Nazarbayev Putini hədələdi Dünya

Nazarbayev Putini hədələdi

"Qazaxıstan Avrasiya İttifaqından çıxa bilər"
Astana ilə Moskva arasında münasibətlər sürətlə gərilməkdədir

Cavid

Qazaxıstanla Rusiya arasında soyuq münasibət yaranıb. Qazaxıstan prezidenti Nursultan Nazarbayev Astanada "Xəbər" televiziya kanalına müsahibəsində yenidən Putinə sərt ismarıc göndərib. O deyib ki, Qazaxıstan Rusiya və Belarusun da üzvü olduğu Avrasiya İqtisadi İttifaqından çıxa bilər: "Əgər əvvəlcədən müqavilədə müəyyənləşdirilən qaydalara əməl olunmursa, Qazaxıstanın Avrasiya İqtisadi İttifaqına üzvlükdən imtinaya tam hüququ var. Astana heç vaxt Qazaxıstanın müstəqilliyinə təhlükə mənbəyi olacaq təşkilatın tərkibində olmayacaq".
Qazaxıstan liderinin bu cür sərt xəbərdarlığına Rusiya prezidenti Vladimir Putinin avqustun 29-da "Seliqer" gənclər forumundakı çıxışı səbəb ola bilər. O, çıxışında deyib ki, Nazarbayev heç vaxt dövlət olmayan ərazidə dövlət yaradıb.
Qeyd edək ki, Qazaxıstan prezidenti Hursultan Hazarbayev ötən ay Avrasiya İttifaqı liderlərinin Minskdə keçirdikləri görüş ərəfəsində də ölkəsinin Avrasiya İttifaqından çıxa biləcəyinə bəyanlamışdı.
Xatırladaq ki, Qazaxıstanın dövlət başçısı yerli telekanallardan birinə müsahibəsində bildirmişdi ki, əgər müqavilədə göstərilən qayda və şərtlərə əməl olunmasa, onun ölkəsinin Rusiyanın patronajlığı altında yaradılan Avrasiya İttifaqından çıxmaq hüququ heç bir halda mübahisə və müzakirə predmetinə çevrilə bilməz: "Qazaxıstanın belə bir addım atmaq, birliyi tərk etmək hüququ var. Mən bunu əvvəl də demişəm, bu gün də bir daha bəyan edirəm".
Nazarbayev qeyd edib ki, ölkəsi onun təhlükəsizliyini və müstəqilliyini təhdid edəcək heç bir birliyin tərkibində olmayacaq.
Onun bu bəyanatı və Ukrayna ilə bağlı məsələlərdə prinsipial mövqe nümayiş etdirməsi, üstəlik Ukraynaya humanitar yardıma hazır olduğunu bildirməsi, Poroşenko ilə görüşündə qazax xalqının Ukraynaya olan xoş münasibətini bəyan etməsi Kremldə qəzəblə qarşılanıb. Məhz bu açıqlamadan sonra Rusiya prezidenti Vladimir Putin də Qazaxıstanla bağlı təhqiramiz fikirlər səsləndirdi. Rusiyanın Tver vilayətində təşkil edilmiş "Seliger-2014" gənclik forumunda çıxış edən Rusiya prezidenti Qazaxıstanın heç vaxt dövlət olmadığını bəyan edib.
"TSN" nəşrinin verdiyi xəbərə görə, bununla belə V.Putin qazax həmkarı Nursultan Nazarbayevin xidmətləri barədə danışıb. Rusiya lideri deyib ki, N.Nazarbayev çox unikal bir iş görüb: "Nazarbayev qeyri-adi iş gördü. O, dövlət quruluşunun heç vaxt olmadığı ərazilərdə dövlət yaratdı. Nazarbayev bu mənada bütün postsovet məkanındakı dövlətçilik üçün unikal insandır".
Rusiya prezidentinin sözlərinə görə, N.Nazarbayev çox müdrik və təcrübəli rəhbərdir: "Nazarbayev daim yalnız öz ölkəsinin gələcəyi barədə düşünür. O, heç vaxt öz ölkəsinin, öz xalqının iradəsinə qarşı çıxmaz. Nazarbayev xalqın ondan nə istədiyini, nə gözlədiyini çox dəqiq bilir".
