Putin imperiya yaratmaq niyyətindədir Dünya

Putin imperiya yaratmaq niyyətindədir

Ekspertlər isə Rusiyanın dağılacağını proqnozlaşdırırlar

"The Washinqton Times": "Putin ABŞ-ın növbəti prezidentinin Barak Obama kimi qətiyyətsiz və ləng olmayacağını dəqiq bilir"

Cavid

ABŞ-ın "The Washinqton Times" qəzeti Rusiyanın Ukraynadan sonra mümkün ssenariləri haqda yazıb. Azərbaycanın da adının keçdiyi məqalədə Putinin gələcək planları haqda bəhs edilir.
Məqalədə qeyd olunur ki, Rusiya prezidenti Vladimir Putinin Rusiya imperiyasını yenidən bərpa etmək istəməsi şübhəsizdir. Putinin xəyalındakı imperiya Şərqi Avropanın çox hissəsi daxil olmaqla, keçmiş Sovet İttifaqının bütün ərazilərini əhatə edir.
Müəlli yazır: "1866-cı ilə qədər bu imperiyaya Alyaska da daxil idi. Putin ABŞ-ın növbəti prezidentinin Barak Obama kimi qətiyyətsiz və ləng olmayacağını dəqiq bilir. Hazırda sanksiyalardan əziyyət çəkən Rusiya ayaq üstə dayanmağa çalışır. Dünya Kremlə birləşsə də, hələ ki, Rusiyanın sonu görünmür. Çünki Avropa hələ də təbii qazı Rusiyadan alır. Hazırda Bolqarıstan, Estoniya, Finlandiya, Slovakiya, Latviya və Litva 100 faiz Rusiya qazından asılıdır. Bununla yanaşı, Rusiya Avropada lobbi qruplarına kifayət qədər pul xərcləyir".
Nəşr yazır ki, Rusiya Ukraynanı idarəçiliyi altına ala bilsə, bu ssenarinin davamı gələcək: "Ardınca Belarus, Moldova hədəfdədir. Bundan sonra Azərbaycan və Gürcüstan üzərində nəzarəti ələ alacaq. Daha sonra Baltikyanı ölkələr hədəfə çevriləcək".
Putinin öz layihələriylə imperiya yaratmaq istəyi bu günün mövzusu deyil. Onun planları ilə bağlı zaman-zaman deyilib. Məsələn, amerikalı senator Con Makkeyn bildirib ki, Putin keçmiş DTK polkovniki kimi Rusiya imperiyasını bərpa etmək istəyir.
ABŞ senatoru Con Makkeyn CBC telekanalına müsahibəsində Rusiyanın Ukrayna sərhədlərini keçməsini işğal adlandırıb. Senator Amerika hökumətini Rusiyaya qarşı ciddi sanksiyalara çağırıb: "Ukraynanı silahlandırmaq lazımdır. Söhbət müdaxilədən gedir, işğaldan yox. Onlara lazımi silah verin, döyüşmək şansı verin".
Rusiya iqtisadiyyatının aybaay sanksiyalardan zəifləməsi Putini bir az da tələsdirir. Getdikcə narazılığı artan cəmiyyəti hansısa qələbə ilə sakitləşdirə bilməsə, onun işi gerçəkdən, qəlizləşəcək.
Moskva Ukraynadan əlini üzdüyündən hazırda bu ölkəyə münasibətdə "mənim olmayacaqsa, onda qoy məhv olsun" taktikası ilə Ukraynanın dövlətçiliyini daxildən maksimum dağıtmaqla məşğuldur. Böyük ehtimalla, bu siyasət həm də Qərblə əlverişli siyasi bazarlıq naminə yaxın dönəmdə bütün gücü ilə davam etdiriləcək. Əfsus ki, Kremlin bəzi uğurları indidən görünməkdədir.
"Donbas çətin ki, yaxın illərdə geri qaytarılsın. Çünki vəziyyətimiz çox ağırdır. Ən yaxşı halda problem dondurula bilər. Əraziyə nəzarət etmək, Donbası qaytarmaq üçün Ukraynaya 4-5 il zaman gərək olacaq". Ukrayna Təhlükəsizlik Xidmətinin müşaviri Markiyan Lyubovskinin Kiyevdə söylədiyi bu sözlər Ukraynanın mövcud durumunu, daha aydın göstərir.
