İranın “nüvə oyunu” hələ də müzakirədə Dünya

İranın “nüvə oyunu” hələ də müzakirədə

Amma danışıqlar prosesinin uzadılması da istənilmir

Cavid

İranın nüvə müzakirəçilərinə son sazişin əsas strukturunu qəbul etmək üçün verilən son müddət yaxınlaşdığı bir vaxt, həm ABŞ və həm də İran danışıqların müddətinin yenidən artırılmasına isti yanaşmadığı bildirir.
Ancaq ABŞ, yoxsa İranın son razılıq istiqamətində daha sərt mövqe göstərməsinə dair debatlar davam edir.
İranla nüvə danışıqlarında iştirak edən qüdrətli dövlətlər Qərbin Tehranın nüvə silahı əldə edə bilməsinə dair narahatlıqlarına və İranın sanksiyaların azaldılması istəyinə cavab verən razılığı təminat altına almağa çalışır. Ancaq nə ABŞ, nə də İran danışıqların iyulun 1-dən sonra uzadılmasını istəyir.
Prezident Barak Obama Almaniya kansleri Angela Merkellə görüşündə bunu açıq şəkildə bildirib: "Əgər onlar çərçivə formulu ilə razılaşmasa prosesin uzadılacağını düşünmürəm. Çünki bu, dünya üçün əsas məqamdır. Dünya onların nüvə silahı əldə edə bilməməsinə əmin olmaq istəyir".
Bu ay Almaniyada təhlükəsizlik konfransında İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif daha sərt danışaraq bildirmişdi ki, hətta heç bir razılıq əldə olunmasa belə, bu, dünyanın sonu olmayacaq.
"Düşünürəm ki, növbəti uzatma heç kimin marağında deyil. Hətta biz hazırki uzadılmanın da yararlı olacağını düşünmürdük" - deyə cənab Zərif bildirib.
Ancaq nüvə siyasəti təhlilçisi Ceyms Akton deyir ki, bu sərt mövqe strategiya ola bilər.
Aktonun sözlərinə görə, strategiyanın özünün qüsurları olur.
Silahsızlaşdırma mütəxəssisi Kelsi Davenport isə deyir ki, ABŞ və İran yerli təzyiqləri nəzərə alaraq son müddətədək bu razılığı həll etmək istəyir: "ABŞ-da belə bir düşüncə var ki, İran vaxt qazanmağa çalışır, onlar razılıqda ciddi deyil, ola bilsin ki, üstüörtülü nüvə silahları proqramını davam etdirirlər. Ona görə də, fikrimcə, hər iki tərəf anlayır ki, tənqidçilər hərəkətə keçməmiş razılığın əldə olunmasına ehtiyac var."
Danışıqlarda problemli məqamlardan biri uranın zənginləşdirilməsi səviyyəsi ilə bağlıdır. Qərb müzakirəçiləri İranın nüvə obyektlərini nüvə silahı üçün istifadə etməməsini təmin edən saziş istəyir.
Onlar bu məsələ ilə bağlı razılığı əldə etməyə çalışdığı bir vaxt İran sanksiyaların dərhal azaldılması çağırışlarını artırır.
Ancaq Akton deyir ki, danışıqlar iflasa uğrasa hər iki tərəf ciddi itki ilə üzləşəcək: "İran uduzacaq, çünki sanksiyalar azaldılmayacaq və hərbi müdaxilə riski gündümə gələ bilər. 5+1 qrupu da uduzacaq. Çünki İran nüvə proqramına şamil edilən məhdudiyyətlərdən azad olacaq".
Akton deyir ki, diplomatik həll heç də ən yaxşı variant olmasa da, ən münasibidir.
Xatırladaq ki, ötən həftədən başlayaraq İranın nüvə müzakirə komandası xarici işlər naziri Məhəmməd Cavad Zərifin başçılığı ilə Münhen Təhlükəsizlik Konfransınn kənarında ABŞ dövlət katibi Con Kerrinin başçılıq etdiyi Amerika heyəti ilə danışıqlara başlayıb.
Vyanada da İranla ABŞ arasında ikitərəfli müzakirələr keçirilib. İran xarici işlər nazirinin beynəlxalq və hüquqi məsələlər üzrə müavini, baş nüvə müzakirəçisi Seyid Abbas Əraqçı və ABŞ dövlət katibinin müavini Vendi Şermanın 1 saatdan artıq davam edən görüşündə İranın nüvə məsələsi ilə bağlı yaranmış problemin birdəfəlik həlli üçün yekun razılaşmanın əldə olunması əsas müzakirə mövzusu olub. ABŞ tərəfi görüşü konstruktiv adlandırıb.
