Yaxın Şərqdə gərginlik pik həddə: ABŞ hücum edə bilər Dünya

Yaxın Şərqdə gərginlik pik həddə: ABŞ hücum edə bilər

Son günlər ABŞ ordusunun Yaxın Şərqdəki hazırlıqlarını başa vurduğu və prezident Donald Trampdan hücum əmri gözlədiyi müzakirə edilir. Son illərdə bölgəyə ən geniş hərbi qüvvə aparıldığı üçün Trampın İrana qarşı hədəfli hücumu, ardınca isə daha geniş hərbi hücumu nəzərdən keçirdiyi iddia edilir. Hətta bu hücumların hədəflərinin məlum olduğu da qeyd olunur.

Proseslərin ardı necə ola bilər?

Millət vəkilləri, siyasi ekspertlər sual ətrafında fikirlərini “Xalq Cəbhəsi” ilə bölüşüb.

Milli Məclisin deputatı Tural Gəncəliyev qeyd edib ki, ABŞ hərbi qüvvələrinin son zamanlar ən güclü şəkildə Yaxın Şərqə gətirildiyi və İran ətrafında olan hərbi bazalara yerləşdirildiyi məlumdur: “Hərbi güc nümayişi hətta 2003-cü il İraqa müdaxilədən öncə olan qüvvələrin sayından da daha çoxdur. Görünən odur ki, bu hərbi güc təkcə siyasi və diplomatik təzyiq vasitəsi deyil, eyni zamanda, hərbi komponentin qaçılmaz olduğunu göstərir. Çünki bu qədər güclərin toplanılması, onların Yaxın Şərqə transfer edilməsi, həmçinin ABŞ-nin hazırda iki ən böyük aviadaşıyıcısının Yaxın Şərqə Fars körfəzinə, Oman körfəzinə gətirilməsi ona dəlalət edir ki, hücum olacaq. Bu hücum təbii ki, ABŞ-nin tələbləri olan uranın zənginləşdirilməsinin dayandırılması, İranın raket proqramına son qoyulması və İranın dəstəklədiyi qruplara dəstəyinin son qoyulması tələbləri kimi səsləndirilir”.

Son hədəf

Deputat hesab edir ki, burada son hədəf İranda hakimiyyət dəyişikliyinə nail olmaqdır: “Hətta İran birinci qeyd olunmuş hədəfləri vursa belə hakimiyyət dəyişikliyi ABŞ-nin əsas hədəfi olduğundan hərbi müdaxilənin qaçılmaz olduğunu düşünürəm. Yəni hərbi müdaxilə olacaq. Lakin bir tərəfdən də digər məsələ yaranır ki, bu ssenari Venesuelada Maduroya qarşı edildi, ancaq Maduro ssenarisi İranda nə qədər müvəffəqiyyətli olacaq, bunu zaman göstərəcək. Çünki İran həm əhalisinin sayına, həm də ordusunun gücünə görə Venesueladan fərqlənir, daha güclü hesab olunur. Ona görə də bu qədər ordunun bura toplanılması, aviadaşıyıcıların, onlarla, yüzlərlə hərbi texnikanın - qırıcıların, bombardmançıların gəlməsi ona dəlalət edir ki, bu hərbi müdaxilə baş verməlidir”.

Regionda növbəti eskalasiya mərhələsi

Politoloq Aytən Qurbanova bildirib ki, ABŞ ordusunun Orta Şərqdə hərbi mövcudluğunu artırması və mümkün hərbi əməliyyat planlarının gündəmə gəlməsi regionda növbəti eskalasiya mərhələsinin başlaya biləcəyi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib: “ABŞ Prezidenti Donald Tramp tərəfindən İrana qarşı hədəfli zərbələrin nəzərdən keçirildiyi barədə iddialar isə bu narahatlıqları daha da artırır. Lakin mövcud geosiyasi reallıqları nəzərə aldıqda uzunmüddətli və genişmiqyaslı müharibə ssenarisi hazırkı mərhələdə real görünmür. İlk növbədə onu qeyd etmək lazımdır ki, ABŞ üçün İran ilə açıq və uzunmüddətli müharibə həm hərbi, həm maliyyə, həm də siyasi baxımdan yüksək risk daşıyır. İran coğrafi ölçülərinə, əhalisinin etnik tərkibinə və asimmetrik müharibə imkanlarına görə ənənəvi qısa müddətli hərbi müdaxilə ilə neytrallaşdırıla biləcək ölkə deyil. Bu da rəsmi Vaşinqton üçün İraq və Əfqanıstan təcrübələrinin təkrarlanması riskini artıra bilər”.

Genişmiqyaslı müharibə

A.Qurbanova əlavə edib ki, həmçinin ABŞ daxilində ictimai rəyin və siyasi dairələrin uzunmüddətli quru əməliyyatına dəstək verməsi mövzusu da ciddi suallar yaradan mühüm məqamdır: “Digər tərəfdən isə İran üçün də genişmiqyaslı müharibə strateji baxımdan arzuolunan deyil. Mövcud iqtisadi sanksiyalar, daxili sosial-iqtisadi çətinliklər və regional balans nəzərə alındıqda, rəsmi Tehran daha çox birbaşa deyil, məhz dolayı mexanizmlərə üstünlük verə bilər. Bu isə münaqişənin lokal və idarəolunan çərçivədə saxlanması ehtimalını artırır. Eləcə də, regional və qlobal faktorlar genişmiqyaslı müharibəyə qarşı əlavə çəkindirici mexanizm kimi çıxış edir. Orta Şərq enerji təhlükəsizliyi baxımından kifayət qədər mühüm əhəmiyyətə malikdir və bu bölgədə uzunmüddətli müharibə qlobal iqtisadiyyatda ciddi sarsıntılara səbəb ola bilər. Bu isə yalnız region dövlətləri üçün yox, böyük güclər üçün də arzuolunan deyil”.

İdarəolunmaz nəticələr

Onun bildirdiyinə görə, qlobal güc balansının həssas olduğu belə bir məqamda əlavə cəbhənin açılması beynəlxalq sistemdə idarəolunmaz nəticələr yarada bilər: “Ona görə də, hadisələrin inkişaf dinamikası daha çox məhdud hərbi əməliyyatlar, hədəfli zərbələr və siyasi-psixoloji təzyiq strategiyası çərçivəsində qiymətləndirilə bilər. Tərəflər bir-birinə güc nümayiş etdirməklə çəkindirmə balansını qorumağa çalışırlar. Bu model “idarə olunan gərginlik” formatına daha uyğundur və açıq müharibədən daha real görünür. Nəticə etibarilə, hazırkı şəraitdə uzunmüddətli və genişmiqyaslı ABŞ–İran müharibəsi ehtimalı aşağı qiymətləndirilə bilər. Risklər tam istisna edilməsə də, strateji maraqlar, iqtisadi amillər və qlobal güc balansı tərəfləri genişmiqyaslı toqquşmadan çəkindirən əsas faktorlar kimi çıxış edir. Daha real ssenari məhdud eskalasiya və diplomatik kanalların paralel şəkildə açıq saxlanılmasıdır.

“ABŞ hərbi variantı masada saxlayır”

Yaxın Şərq ölkələri üzrə ekspert Vüqar Zifəroğlu söyləyib ki, ABŞ-nin İrana zərbə endirmək imkanını araşdırması ilə bağlı yayılan məlumatlar geosiyasi baxımdan ciddi siqnaldır, lakin bu mərhələdə məsələ qərar yox, ehtimal səviyyəsində qiymətləndirilir: “Məsələnin mahiyyəti ondan ibarətdir ki, ABŞ administrasiyası İranla bağlı artan gərginlik fonunda hərbi variantı masada saxlayır. Bu, Vaşinqtonun klassik təzyiq strategiyasının tərkib hissəsidir: diplomatik danışıqlar paralelində hərbi güc nümayişi. Lakin “imkanın araşdırılması” avtomatik olaraq əməliyyat qərarı demək deyil”.

“Bir neçə faktor ciddi əhəmiyyət daşıyır”

Ekspert, eyni zamanda, prosesdə bir neçə faktorun da ciddi əhəmiyyət daşıdığını vurğulayıb: “Birincisi, ABŞ-nin bölgədəki hərbi mövcudluğu və Pentaqon tərəfindən alternativ ssenarilərin işlənməsi texniki baxımdan zərbənin mümkün olduğunu göstərir. ABŞ ordusu belə əməliyyatları planlaşdırma baxımından qısa müddətdə icra edə biləcək imkanlara malikdir. İkincisi, son qərar yalnız prezident səviyyəsində verilir. Əgər hazırkı administrasiyanın rəhbəri kimi Donald Tramp hərbi əməliyyata siyasi təsdiq verməsə, planlar kağız üzərində qalır. ABŞ-də belə qərarlar daxili siyasi balans, Konqres reaksiyası və seçki faktorları ilə də ölçülür”.

“İran simvolik yox, cavab xarakterli reaksiya verə bilər”

V.Zifəroğlu qeyd edib ki, üçüncüsü, İranla dolayı və ya birbaşa təmasların davam etməsi (xüsusilə Jeneva platformasında aparılan danışıqlar fonunda) hərbi eskalasiyanın hələ alternativsiz olmadığını göstərir: “Diplomatik kanal tam bağlanmayıbsa, Vaşinqton adətən hərbi variantı son mərhələyə saxlayır. Dördüncüsü, İran ABŞ zərbəsinə simvolik yox, cavab xarakterli reaksiya verə bilər. Bu isə yalnız iki ölkə arasında məhdud əməliyyatla bitməyərək regional genişlənmə riskini artırar – Hörmüz boğazı, İsrail faktoru, Körfəz ölkələri və enerji bazarları dərhal təsir altına düşər”.

Röya İsrafilova