Putinin Avrasiya layihələrindən əl çəkəcəyini düşünmək əlbəttə ki, sadəlövhlük olardı. Bu layihələri isə nəzəri cəhətdən indi Azərbaycanla Gürcüstan "xilas edə" bilər. Demək, gələn il, ələlxüsus, ilin birinci yarısında iki qonşu Qafqaz ölkəsi Moskvanın təhdidləri qarşısında ən ciddi sınaqlardan keçməli olacaq. Gürcüstanda hakimiyyət daxilində son baş verənlər bunun xəbərçisi sayıla bilər.
Azərbaycana gəlincə, Rusiya ilə münasibətlər göründüyü kimi rəvan deyil. Nə Qarabağ, nə də Xəzər dənizinin statusu məsələsində iki ölkə arasında indiyədək ciddi anlaşma əldə edilməyib. Üstəgəl, Azərbaycan birmənalı şəkildə Krımı Ukraynanın tərkib hissəsi sayır və separatizmə qarşı prinsipial mövqeyini BMT-dəki səsvermədə də ortaya qoyub. Qəbələ RLS məsələsində Bakının prinsipial mövqeyi də yada salınsa, belə prinsipiallıqlara görə Moskvanın Bakının siyasətindən məmnun qalmadığı gün kimi aydındır.
Bakının limiti isə azalır. Bir azdan balans siyasəti kara gəlməyə bilər. Sözsüz ki, şimal qonşumuzla əlaqələrin ən çox inkişaf etdiyi sahə - hərbi-texniki əməkdaşlıq və silah ticarəti ilə Bakı həm də Rusiyanın özünə qarşı qıcığını azaltmaq niyyəti güdür. Ancaq dönə-dönə vurğulandığı kimi, Kreml Ukrayna uğrunda savaşda üstünlüklər qazansa, Bakının Rusiyaya ənənəvi reveransları yetərli olmayacaq.
Azərbaycanın silah ticarətində geniş əməkdaşlığı da müstəqilliyimizə şimaldan etibarlı zəmanət anlamına gəlməməlidir. Ermənistan nümunəsi var. Rusiya elə ölkədir ki, aldıqca yenə istəyir və hər dəfə daha böyük güzəşt umur. Müxtəsəri, yaxın aylarda Moskva Qərblə qarşıdurmada uğurlu dirəniş göstərə bilsə və Ukrayna məsələsində geriləməsə, o zaman Rusiya Qafqazı yenidən öz nəzarətinə qaytarmağa çalışacaq. Hər halda, KQB zabiti Putinin başında daha hansı planların olduğu onun özündən savayı heç kimə bəlli deyil.
Bir sıra digər analitiklərin rəy və təxminləri də bu xüsusda xeyli narahatedici tondadır. Məsələn, NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədov Gürcüstan iqtidarı daxilində casus olduğunu bildirərək deyib: "Bu şəxs və ya şəxslər, görünür, hökumətdə önəmli strateji post tutur. Çünki tam məxfi sənədləri və Gürcüstanın son iki ayda imzaladığı mühüm öhdəlikləri hər kəs bilə bilməz. Görünür, kim(lər)sə bu sənədləri Rusiya tərəfinə verir. Gürcüstanda baş tutan istefalar buna işarədir. Kreml Gürcüstanın tam məxfi sənədlərindən xəbər tutmuş olmasaydı, bu gün siyasi böhran yaşanmazdı. Tiflis bu böhrandan çıxmaq üçün öz daxilində ciddi araşdırmalar aparmalıdır. Əks təqdirdə, Gürcüstanda "Qafqaz baharı"nın yenidən yaşanacağını görə bilərik". Ekspert Gürcüstanda gedən proseslərin Azərbaycana da təsirsiz ötüşməyəcəyi qənaətindədir: "Rusiya bu ölkəni ram edə bilsə, Azərbaycan siyasi və iqtisadi blokadaya düşəcək".
