Avropa İttifaqı Ukraynanın qismən üzvlüyü üzrə plan hazırlayır Dünya

Avropa İttifaqı Ukraynanın qismən üzvlüyü üzrə plan hazırlayır

Avropa ölkələri 2027-ci ilə qədər Ukraynaya Avropa İttifaqında qismən üzvlük verilməsini nəzərdə tutan beş addımlıq plan hazırlayıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Politico" qəzeti 10 məmur və diplomata istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, plan çərçivəsində Ukrayna Aİ-də aparılan danışıqlarda iştirak edə biləcək və bu, ölkənin tam üzvlük üçün tələb olunan islahatları həyata keçirməsindən əvvəl baş verəcək.

Birinci addım Ukraynaya Aİ-yə üzvlük prosesinin hüquqi aspektlərinə dair danışıqlarda qeyri-rəsmi komandalarla təmsil olunmaq imkanı verilməsini nəzərdə tutur.

İkinci addım Avropa İttifaqına daxilolma prosedurudur. Qəzetin məlumatına görə, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Brüsseldə keçirilən görüş zamanı bir neçə variant və model təqdim edib. Onların arasında “əks genişlənmə” adlanan model də var.

Mənbənin sözlərinə görə, “əks genişlənmə” Ukraynanın əvvəlcə Aİ-yə qismən qoşulmasını, daha sonra isə ona tədricən hüquq və öhdəliklərin verilməsini nəzərdə tutur. Bu yolla Aİ rəhbərliyi müharibə və ya bəzi üzv dövlətlərin etirazları səbəbindən təşkilata qəbulunu gözləyən ölkələrə mesaj göndərmək istəyir.

Üçüncü addım Ukraynanın Aİ-yə üzvlüyü məsələsində Macarıstanın vetosunun aradan qaldırılması imkanlarının nəzərdən keçirilməsidir. Dördüncü bənd ABŞ prezidenti Donald Trampın Macarıstanın baş naziri Viktor Orban üzərində təsir göstərərək Budapeştin vetosunu aşmaq ehtimalını əhatə edir.

Beşinci bənd çərçivəsində isə Avropa İttifaqı Müqaviləsinin 7-ci maddəsindən istifadə etməklə Macarıstanın səsvermə hüququndan məhrum edilməsi ehtimalı nəzərdən keçirilir, — deyə məqalədə qeyd olunur.

Məryəm Quliyeva