Rusiya prezidentinin son bəyanatı da təsadüfi deyil. Belə ki, V.Putinin bu bəyanatı N.Nazarbayevin Ukraynanın Avropa İttifaqı ilə saziş imzalamasını dəstəkləməsi fonunda səslənir. N.Nazarbayev avqustun 26-da Minskdə Ukrayna prezidenti Pyotr Poroşenko ilə görüşündə bildirmişdi ki, rəsmi Kiyevin Avropa İttifaqı ilə bu sazişinin Rusiyanın Gömrük İttifaqı üzrə tərəfdaşı olan Qazaxıstana heç bir ziyanı yoxdur. Qazaxıstan prezidenti həmin görüşdə Ukrayna ilə səx əməkdaşlıq etməyə də vəd vermişdi.
Bunun ardınca isə Kremlin birbaşa nəzarəti altında olan rusiyalı siyasətçi Vladimir Jirinovski bəyan etmişdi ki, Rusiya tezliklə Qazaxıstana qarşı ərazi iddiası irəli sürəcək. V.Jirinovski onu da bildirmişdi ki, "Qazaxıstanda antirus əhval-ruhiyyəsini gücləndirənlər var, bu ölkədəki dərsliklərdə ruslara nifrət hissi aşılanır".
Politoloq Elxan Şahinoğlu bildirib ki, Putin Jirinovskini Qazaxıstanın üzərinə saldıqdan sonra indi də növbə Belarus prezidentindədir. Politoloq bildirib ki, Putin indidən Qazaxıstanı şantaj edir: "Putin Ukrayna ilə məsələni bitirmədən indi də Qazaxıstanı şantaj edir, belə bir dövlətin boş yerdən yarandığına eyham vurur, əlaltısı Jirinovskini müttəfiq adlandırdığı dövlətin üzərinə qısqırdır. Ancaq Qazaxıstan prezidenti Nursultan Hazarbayev hər ikisinin cavabını yaxşı verdi. Görünür, Nazarbayev Putinin Ukrayna avantürasından və bu ölkəni çökdürmək siyasətindən artıq bezib, Avropa ilə qarşıdurmanı yanlış hesab edir. Növbə Belarus prezidentinindir".
Onu da bildirək ki, Qazaxıstanda "Putinə tarix kitabı göndər" adlı etiraz aksiyası planlaşdırılıb. Yerli əhalini bu addımı atmağa Rusiya prezidentinin Qazaxıstanın tarixi haqqında söylədiyi və əks-səda doğuran ifadələri vadar edib.
Putinin bu sözləri Qazaxıstan sakinlərinə "Ukrayna ssenarisi"ni xatırladaraq, onları narahat edib. Buna cavab olaraq, Qazaxıstan sakinləri respublikada son 500 il ərzində dövlətçiliyin mövcud olduğuna dair danılmaz faktları toplayaraq, Rusiya prezidentinə göndərmək qərarına gəliblər.
Bütün bünlar onu göstərir ki, vəziyyətin qəlizləşdiyi bir zamanda 2015-ci ilin yanvarından "Yeni SSRİ" modeli hesab olunan Avrasiya İqtisadi İttifaqının reallaşması məsələsi mürəkkəb xarakter alır. Rusiyanın iqtisadi birlik kimi qələmə verdiyi təşkilatın Ukrayna hadisələrinin Moskvaya vurduğu külli miqdarda ziyandan sonra hansı güclə fəaliyyətə başlaması maraq doğurur. Təşkilata üzv Belarus da əsasən, aqrar sahədən iqtisadi gəlir əldə edən ölkədir. Çətin ki, o da Avrasiya Birliyində aparıcı iqtisadi amil kimi çıxış edə bilsin.
Təşkilatın digər üzvü Qazaxıstanın isə ümumiyyətlə Kremlin layihəsindən kənarlaşması gündəmə gəlib. Qazaxıstan prezidenti Nursultan Nazarbayev bəyan edib ki, ölkəsi Avrasiya İttifaqı dövlətləri ilə qurum daxilində qərarların qəbulunda razılaşmazsa, rəsmi Astana "Yeni SSRİ"-dən çıxacaq.
