11:07
868
"Rosatom" Rusiya dövlət korporasiyası Ermənistanda atom elektrik stansiyasının inşası layihəsinin həyata keçirilməsinə mümkün qədər tez başlamağı planlaşdırır.
APA xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin "İzvestiya" qəzetinə müsahibəsində danışıb.
"Rosatom, əlbəttə ki, erməni dostlarımızın tələblərini nəzərə alaraq, layihənin həyata keçirilməsinə qısa müddətdə başlamağa hazırdır. Etibarlı və sübut olunmuş texnologiyaların mövcudluğu, həmçinin maliyyə şərtlərinin cəlbediciliyi, o cümlədən inşaat, gələcəkdə istismar, mütəxəssislərin təhsil alması və yenidən hazırlanması ehtiyacını nəzərə alsaq, digər real alternativlər yoxdur”, – Qaluzin qeyd edib.
Qeyd edək ki, fevralın 6-da "Rosatom" dövlət korporasiyasının baş direktoru Aleksey Lixaçev Moskva şəhərində Ermənistan parlamentinin sədri Alen Simonyan ilə görüşüb. "Rosatom"un rəhbəri Ermənistan AES-in istismar müddətinin uzadılması ilə bağlı işlərin gedişatı barədə məlumat verib. Görüşdə, həmçinin Ermənistanda yeni enerji bloklarının inşası məsələsi müzakirə edilib.
Xatırladaq ki, 2023-cü ildə "Rosatom Servis" və "Ermənistan AES" ASC Ermənistan AES-in istismar müddətinin 2036-cı ilədək uzadılması ilə bağlı müqavilə imzalayıb.