A.Əraqçı bundan əvvəl Böyük Britaniya, Fransa və Almaniya təmsilçiləri ilə də təkbətək görüşüb. Eyni zamanda İran xarici işlər naziri Məhəmməd Cavad Zərif nüvə müzakirələrindən əvvəl Rusiya və Çin nümayəndələri ilə bir araya gəlib.
Fevralın 18-də BMT-nin Vyanadakı mənzil-qərargahında İranla "altılıq" ölkələri arasında növbəti nüvə müzakirələri başlayıb və bir saatdan da az davam edib. Daha sonra tərəflər arasında təkbətək görüşlər başlayıb. Danışıqlarda İran nümayəndə heyətinə M.C.Zərif, "altılıq" ölkələrinə isə Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton rəhbərlik edir. Müzakirələr 2013-cü il noyabrın 24-də Cenevrədə İranla "altılıq" ölkələri arasında əldə edilmiş nüvə razılaşmasına uyğun olaraq bu il yanvarın 20-də qüvvəyə minmiş Birgə Fəaliyyət Planı çərçivəsində həyata keçirilir. Məqsəd İran nüvə məsələsi ilə bağlı yaranmış problemin birdəfəlik həlli üçün yekun razılaşmanın əldə olunmasıdır. Nüvə danışıqlarından bir gün əvvəl axşam saatlarında M.C.Zərif və K.Eştonun ikitərəfli görüşü keçirilib.
İranın 5+1 qrupu ilə nüvə müzakirə heyətinin yüksək səviyyəli üzvü Abbas İraqçı Livanın Əl-Məyadin kanalı ilə müsahibədə təkidlə bildirib: İranın nüvə müzakirə heyəti müzakirələrdə İran xalqının nüvə haqqına əsas verir.
İraqçı vurğulayıb: "İran xalqının nüvə haqqı ilə hörmətlə yanaşılırsa və qarşı tərəf məntiqsiz istəklərindin uzaq gəzərsə həll yolu əldə olunasıdır"
İraqçı əlavə edib ki, müzakirə tərəflərinin mövqeyi bəzi məsələlərdə yaxınlaşmışsa da hələ də fasilələr gözə çarpır.
İran xarici işlər nazirinin müavini razılaşma əldə etməyə fürsətin olduğuna işarə edərək ümidvarlıq bildirib : İran və 5+1 qrupu təyin edilən möhlətdən əvvəl nəticəyə çatsınlar.
İranın Xarici İşlər Nazirliyinin sözçüsü Mərziyə Əfxəm isə İran və 5+1 Qrupu arasındakı müzakirələr barədə deyib: "Müzakirə mövzuları müzakirə masasında gündəmə gətirilir və kənar fikirlər mediaların ehtimallarından başqa bir şey deyil".
M.Əfxəm İran və 5+1 Qrupu arasında əldə olunmuş yekun anlaşma barəsində də deyib ki, bizim nəzərimizə görə, bütün məsələlər barədə anlaşmanın əldə olunması, yekun anlaşma sayılır. İran XİN sözçüsü əlavə edib: "Müzakirələr davam edir və ikitərəfli, bir neçə tərəfli və 5+1 Qrupu səviyyəsində danışıqlar aparılır". M.Əfxəm sionist rejimin müzakirələrin gedişi ilə bağlı məlumatlara giriş əldə etməsi ilə bağlı suala gəlincə isə deyib: "Müzakirələr İran və 5+1 Qrupuna üzv ölkələr arasında aparılır. Müzakirələrlə bağlı məlumatların digər tərəflərə ötürülməsi daim məsuliyyətsiz tərəflərin əlində müzakirələrin gedişinə zərbə vurmaq üçün bir vasitəyə çevrilir. İran Xarici İşlər Nazirliyinin sözçüsü əlavə edib: "Məsuliyyətsiz olan tərəflər çalışırlar ki, yanlış informasiyalar ilə ümumi fikri çaşdırsınlar". M.Əfxəm AMİA işi ilə bağlı İran və Argentina arasındakı müzakirələr barədə də deyib: "Üçüncü tərəflərin məsələyə müdaxilə etməsi ilə müxalifik".
"Qərb iqtisadi sanksiyaları sərtləşdirəcəyi təqdirdə, Tehran neft və qaz tədarükünü məhdudlaşdıra bilər".
Bunu isə dünən İranın ali dini lideri Ayətulla Əli Xameneyi deyib.
Onun sözlərinə görə, təbii qaz Avropa və bütün dünya üçün çox vacibdir: "İran isə bunlara sahibdir və lazım bilsə, bu vasitədən sanksiya şəklində istifadə edə bilər. Əgər Qərbin təzyiqlərinə müqavimət göstərməsək, onda nüvə proqramı ilə bağlı yeni məhdudiyyətlər, yeni sanksiyalar irəli sürüləcək".