10:16
588
ABŞ və İran arasında Omanda keçiriləcək qarşıdakı danışıqların gündəliyi İslam Respublikasının nüvə proqramı ilə bağlı məsələlərlə məhdudlaşacaq.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Yaxın Şərq ölkələrindən birinin hökumətindəki mənbəyə istinadən İsrailin "Haaretz" qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, ABŞ İranın ballistik raket proqramı məsələsini, eləcə də Yaxın Şərqdə ümumi təhlükəsizlik mövzularını gündəlikdən çıxarmağa razılaşıb. Mənbənin bildirdiyinə görə, Vaşinqton bu şərtlərlə Qətər, Səudiyyə Ərəbistanı və Omanın təsiri altında razılaşıb. Qəzet vurğulayır ki, ümumilikdə Yaxın Şərq ölkələri ABŞ-a hərbi ssenaridən imtina edərək diplomatik həll yoluna üstünlük verməsi üçün təzyiq göstərirlər.
Cümə axşamı "Al-Monitor" portalı mənbələrə istinadən yazmışdı ki, İsrail hakimiyyəti ABŞ və İran arasında danışıqların gündəliyindən ballistik raket proqramı və regionun təhlükəsizliyi ilə bağlı digər məsələlərin çıxarılmasından narahatdır. Yəhudi dövlətinin rəhbərliyi hesab edir ki, Vaşinqton danışıqlar zamanı İsrailin mövqeyini nəzərə almaya bilər.
Məryəm Quliyeva