2015-də Ukraynanı nə gözləyir? Dünya

2015-də Ukraynanı nə gözləyir?

Proqnozlar və ehtimallar...

Cavid

Ukrayna 2015-ci ilə Rusiya tərəfdən üzləşdiyi separatizm problemi ilə qədəm qoydu. Separatçlılar yeni ilin ilk gecəsindən hökumət qoşunlarının mövqelərini mütəmadi atəşə tutublar.
Ukrayna rəsmiləri bildirirlər ki, Luqansk regionunda separatçıların topdan atəş açmaları nəticəsində bir kənddə iki ev tamamilə dağılıb.
Yeni ilin ilk günündə hökumət qoşunlarından üç əsgərin yaralandığı xəbər verilir.
Ukrayna prezidenti Petro Poroshenko özünün Yeni il müraciətində deyib ki, 2014-cü il onun ölkəsi üçün ikinci dünya müharibəsindən bu yana ən ağır il olub. O bildirib ki, 2015-ci il də Ukrayna üçün "asan olmayacaq".
2015-ci ildə Ukrayna Müdafiə Nazirliyinin büdcəsi 5.7 milyard dollara çatacaq. Ukrayna Müdafiə Nazirliyinin 2015-ci il üçün planlaşdırılan büdcəsi 82.9 milyard qrivnidən (milli valyuta - red.) 90 milyard qrivniyə (5.7 milyard dollardan çox) qədər artırılacaq.
TASS-ın verdiyi xəbərə görə, bu barədə ölkə baş naziri Arseniy Yatsenyuk Ali Radanın (parlament) toplantısı zamanı məlumat verib.
Dekabrın 23-də Ukraynanın maliyyə naziri Natalya Yaresko Parlamentə 2015-ci il büdcə layihəsini təqdim edərkən hökumətin müdafiəyə 82.9 milyard ayırdığını bildirib: "Üstəgəl altı milyard zəmanət. Buna müsadirə edilən əmlakın istifadəsi üzrə xüsusi fonddan 1.5 milyard əlavə olunur."
Rusiya xarici işlər naziri Sergey Lavrov is’ Qərb ölkələrinin şərqdə geosiyasi işğal siyasətinin beynəlxalq sabitliyi pozduğunu açıqlayıb.
"İnterfaks"a açıqlamasında Lavrov Rusiyanın Qərb ölkələri ilə qarşı-qarşıya gəlmək kimi bir planı olmadığını bildirib: "Qərb ölkələri bərabər şərtlərlə bütün Avro-Atlantik bölgədə təhlükəsizliyin meydana gəlməsini rədd edir. Onların şərqdə geosiyasi işğalı, ölkələri dost-düşmən olaraq bölmələri beynəlxalq cəmiyyətdə qeyri-sabit vəziyyət yaradır".
Kiyevdə reallaşan inqilabın ABŞ və Avropa ölkələri tərəfindən dəstəkləndiyini deyən Lavrov qeyri-qanuni şəkildə Qərbin Rusiyaya qarşı sanksiya tətbiq etdiyini təkrarlayıb: "Dünya siyasətində mürəkkəb vəziyyət yaranıb. Bunun səbəbkarı Qərbdir. "Soyuq müharibə" dövründən bəri "Tarixi Qərb" nəyin bahasına olursa olsun, qlobal hadisələrdə təsirli olmaq üçün çoxqütblü dünya sisteminə qarşı çıxır. Moskva Qərblə üz-üzə gəlmək istəmir. Qərb ölkələrinin düşmən addımlarına qarşı biz hələ primitiv şəkildə qarşıdurma içində olmaqdan kənarda qalmaq istəməməklə cavab veririk. Ümid edirəm ki, Qərb ilə mənfi istiqamətdə inkişaf edən əlaqələrin öhdəsindən gəlirik".
Ukrayna böhranının 2015-ci ildə həll olunma ehtimalına toxunan Rusiyanın baş diplomatı deyib ki, sön söz Kiyevindir: "2015-ci ilə Ukrayna böhranı həll edilə bilər. Ancaq Kiyev rəhbərliyi və Şərqi Ukrayna xarici təsirlərdən uzaq olmalıdır. Bunun üçün razılıq lazımdır. Tragik hadisələrin öhdəsindən gəlmək üçün mənfəətlərin tarazlanması və bütün bölgələrdə bərabər əlaqələrin qurulması vacibdir. Burada Ukrayna xalqı öz daxilində razılaşdığı zaman böhran sona çatacaq. Brüssel və Vaşinqtondan fısıldayanlar isə olmamalıdır".
