Moskvanın Zaporojye AES planı: Enerjini Ukrayna ilə bölmək istəyirlər Dünya

Moskvanın Zaporojye AES planı: Enerjini Ukrayna ilə bölmək istəyirlər

Rusiya Əbu-Dabi danışıqları zamanı Zaporojye Atom Elektrik Stansiyasında (AES) istehsal olunan enerjinin Ukrayna ilə bölünməsi ideyasını irəli sürüb.

Bu barədə ABŞ rəsmiləri məlumat veriblər.

Mənbənin sözlərinə görə, bu həftə keçirilən danışıqların böyük hissəsi iqtisadi məsələlərə, xüsusilə də hazırda Rusiya qoşunlarının işğalı altında olan Zaporojye AES-ə kimin nəzarət edəcəyi mövzusuna həsr olunub.

Nəşr qeyd edir ki, tərəflər arasında hələlik yekun razılıq əldə olunmayıb. Lakin Moskva Avropanın ən böyük atom elektrik stansiyasında istehsal olunan enerjinin Rusiya və Ukrayna arasında bölünməsində israrlıdır.

Xatırladaq ki, Rusiya hərbçiləri müvəqqəti işğal altında olan Zaporojye AES-i hərbi texnika üçün bazaya və PUA pilotları üçün təlim poliqonuna çeviriblər.

Stansiyanın statusu sülh danışıqlarında həlledici rollardan birini oynayır. Rəsmi Kiyev obyektin birgə idarə olunmasına qəti etiraz edir. Onlar hesab edir ki, bu, stansiya üzərində Rusiyanın nəzarətinin qanuniləşməsi deməkdir. Məlumata görə, ABŞ tərəfi də sülh sazişində öz iqtisadi maraqlarını təşviq etmək imkanı kimi Zaporojye AES-ə maraq göstərir.