
Son illərdə dünyada baş verən münaqişələrin sayının getdikcə artması beynəlxalq iqtisadi sistemə müxtəlif istiqamətlərdən təsir göstərir. Regional qarşıdurmaların beynəlxalq miqyasda nəticələrə səbəb olduğu sahələrdən biri də enerji sektorudur. Hazırda davam edən İranla İsrail və ABŞ arasında müharibə artıq 2 həftədən çoxdur ki, davam edir və bu qarşıdurma beynəlxalq enerji bazarlarında ciddi dalğalanmalara səbəb olub. Müharibənin gedişində Hörmüz boğazından keçidin məhdudlaşdırılması, eləcə də bəzi ərəb ölkələrində neft ixracının azalması dünya enerji bazarında narahatlıq yaradıb. Bunun nəticəsində neft qiymətləri qısa müddətdə kəskin şəkildə artaraq 100 ABŞ dolları civarında formalaşır. Rekord səviyyədə qiymət artımı isə 9 mart tarixində Brent markalı neftin qiymətinin 120 ABŞ dollarını keçməsi oldu.
Belə gərginliklər ən çox enerji idxalından asılı olan ölkələrin iqtisadiyyatına təsir göstərir. Xüsusilə Çin və Avropa İttifaqı ölkələri enerji idxalından böyük ölçüdə asılı olduqları üçün qiymətlərin dalğalanması həmin iqtisadiyyatlarda istehsal xərclərini artırır və iqtisadi artım tempinə əlavə təzyiq yaradır. Uzunmüddətli perspektivdə bir çox dövlətlər enerji təhlükəsizliyini təmin etmək məqsədilə alternativ enerji mənbələrinə keçidi sürətləndirməyə çalışırlar. Günəş, külək və digər bərpa olunan enerji mənbələrinə yönələn investisiyalar həm enerji asılılığını azaltmaq, həm də iqtisadi sabitliyi qorumaq baxımından strateji əhəmiyyət daşıyır.
Statistik göstəricilər də bu tendensiyanı açıq şəkildə göstərir. Son illərdə Çin yaşıl enerji sahəsində dünyanın ən böyük investoru kimi çıxış edir. 2025-ci ildə Çin bərpa olunan enerji, elektrik şəbəkələrinin modernləşdirilməsi və təmiz texnologiyalar sahəsinə təxminən 7 trilyon yuan (təxminən 1 trilyon ABŞ dolları) həcmində investisiya yatırıb. İnvestisiyaların böyük hissəsi günəş və külək elektrik stansiyalarının qurulmasına yönəldilib və nəticədə Çin hazırda dünyada ən böyük günəş və külək enerjisi istehsalçılarından birinə çevrilib.
Oxşar tendensiya Avropa İttifaqı ölkələrində də müşahidə olunur. Çünki yaxın keçmişə nəzər salsaq görərik ki, enerji bazarında baş verən dalğalanmalardan ən çox əziyyət çəkən ölkələr enerji idxalçısı olan Avropa ölkələridir. Enerji təhlükəsizliyini gücləndirmək və fosil yanacaqlardan asılılığı azaltmaq məqsədilə alternativ enerji layihələrinə böyük həcmdə sərmayə yatırılır. Avropa ölkələri 2025-ci ildə bərpa olunan enerji və enerji keçidi layihələrinə təxminən 445 milyard ABŞ dolları həcmində investisiya yönəldiblər ki, bu da əvvəlki illə müqayisədə təxminən 18% artım deməkdir. Bu investisiyaların əhəmiyyətli hissəsi günəş və külək enerjisi stansiyalarının tikintisinə, enerji saxlama texnologiyalarına və elektrik şəbəkələrinin modernləşdirilməsinə yönəldilir.
Enerji ixracatçısı olmasına baxmayaraq Azərbaycan da yaşıl enerji sahəsini strateji prioritetlərdən biri kimi müəyyənləşdirib. Son illərdə ölkədə günəş və külək enerjisi layihələrinin inkişafına xüsusi diqqət yetirilir və bu istiqamətdə bir sıra beynəlxalq enerji şirkətləri ilə əməkdaşlıq həyata keçirilir. Qaradağ Günəş Elektrik Stansiyasının tikintisinə təxminən 262 milyon ABŞ dolları investisiya yatırılıb. Eyni zamanda Xızı-Abşeron külək elektrik stansiyası layihəsinin dəyəri təxminən 286 milyon ABŞ dolları təşkil edir və bu layihə ölkədə külək enerjisi istehsalının artırılmasına mühüm töhfə verəcək.
Bununla yanaşı, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında günəş və külək enerjisi layihələrinin həyata keçirilməsi də planlaşdırılır. Bu regionların “yaşıl enerji zonası” kimi inkişaf etdirilməsi ölkənin enerji strategiyasının əsas istiqamətlərindən biri hesab olunur. Hazırda Azərbaycanın ümumi elektrik enerjisi istehsal gücü təxminən 9700 MVt təşkil edir və bunun təxminən 1800 MVt-dan çoxu bərpa olunan enerji mənbələrinin payına düşür. Dövlətin strateji hədəfi isə 2030-cu ilə qədər ölkənin enerji balansında yaşıl enerjinin payını 30%-ə çatdırmaqdır. Həyata keçirilən layihələr Azərbaycanın enerji sektorunda yeni və daha dayanıqlı inkişaf modelinə keçidini təmin etməyə xidmət edir.
Beynəlxalq enerji bazarlarında baş verən geosiyasi gərginliklər fonunda yaşıl enerji artıq dünya ölkələri üçün strateji prioritetə çevrilir. Bu transformasiya prosesi yalnız enerji istehsalını deyil, həm də iqtisadi və geosiyasi balansı dəyişdirir. Azərbaycan da bərpa olunan enerji sahəsinə yönələn investisiyalar vasitəsilə gələcək enerji sistemində daha dayanıqlı və rəqabətqabiliyyətli mövqe tutmağı hədəfləyir.
Əli Səlimov, iqtisadçı