Ukrayna prezidenti Pyotr Poroşenkonun inauqurasiya mərasimində iştirak edən Litva prezidenti Dalya Qribauskayte 2015-ci ildən etibarən Avropa Birliyi və Ukrayna arasında vizasız rejimin tətbiq edilməsinin şərtlərini açıqlayıb. Ukrayna KİV-nin verdiyi xəbərə görə, bu məsələdə hər şey Ukraynanın özündən asılı olacaq, çünki ev tapşırığı kimi yerinə yetirilməsi önəmli olan hər bir şey Ukrayna tərəfindən olacaq. "Avropa yalnız nəticələrə baxacaq və hər şey yerinə yetirildikdən sonra qərar qəbul edəcək. Biz Avropa ölkələri olaraq Ukraynanın hər zaman qəbul etməyə hazırıq, əgər Ukrayna özü buna hazır olacaqsa", - deyə Litva prezidenti qeyd edib.
Xatırladaq ki, Avropa Komissiyası hələ mayın sonunda Ukrayna ilə viza rejiminin sadələşdirilməsi ilə bağlı danışıqların başlanmasına qərar verib. Ali Radanın spikeri Aleksandr Turçinov bununla bağlı bəyan etmişdir ki, cari ilin sonunadək Avropa Birliyi Ukrayna ilə viza rejiminin sadələşdirilməsi ilə bağlı qərar verə bilər. Onu da qeyd edək ki, Ukrayna parlamenti bunun üçün lazım olan üç mühüm qanunu artıq qəbul edib.
Avropalı ekspert Lyse Doucet isə bildirib ki, Rusiya ilə Ukrayna arasında razılıq əldə etmək, münaqişəni davam etdirməkdən daha üstün tutula bilər. Rusiyanın iqtisadi çətinliklərinə görə cənab Putin daha üzü yola ola bilər.
Ukraynadakı böhran nəticəsində Rusiyanın Qərblə əlaqələri Soyuq Müharibədən bəri ən aşağı səviyyədədir
Amma qarşılıqlı etimadın olmasına görə hər hansı müvəffəqiyyətə ümid çox azdır. Kiyev və Qərb qüvvələri Moskvaya dərin şübhə ilə baxırlar. Prezident Putin isə Qərblə əlaqələrin pisləşməsinə, Rusiyanın özünə daha çox arxalanmağa bir fürsət kimi baxır.
Ukraynanı Rusiya ilə sərhəddəki tanınmamış anklavlara ayıran de-fakto sərhəd artıq mövcuddur. Bu səpkidə 2015-ci ildə Dəmir Pərdəyə oxşar daha geniş lakin gözü görünməyən bir səddin yaradılmasını gözləmək olar.
2015-ci ildə dünyanın geosiyasi mənzərəsi ilə bağlı proqnozlarla çıxış edən Kanadanın "The Globe and Mail" nəşri isə yazıb ki, Rusiyada bütün variantlar mümkündür: Qərblə münasibətlərdə sürətli istiləşmədən tutmuş, Putinin siyasi gücünün növbəti nümayişinə, hətta Kremldə çevrilişə qədər. Putin 1999-cu ildən sonra ən ciddi imtahanla qarşılaşıb.
Material müəlliflərinin fikrincə, Rusiyada iqtisadi çöküş ehtimalı 100 faizdir. Rusiyadakı maliyyə böhranının qlobal bank sistemini "yoluxdurma" ehtimalı isə 21 faizdir. Ehtimala görə, prezident Putin Ukrayna və yaxud da başqa bir qonşu dövlətdə stabilliyi güclü şəkildə pozmaqla xalqın diqqətini ölkədaxili problemlərdən yayındırmağa çalışacaq. Belə bir ehtimal isə məqalədə 76 faiz qiymətləndirilir.
Material müəllifləri Rusiyanın taleyini 2015-ci ilin əsas mövzusu hesab edir: "Putin küncə sıxışdırılmış siçovul vəziyyətindədir. İndi o, Ukrayna məsələsində güzəştə getməklə təhlükəli vəziyyətdən çıxa bilər. Amma kəşfiyyatçılar Putinin siyasi gücünün növbəti nümayişini gözləyir. Sanksiyalar isə öz təsirini göstərir. Ukraynaya hərbi müdaxiləyə son qoyulmayana kimi onları ləğv etmək olmaz. İcazə vermək olmaz ki, Putin Qərbi parçalasın və öz təsirini cəzasız şəkildə genişləndirsin".
Hesab edilir ki, Putin hansısa bir yeni konsepsiyanı təklif etməlidir: "Putin 2014-cü ildə Qərblə qarşıdurmada öz nüfuzunu bərpa etdi. Mümkündür ki, o, sonrakı addımları üçün həvəslənəcək: Ukraynanın daha dərindən qarışdırılması, Krıma, hətta Moldovaya qədər quru dəhlizinin yaradılması. Amma sink tabutlar daxili siyasət səhnəsində qeyri-populyar hadisədir və uzunmüddətli kampaniyalar üçün ağır nəticələr verir. Asiyaya tərəf dönməsi isə Rusiyanı hələ investisiyalarla təmin etməyib".