Qazaxıstan lideri onlar üçün müstəqilliyin əsas dəyər olduğunu vurğulamaqla Putinə mesaj göndərməsi Rusiyanın bundan sonra bir az ehtiyatlı davranmaqdan başqa çarəsinin olmadığını göstərir. Çünki, Qazaxıstan kimi müttəfiqin "Avrasiya"dan çıxması Rusiyanın bölgə üçün yeni təhdid mənbəyi olaraq yaratdığı "Avrasiya"nın perspektivini şübhə altına alar. Onsuz Ukraynanı Viktor Yanukoviçin hakimiyyətdən devrilməsi ilə Avrasiya İttifaqında görmək arzusunun suya düşməsi ilə Qazaxıstanın da itirilməsi Rusiyanı dalana salacaq. Qazaxıstan ittifaq tərkibindən çıxarsa, Rusiyaya birlik daxilində ən yaxşı maliyyə dəstəyini Belarus verə bilər ki, bu da Moskvanı bəladan çıxara bilməyəcək. Avrasiya Birliyinə əlacsızlıqdan üzv olmaq istəyən Ermənistan, Qırğızıstan kimi ölkələr isə özü Rusiyadan iqtisadi və siyasi asılı olan dövlətlərdir.
Bəs Rusiya Avrasiya İttifaqını qoruyub saxlaması üçün bundan sonra hansı strateji planları işə salacaq?
Hər halda Vladimir Putinin Qazaxıstanın dövlət kimi varlığını təhdid edən bəyanatı onu göstərir ki, Kreml Nazarbayev kimi tərəfdaşını əldən buraxmaq riskini gözə alıb. Belə hesab etmək olar ki, Kremlin Avrasi İttifaqı ilə bağlı "B" planı da mövcuddur. Heç şübhəsiz ki, Rusiyanın Qazaxıstanda yaşayan rus əhalinin nüfuzundan istifadə edib, etnik zəmində siyasi təxribatlar yaratmaq cəhdləri gündəmdə ola bilər. Əvvəki illərdə istifadə edilən bu təcrübə Ukrayna hadisələrində də özünü göstərdi. "Avrasiya İttifaqı reallaşacaqmı" sualına isə indiki siyasi şəraitdə birmənalı cavab vermək olmaz. Çünki hadisələrin gedişi hələ ki, Rusiyanın əleyhinə işləyir.
Ukraynadakı proseslər daha qanlı məcraya yönələrsə, çox güman ki, Belarus da Avrasiya İttifaqını ya tərk edəcək, ya da onun adıçəkilən təşkilatda üzvlüyü formal xarakter daşıyacaq. Çünki Belarus da Qazaxıstan kimi Ukrayna məsələsində Rusiyanı tam olaraq dəstəkləmir. Belarussuz, Qazaxıstansız isə ən yaxşı halda Rusiya Qırğızıstan, Ermənistan kimi kasıb ölkələrlə yanaşı keçmiş sovet məkanındakı separatçı rejimləri (Dağlıq Qarabağdakı, Abxaziyadakı, Cənubi Osetiyadakı, Dnestryanıdakı separatçı qurumları) "Avrasiya"ya cəlb edə bilər. Təşkilatın bu tərkibdə olması isə onun varlığı ilə yoxluğunu fərq etməyə imkan verməyəcək. Siyasi dilemma qarşısında qalan Rusiya üçün ən yaxşı variant elə Qazaxıstanla münasibətləri normal templə inkişaf etdirməkdir.
Ekspert Elşən Həsənovun fikrincə Putin MDB respublikalarını hədə-qorxu altında saxlayır: "Ukraynadan sonra Qazaxsıtan hədəf alınıb. Lakin Putin Qazaxıstana hərbi müdaxilə etmək iqtidarında deyil. Putinin və Jirinovskinin Qazaxıstan ünvanına işlətdiyi ifadələr yalnız təhdiddir. Putin özü belə bir ssenarini həyata keçirir ki, digər respublikalara da dərs olsun. Putinin imperialist siyasəti bu müstəvidə qurulub. Amma mənə elə gəlir ki, Putinin bu siyasəti onun öz başında çatlayacaq. Ukrayna artıq onun əlindən çıxıb, Qazaxıstan və Belorus da çıxsa Rusiyanın çöküşü demək olacaq".