Tramp Xamenei ilə dil tapa biləcək? Dünya

Tramp Xamenei ilə dil tapa biləcək?

ABŞ administrasiyası İranla danışıqların Omanda keçirilməsinə razılıq verib. "Axios" portalının məlumatına görə, danışıqların fevralın 6-da baş tutacağı gözlənilir.

Danışıqların gözlənildiyi bir zamanda “Röyters” məlumat yayıb ki, ABŞ hərbçiləri Ərəbistan dənizində ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus aviadaşıyıcıya yaxınlaşan İran pilotsuz uçuş aparatını vurub. Bildirilib ki, İranın "Şahid-139" PUA-sı “Abraam Linkoln” aviadaşıyıcısına yaxınlaşırmış.

“Voll Strit Jurnal”ın isə məlumatına görə, İran katerləri Hörmüz boğazında Amerika tankerini tutmağa cəhd edib.

Bildirilib ki, fevralın 3-ü səhər İran qayıqları Hörmüz boğazında ABŞ neft tankerinə yaxınlaşaraq dayanmağı əmr edib. Hadisə Vaşinqtonun bölgədə artan hərbi iştirakı fonunda baş verib.

Dəniz təhlükəsizliyi şirkəti olan “Vanguard Tech”in informasiyasına görə, 50 kalibrli pulemyotlarla silahlanmış altı İran qayığı strateji əhəmiyyətli su yoluna girərkən tankerə yaxınlaşaraq ekipajdan mühərrikləri söndürməyi tələb edib.

Lakin gəmi sürətlənib və tezliklə Amerika hərbi gəmisi tərəfindən müşayiət olunub.

ABŞ rəsmiləri məlumatı təsdiqləyiblər.

“Tasnim” xəbər agentliyi isə mənbəyə istinadən məlumat yayıb ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) pilotsuz uçuş aparatı (PUA) bütün tapşırıqlarını uğurla yerinə yetirib və əlaqə kəsilməzdən əvvəl lazımi məlumatları ötürüb.

Bildirilib ki, İran hakimiyyəti hazırda PUA ilə əlaqənin kəsilməsinin səbəbini müəyyən edə bilmir və araşdırma aparılır. Mənbə qeyd edib ki, “Şahed-129” dronu normal və qanuni missiyasının bir hissəsi olaraq açıq sularda kəşfiyyat və fotoçəkilişlər aparırmış.

Amma hələ də ABŞ-ın İrana hücumu planı Trampın masası üzərindədəir.

Mövzu ilə bağlı qəzetimizə danışan güney azərbaycanlı hüquq müdafiəçisi, tədqiqatçı Maşallah Rəzmi deyib ki, ABŞ-la İran arasında münasibət o qədər kəskinləşib ki, yaxın günlərdə ABŞ-nin hücumu reallaşa bilər: “Əgər İran geri çəkilərsə, razılaşma əldə olunar və müharibə baş verməz. Bəs İran ABŞ-nin şərtlərini qəbul edərsə və müharibə baş verməzsə proseslər necə cərəyan edəcək? ABŞ istəyir ki, İran nüvə silahına sahiblənmək iddiasından geri çəkilsin, 440 kq zənginləşdirilmiş uranı təhvil versin, uzaqmənzilli-ballistik raket proqramının dayandırsın və (Hizbullah, HƏMAS, Hislər və s.) terror təşkilatlarına dəstəyini kəssin: “İran danışıqlara hazır olduğunu deyir, amma ABŞ-nin istəkləri, şərtlərini qəbul edib geri çəkilməyə hazır deyil. ABŞ bilir ki, İran həmişə müzakirələrdən vaxt qazanmaq üçün istifadə edib. Tramp İranla danışıqlar aparıb bir nəticə əldə etməyə hazır deyil. Mənim fikrimcə, İran ABŞ-ın istəklərini, şərtlərini qəbul etməyəcək, yox əgər qəbul edərsə, İran hökuməti onsuz da süqut edəcək. Əgər İran yalnız xarici düşmənlə üzləşsəydi vəziyyətdən çıxa bilərdi, amma indi həm xarici, həm daxildən təzyiqlə üzləşib. Millətlə hökumət arasına qan düşüb. Yanvarın 8-9-da millət etiraza qalxdı, on minlərlə insan öldürüldü, bu zaman hökumət necə dayana bilər. Artıq hökumət ölkəni idarə edə bilmədiyini anlayıb, bütün sahələrdə geriləmə var, millət sosial problemlər içində boğulur. Dövlətin ancaq adı var, bütün səlahiyyət Xameneinin əlində cəmləşib. Əgər müharibə olmazsa rejim millətə qan uddurmaqda davam edəcək. Bu rejimi ya xarici müdaxilə ilə, ya da daxildən millətin ayağa qalxması ilə dəyişmək mümkün olacaq”.

M.Rəzmi onu da vurğulayıb ki, əgər İran ABŞ-nin şərtlərini qəbul etməsə, o zaman müharibə başlayacaq, Vaşinqton Tehrana hücum edəcək. Qonşu ölkələr tərəflər arasında vasitəçilik edirlər ki, bu müharibə başlamasın: “Hətta deyilir ki, Səudiyyə Ərəbistanının müdafiə naziri şahzadə Xalid bin Salman Vaşinqtona gedib və deyib ki, İrana hücum edilməsin. Əgər ABŞ İrana hücum edərsə o zaman İran da ABŞ-nin müəyyən ölkələrdə yerləşdirdiyi hərbi bazalarını vuracaq. Amma nazir onu da deyib ki, əgər ABŞ İrana hücum etmək qərarına gələrsə, birdəfəlik etsin, yəni rejim çöksün. O da deyilir ki, ABŞ öncə İranın rəhbəri və ətrafını aradan götürsün. Digər bir ehtimal da odur ki, ABŞ SEPAH-ın nöqtələrini susdursun, İranın hərbi strateji obyektləri, zavodlarını bombalasın. ABŞ istəmir ki, müharibə uzun çəksin. Trampın da fikri odur ki, hücumu sürətlə və tez bir zamanda həyata keçirsin. Amma ABŞ-nin Venesuelada həyata keçirdiyi hərbi əməliyyatı İranda edə bilməz. ABŞ ancaq yuxarıda qeyd etdiyim hərbi nöqtələri vura bilər. O da deyilir ki, ABŞ-nin əlində elə güclü silahlar var ki, dünyanın heç bir ölkəsində yoxdur. Çalışır ki, həmin silahlardan istifadə edib İranı durdursun, yeni bir modern müharibəni nümayiş etdirsin. Onu da deyim ki, İranda güc strukturlarının elə bölmələri var ki, 47 ildir millətə zülm edirlər, onlar yenə də öz işlərini davam etdirəcəklər. Belə bir vəziyyət yaranarsa, Xəzər dənizindən İran körfəzinə qədər təlatüm yaşanacaq. İranın 15 qonşusu var, 7-si quru, 8-i su ilə sərhəd qonşusudur. Onların heç biri bu hadisələrdən təsirlənməyə bilməz, o cümlədən Güney Azərbaycanda da milli hərəkatın yeni bir forması yarana bilər”.

Cavid