ABŞ-ın nüfuzlu Cato İnstitutunun baş elmi əməkdaşı, Qlobal İqtisadi İnkişaf İnstitutunun direktoru Riçard Ran hesab edir ki, əgər Putin tezliklə birbaşa və ya dolayısı formada Ukraynaya nəzarəti təmin etsə o, çox güman ki, tezliklə Belarusu və Moldovanı bilavasitə idarə etmək, daha sonra Gürcüstana və Azərbaycana keçmək üçün fəaliyyətə başlayacaq. Bu da ona Xəzər dənizi, neft-qaz kəmərləri üzərində nəzarəti təmin edəcək. Bu məqamda Putinin rusdilli azlığı qorumaq adı altında Baltik ölkələrinə müdaxiləyə başlamaq üçün yaxşı mövqeləri olacaq".
O, xatırladır ki, rus imperiyası əsasın keçmiş sovet respublikalarının, Şərqi Avropanın əksər ölkələrinin, Finlandiyanın və Alyaskanın ərazilərindən ibarət olub.
"Cənab Putin bilir ki, ABŞ-ın növbəti prezidenti çətin ki, onun imperiyanın bərpasına yönəlmiş planlarına prezident Obama kimi qətiyyətsiz və həvəssiz reaksiya verərdi. O, hətta rus neftinə tələbatın azalması və qiymətlərin gözlənilmədən aşağı düşməsi ilə qarşılaşıb. Bu da Rusiyanın maliyyə rezervlərinin ciddi ölçülərdə azalmasına gətirib çıxarır. Deməli, Putinə təzyiqləri artırmaq üçün tələsmək lazımdır" - deyə Riçard Ran yazır.
Azərbaycanlı politoloq Vəfa Quluzadə də Rusiya təhlükəsi barədə həyəcan təbili çalır. Sitat: "Rusiya anlayır ki, Azərbaycan qərbyönümlü dövlətdir. Müstəqil Azərbaycanın bünövrəsi Rusiyadan qaçıb, Qərbə inteqrasiya etməkdir. Ona görə də həm NATO-nun, həm Rusiyanın bizə marağı böyükdür. Bu marağın nəticəsi də Amerika-Rusiya qarşıdurmasından asılıdır".
Müşahidələr göstərir ki, postsovet məkanına Rusiya təhlükəsi artıb. Ancaq Putinin Avrasiya layihələrini başa çatdırmaq üçün siyasi ömrü bəs edəcəkmi? Sual həm də budur. Çünki artıq anti-Avrasiya layihələri də artıq işə salınıb.
V.Quluzadə onu da deyib ki, Rusiyanın taleyi ciddi sual altındadır və bu imperiya dağılmağa məhkumdur.
V.Quluzadə Qarabağın heç bir zaman Ermənistana güzəştə gedilməyəcəyini, rusiyalı mütəxəsisin öz dövlət maraqlarına uyğun açıqlama verdiyini söyləyib: vurğulayıb: " Rusiya Federasiyası faktiki olaraq Rusiya imperiyasıdır. İmperiya kimi bir çox cinayətlər törədib. Cinayətlərin biri də Ermənistan - Azərbaycan münaqişəsini yaratmasıdır. Rusiya Federasiyası dağılmaq üzrədir. Qoy Trofimçuk bunu düşünsün. Düşünsün ki, Tatarıstan və Başqırdıstan müstəqil dövlət olacaq. Rusiyanın gələcək taleyi ciddi sual altındadır. Tarixdə elə bir imperiya yoxdur ki, əbədi olsun. Bütün imperiyalar çöküb. Rusiya imperiyası isə iki dəfə çöküb. Bir çar vaxtında, bir də 1991-ci ildə. İndi bu imperiya da dağılmağa doğru gedir. O getsin, öz dərdinə qalsın. Qarabağ Rusiyanın olmayacaq".
Siyasi ekspert Zərdüşt Əlizadə də Rusiyanın son anlarını yaşadığını deyib. Politoloq Azərbaycanın Qarabağı qaytarmaq şanslarını özündə saxladığını xüsusi vurğulayıb: "Rusiyanın daha genişmiqyaslı politoloqları özləri ciddi proqnozlar veriblər ki, Rusiyanın sonu çatıb, Rusiya dağılacaq. Nəzərə alın ki, getdikcə iqtisadiyyatı tənəzülə uğrayan Ermənistan kimi bir ölkə batmaq üzrə olan Rusiyaya söykənir".