Cenevrə danışıqları: müsbət tendensiya varmı? Dünya

Cenevrə danışıqları: müsbət tendensiya varmı?

Rusiya-Ukrayna müharibəsinin sona çatması yönündə danışıqlar davam edir. Növbəti danışıqlar fevralın 17-18-də ABŞ, Rusiya və Ukrayna nümayəndə heyətlərinin iştirakı ilə İsveçrənin Cenevrə şəhərində keçirilib.

Tərəflər müsbət tendensiyanın olduğunu bildirsələr də, ziddiyyətli məaqmlarla bağlı irəliləyişin əldə olunmadığı bəllidir.

Milli Məclisin deputatı Ceyhun Məmmədov söyləyib ki, bu görüşlər ilk dəfə deyil keçirilir: “Əvvəl də görüşlər keçirilib, dəfələrlə müzakirələr aparılıb. Proseslər onu göstərir ki, Rusiya tərəfinin hələ ki, müharibəni dayandırmaq fikri və niyyəti yoxdur. Rusiya çalışır ki, Ukraynanın daha çox ərazilərini işğal etsin. Ona görə də biz bu gün desək ki, proses yaxın vaxtda bitəcək hesab edirəm ki, düzgün olmaz. Danışıqların getməsi önəmlidir və ümid edirik ki, nəticələr olacaq”.

Deputat bildirib ki, bir tərəfdən də müşahidə olunan odur ki, hər iki tərəf müharibədən yorulub, tükənib: “Müharibənin aparılması böyük vəsait tələb edir. Ümid edirik ki, danışıqlarla müharibənin bitməsinə nail olunacaq. Amma proses çox ağırdır, mürəkkəbdir. Çünki prosesin gedişatı onu göstərir ki, xüsusilə Rusiya tərəfi buna hazır deyil və bu, bir müddət hələ davam edəcək”.

“Real irəliləyiş mövcud deyil”

Politoloq Elçin Xalidbəyli qeyd edib ki, son dövrlərdə ABŞ, Rusiya və Ukrayna arasında danışıqlar nisbətən intensiv xarakter daşıyır: “Ancaq hələlik real irəliləyiş mövcud deyil. Ona qədər də Ukrayna savaşının dayandırılması üzrə sülh danışıqlarında kifayət qədər ciddi cəhdlər göstərilib. Eyni zamanda, dəfələrlə bu savaşın sona çatma müddəti ilə bağlı ehtimallar irəli sürülüb. Ancaq bütün bunların heç biri real olaraq pozitiv nəticələnməyib. Əvvəlki raundlarda görüşlər keçirilsə, müzakirələr açılsa da, demək olar ki, münaqişə tərəfləri masadan nəticəsiz ayrılıblar”.

İrəliləyişlərin olma ehtimalı...

E.Xalidbəyli bildirib ki, hansısa irəliləyişlərin olma ehtimalı o qədər də inandırıcı görünmür: “Çünki burada əsas məsələlərdən biri ondan ibarətdir ki, Avropa dövlətləri sülh prosesinə qatılmaq niyyətində israrlı görünürlər. Onların da əsas tələbləri ondan ibarətdir ki, Rusiya sülh sazişi imzalandıqdan sonra Ukraynaya heç vaxt hərbi müdaxilə etməyəcəyi barədə zəmanət verməlidir. Avropada hesab edirlər ki, belə bir zəmanət yalnız Ukraynanı deyil, Avropa ölkələrinin də təhlükəsizliyi üçün böyük önəm daşıyır. Yəni Ukraynanı hələ də Avropa və Rusiya arasında təhlükəsizlik buferi kimi görürlər”.

Kremldə anlayırlar ki…

Politoloqun sözlərinə görə, digər tərəfdən Avropa Birliyi (AB) Ukraynanı 2027-ci ilə qədər qismən üzvlüyə qəbul etmək niyyətini artıq bəyan edib: “Rusiyada isə buna ciddi şəkildə etiraz edirlər. Çünki Kremldə anlayırlar ki, əgər Ukrayna AB-nin qismən də olsa üzvü olarsa, o zaman həm AB dövlətlərinin, həm də AB dövlətləri üzərindən NATO-nun hüquqi və siyasi cəhətdən dəstəyini özü üçün təmin etmiş olacaq. Çünki AB ölkələrinin böyük əksəriyyəti NATO-nun üzvləridir. Ukrayna da AB-nin üzvü olduqdan sonra Rusiyanın hər hansı müdaxiləsinə AB ölkələri də reaksiya vermək məcburiyyətindədir və bu, dolayısı ilə NATO çərçivəsinə qədər gedib çıxa biləcək bir prosesdir”.

“Kreml prosesləri savaş müstəvisinə çəkir”

O həmçinin deyib ki, yaxın gələcəkdə əgər Ukrayna Avropa İttifaqının qismən üzvü olarsa, o zaman Rusiya və NATO arasında qarşıdurmaya qədər gərginləşəcək bir prosesin başlanma ehtimalı var: “Kreml belə bir təhlükənin olduğunu nəzərə alaraq sülh danışıqlarından daha çox hərbi gərginliyin artırılmasına yönəlik addımlar atır. Son məlumatlara görə Rusiya iyun ayına qədər Ukraynaya qarşı daha dağıdıcı hərbi əməliyyatlar keçirmək üçün qüvvə toplamağa başlayıb. Bunun alternativi olaraq sülh variantının ön plana keçməsi üçün Kreml Rusiya və ABŞ arasında əldə olunmuş gizli anlaşmaların icrasını tələb edir. İndiki mərhələdə də bu, o qədər də real görünmür. Yəni belə anlaşılır ki, Kreml prosesləri savaş müstəvisinə çəkir və sülh masasında əlini möhkəmlətmək niyyəti güdür. Bu baxımdan hesab etmək olar ki, danışıqlar aparılmış olsa belə yaxın vaxtlarda Ukrayna savaşının dayandırılma ehtimalı o qədər də inandırıcı deyil”.

“Danışıqların baş tutması pozitiv hadisədir”

Politoloq Turan Rzayevin bildirdiyinə görə, danışıqlar olsa da həll məsələsi o qədər də asan deyil: “Çünki Rusiyanın maksimalist mövqeyi, Ukraynanın isə Avropa İttifaqından aldığı dəstəklə müharibəyə davam etmək istəməsi kimi məsələlər prosesin həllini çətinləşdirir və ortaq məxrəcə gəlmək imkanlarını minimuma endirir. Təbii ki, burada vasitəçi ABŞ-dir. ABŞ Rusiyaya da, Ukraynaya da təzyiq edir. Digər tərəfdən isə tərəfləri uzlaşdırmaq üçün əlindən gələni edir. Bu məsələlərin həlli bir raundluq deyil, ən azından dörd-beş görüşdə və mümkün dərəcədə konstruktiv və güzəşt xarakterli danışıqlar olmalıdır. Yəni hər iki tərəf faktiki olaraq kompromisə getməlidirlər. Əks təqdirdə, danışıqlar uzanacaq”.

Röya İsrafilova