11:20
616
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın şimalındakı hadisələrdən danışıb.
APA-nın Türkiyə mediasına istinadən xəbərinə görə, Ərdoğan “prosesi həssaslıqla idarə etməli olduqlarını” bildirib.
“Hələbin YPG ünsürlərindən təmizlənməsi Suriyada davamlı sülh, əmin-amanlıq və təhlükəsizliyin bərqərar olması baxımından əhəmiyyətli bir nailiyyətdir”, - o deyib.
Ərdoğan Türkiyənin təhlükəsizliyini təhdid edəcək hər hansı bir vəziyyətin yaranmaması üçün bütün lazımi tədbirlərin görüldüyünü bəyan edib. O, PKK terror təşkilatının Suriyada uzantısı olan YPG/SDQ-nin maksimalist və irrasional tələblərinə baxmayaraq, Suriya hökumətinin əhatəli bir yanaşma ilə hərəkət etdiyini və bu yanaşmanın davam etdirilməsinin Suriya xalqının xeyrinə olacağını əlavə edib.
Türkiyə Prezidenti mehriban qonşuluq münasibətlərinin əhəmiyyətini də vurğulayıb:
“Türklər, ərəblər və kürdlər arasında qardaşlığın pozulmasına icazə verə bilmərik, prosesi həssaslıqla idarə etməli və təxribatlara qarşı ehtiyatlı olmalıyıq. Bu regionda sonsuza qədər birlikdə yaşayacağıq. Biz bütün bölgəmizdə davamlı sülhün bərqərar olmasının tərəfdarıyıq”.