə idi:

“Ona görə də Maduronun oğurlanaraq ABŞ-yə aparılması Çinin maraqlarına da ciddi zərbədir. Nikolas Maduro 2023-cü ildə Pekində Çin Sədri Si Cinpinlə görüşündə ikitərəfli münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini bəyan etmişdi. İki liderin 2025-ci ilin mayında Moskvada keçirilən son görüşü zamanı Si Cinpin Maduroya bildirmişdi ki, Çin Venesuela ilə münasibətlərə strateji və uzunmüddətli perspektivdən baxır. Bunu da qeyd etmişdi ki, Pekin Venesuelanın dövlət suverenliyi və sosial sabitliyinin qorunmasını qətiyyətlə dəstəkləyəcək.

ABŞ Venesuelaya nəzarəti ələ keçirdikdən sonra bu ölkənin Kuba, Rusiya, İran və Çinlə münasibətlərini zəiflətməyə çalışacaq. Bunu həmin ölkələr də anlayırlar. Çinin Venesueladakı milyardlarla dollar yatırımlarının gələcəyi sual altındadır. ABŞ Venesuelada müxtəlif layihələr həyata keçirən Çin şirkətlərinin fəaliyyətinə məhdudiyyətlər qoya bilər. Məsələn, Çinin neft şirkətlərindən biri 2024-cü ildə 1 milyard dollar yatırımla Venesuela hökuməti ilə 20 illik müqavilə imzalamışdı”.

Elxan Şahinoğlu əlavə edib ki, Pekinin ABŞ vasitəsilə Venesuela neftini alıb-almayacağı və ya Venesuela ilə mövcud razılaşmaların davam edib-etməyəcəyi hələlik məlum deyil:

“Çin Venesuelanın ən böyük kreditoru və ən böyük neft alıcısıdır, bu xam neft ixracının 80 faizindən çoxunu təşkil edir. Bundan başqa, Çin Si Cinpinin həyata keçirdiyi “Bir Kəmər, Bir Yol” təşəbbüsü çərçivəsində Venesuelada mədənçilik və infrastruktur sahələrində əsas investordur. İki ölkə arasında 2024-cü ildə ikitərəfli ticarətin həcmi 6,4 milyard ABŞ dollarına çatmışdı ki, bu ondan əvvəlki illər müqayisədə 52,5 faiz artım demək idi. Venesuelanın Çinə təxminən 12 milyard dollar borcu olduğu təxmin edilir. Əlbəttə, bu, Çin üçün böyük vəsait deyil, ancaq Pekinin iqtisadi fəaliyyətinin daralması deməkdir.

Pekin ABŞ-dən Nikolas Maduro və həyat yoldaşı Siliya Adela Flores de Maduronun sərbəst buraxılmasını tələb edib. Bəllidir ki, bunun reallaşması mümkün deyil. Bunu Pekin də anlayır. Buna baxmayaraq, Pekin çalışacaq ki, Venesuelada formalaşacaq yeni hakimiyyət Vaşinqtonun təzyiqləri qarşısında Çinlə iqtisadi əlaqələrdən imtina etməsin. Bunun alınıb-alınmayacağını gələcək aylar göstərəcək”.