Rusiya ordusunda xidmət edən əcnəbilərin ekstradisiyası qadağan edilə bilər Dünya

Rusiya ordusunda xidmət edən əcnəbilərin ekstradisiyası qadağan edilə bilər

Rusiya ordusunda xidmət edən əcnəbilərin ekstradisiyası qadağan edilə bilər.

APA-nın Moskva bürosu xəbər verir ki, Dövlət Duması Rusiya Silahlı Qüvvələrində xidmət edən əcnəbilərin ekstradisiyasının qadağan edilməsini dəstəkləyib.

Dumanın Dövlət Quruculuğu və Qanunvericilik Komitəsi parlamentin aşağı palatasına Rusiya Silahlı Qüvvələrində xidmət edən əcnəbilərin cinayət məsuliyyətinə cəlb edilmək üçün digər ölkələrə ekstradisiyasını qadağan edən qanun layihəsini birinci oxunuşda qəbul etməyi tövsiyə edib.

Qanun layihəsi Rusiya hökuməti tərəfindən Dövlət Dumasına Rusiya Federasiyası Cinayət Prosessual Məcəlləsinin 464-cü maddəsinə ("Şəxsin ekstradisiyasından imtina") düzəlişlər təklif edərək təqdim edilib.

Təşəbbüs bu cür sorğuların Rusiya Silahlı Qüvvələrində və ya digər hərbi birləşmələrdə müqavilə əsasında xidmət edən və ya Rusiya Silahlı Qüvvələrinin tərkibində döyüş əməliyyatlarında iştirak edən xarici vətəndaşa və ya vətəndaşlığı olmayan şəxsə aid olduğu hallarda şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi və ya hökmün icrası üçün xarici dövlətə ekstradisiyasından imtina edilməsini nəzərdə tutur.

Qeyd edək ki, Azərbaycan daxil olmaqla bir sıra ölkələrin qanunvericiliyində vətəndaşların xarici ölkələrin silahlı birləşmələrində iştirakı ağır cinayət hesab olunur. Azərbaycan Cinayət Məcəlləsinə əsasən muzdluluq, yəni hərbi münaqişədə və hərbi əməliyyatlarda iştirak edən dövlətin vətəndaşı olmayan, onun ərazisində daimi yaşamayan, habelə rəsmi vəzifələrin yerinə yetirilməsi üçün göndərilməyən, maddi mükafat əldə etmək məqsədilə fəaliyyət göstərmək, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qrupların fəaliyyətində iştirak etmə cinayət hesab olunaraq, bu əməllərə görə müəyyən müddətə (8 ildən 20 ilədək) və ya ömürlük azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulur.