“İranın miqyası qədər onun yükü də ağırdır” Dünya

“İranın miqyası qədər onun yükü də ağırdır”

“ABŞ və İsrailin başlıca hədəfi İranda hakimiyyəti devirmək və özlərinə uyğun bir lideri hakimiyyətə gətirməkdir. Bunun üçün isə hazırda İran daxilində hakimiyyətə qatı nifrət edən on minlərlə insanlardır ki, onlar ABŞ-dən dəstək gözləyirlər. Təbii ki, hakimiyyətin devrilməsi üçün artıq addımların atılmasına baxmayaraq bu proses rəsmi Tehranın duruş və davamiyyətindən asılı olacaq”.

Bu sözləri xalqcebhesi.az-a açıqlamasında siyasi şərhçi Elnur Ənvəroğlu söyləyib.

O bildirib ki, Xameneinin öldürülməsi hələ ki, İranda hakimiyyət çevirilişi demək deyil: “Ölənlərin yerini doldurmaq üçün alternativlər hələlik çoxdur. Həmçinin nəzərə alaq ki, İran bu cür vəziyyəti özü üçün şərəf məsələsi kimi dəyərləndirir. Lakin davam edən müharibə isə ayrı bir reallıqdır. Məlum olduğu qədər İranın iqtisadi cəhətdən zəifliyi onun uzun müddət ABŞ və İsrail hücumları qarşısında tab gətirə bilməyəcəyindən xəbər verir. Yəni müharibə bir neçə gün və ya həftə davam edə bilər, amma ABŞ və İsrail qüvvələri sona qədər dirənərsə bu İranda ciddi dəyişiklərlə nəticələnə bilər. Nəticə isə yenə də ağır ola bilər. Bu barədə əvvəlki şərhlərimdə də qeyd etmişdim ki, İranın miqyası qədər onun yükü də ağırdır. Məsələn, İran daxilində parçalanma riskləri və bunun ardınca kürdlərin ayağa qalxması qonşu Türkiyə və hətta region (Cənubi Qafqaz) üçün ciddi təhdidlər meydana gətirə bilər. Risklər böyükdür və bu miqyasın qarşısında dayanmaq çox böyük güc tələb edə bilər”.

E.Ənvəroğlu əlavə edib ki, İran İsrail üçün Yaxın və Orta Şərqdə ən ciddi maneə hesab edilir: “Bu həmçinin İsrailin ən yaxın müttəfiqi olan ABŞ üçün də gündəlikdə yer alan prioritet məsələ idi. Çünki İranın təkcə özü yox, həm də onun sütununu təşkil edən proksi qüvvələri qeyd etdiyim bölgələrdə İsrailin rahat manevrlərinə mane olur, dolayısı ilə ABŞ və onun bölgə daxilindəki hərbi bazaları üçün də əlavə təhdidlər yaradırdı. İran parçalanarsa bu iki müttəfiqlər üçün bundan sonra Hind okeanı və xüsusən də ABŞ-nin Çinə qarşı müdaxiləsinə, habelə Uzaq Şərqə əlinin uzanmasına geniş şərait yaradacaq”.

Röya İsrafilova