Gürcüstan və Türkiyə hərbçiləri NATO-nun dəniz təlimində iştirak ediblər Dünya

Gürcüstan və Türkiyə hərbçiləri NATO-nun dəniz təlimində iştirak ediblər

Gürcüstanın Sərhəd Polisi və Sahil Mühafizəsi xidmətlərinin 11 əməkdaşı Türkiyədə NATO-nun "Dəniz mühafizəçisi" əməliyyatında (Operation Sea Guardian) iştirak edib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Sərhəd Polisi məlumat yayıb.

21 yanvar-9 fevral tarixləri arasında keçirilmiş təlimə Türkiyə Hərbi Dəniz Qüvvələrinin (HDQ) Xüsusi Əməliyyat Qüvvələrinin üzvləri də qatılıb. Təlim iştirakçıları Türkiyə HDQ-nin “TCG Gaziante (F-490)” freqatında yerləşdirilib.

NATO-nun "Dəniz mühafizəçisi" əməliyyatı hazırda Alyansın himayəsi altında fəaliyyət göstərən yeganə daimi dəniz təhlükəsizliyi əməliyyatıdır. Əsas vəzifələri dəniz məkanında terrorizmə qarşı mübarizə, sərbəst və təhlükəsiz naviqasiyanı təşviq etmək, dəniz təhlükəsizliyi sahəsində potensialı inkişaf etdirmək və gücləndirməkdir.

Qeyd edək ki, Tbilisi və Ankara arasında ötən ilin noyabrın 21-də imzalannmış texniki müqaviləyə əsasən Gürcüstan NATO-nun "Dəniz mühafizəçisi" əməliyyatında iştirak hüququ əldə edib.