İran Almaniya Baş naziri Merzin açıqlamasına sərt reaksiya verdi Dünya

İran Almaniya Baş naziri Merzin açıqlamasına sərt reaksiya verdi

İran Xarici İşlər naziri Abbas Əraqçi Almaniya Baş naziri Friedrich Merzin “İrana təzyiqi artırmağa hazırıq” açıqlamasına etirazını bildirib.

Xalqcebhesi.az xəbər verir ki, Əraqçi ABŞ mərkəzli "X" şirkətinin sosial media platformasındakı hesabından paylaşım edərək Merzin İran siyasətini tənqid edib.

O bildirib ki, bir zamanlar Avropanı irəli aparan Almaniya bu gün Avropanın geriləməsinə səbəb olur:“Keçən ilin sentyabr ayında Nyu-Yorkda, Merzin təkidi ilə E3 ölkələri İranla BMT sanksiyalarının bərpasını izləyərək nüvə danışıqlarındakı rollarını sona çatdırdılar. İndi isə Merz eyni danışıqlara yenidən qəbulu üçün demək olar ki, yalvarır.”

Əraqçi həmçinin Merzin 2025-ci ilin iyun ayında İsrailin təxminən 1000 iranlının ölümünə səbəb olan hücumları zamanı böyük həvəslə reaksiya verdiyini və İranın həftələr içində çökməsi ilə bağlı verdiyi açıqlamaları xatırladıb.

Əraqçi qeyd edib:“Biz iranlılar təəssüf ki, Merzin siyasi saf düşüncəsinə və narahat edici xarakterinə dair bir çox nümunələrlə qarşılaşmışıq. Almanlar çalışqanlığı və yaradıcılığı ilə insanlığa böyük töhfələr vermiş möhtəşəm bir xalqdır. İran isə Almaniya ilə güclü əlaqələri həmişə məmnuniyyətlə qarşılamışdır. Bu səbəbdən Merz kimi bir şəxsin bu gün Almaniyanı dünya səhnəsində təmsil etməsi ikiqat üzücüdür.

Almaniyaya daha təcrübəli və şərəfli siyasi rəhbərliyin qayıtmasını ümid edirik.”

Qeyd edək ki, Almaniya Baş naziri Merz dünən "X" hesabında paylaşım edərək demişdi:“Körfəz ölkələri ilə birlikdə bölgədə sülhü təşviq etmək istəyirik. Lakin İrandakı vəziyyət bunun qarşısında maneədir. Zorakılıq sona çatmalıdır. İranın nüvə proqramını tez bir zamanda sona çatdırmaq məqsədli danışıqlara qatılmağa və təzyiqi daha da artırmağa hazırıq.”

Məryəm Quliyeva