10:42
854
İsrail hakimiyyəti ABŞ-ni xəbərdar edib ki, zərurət yaranarsa, yəhudi dövləti Vaşinqtonun iştirakı olmadan, təkbaşına İran ərazisinə zərbə endirə bilər.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə mənbələrə istinadən İsrailin "The Jerusalem Post" qəzeti yazıb.
Nəşrin məlumatına görə, müvafiq məlumat ötən həftə İsrail Müdafiə Nazirliyinin nümayəndələri tərəfindən Pentaqon rəsmilərinə çatdırılıb. İsrail tərəfi Vaşinqtona İranın ballistik raket proqramı ilə bağlı müəyyən şərtlər baş verərsə, həyata keçirə biləcəkləri zərbə planlarını təqdim edib.
“Biz amerikalılara bildirdik ki, İran ballistik raketlər məsələsində müəyyən etdiyimiz qırmızı xətti keçərsə, təkbaşına zərbə endirəcəyik”, — deyə İsrailin hərbi-siyasi rəhbərliyindəki mənbələrdən biri qəzetə bildirib.
Mənbə qeyd edib ki, hazırda İsrail tərəfi dərhal zərbə endirilməsini tələb edən şərait müşahidə etmir, lakin vəziyyəti izləməyə davam edir. İsrail nümayəndələri Vaşinqtonla dialoqda İranla bağlı hərəkət azadlığını özlərində saxladıqlarını vurğulayıblar.
Qəzetin yazdığına görə, İsrail hakimiyyəti eyni zamanda ABŞ-ın İrana zərbə endirmək qərarı verəcəyi təqdirdə belə, bu zərbələrin məhdud və simvolik xarakter daşıyacağından narahatdır. Bu isə hazırkı İsrail hökumətinin mövqeyi ilə ziddiyyət təşkil edir.
Məryəm Quliyeva