Qazax milli dövlətçiliyi sınaq qarşısında Dünya

Qazax milli dövlətçiliyi sınaq qarşısında

Qazaxıstanda ildırım sürəti ilə cərəyan edən, ilk baxışda sosial xarakterli xaotik etiraz kimi nəzərə çarpan hadisələr, istisnasız olaraq vahid mərkəzdən idarə olunur və baş verənlər Qazaxıstanın siyasi hakimiyyətinin, Qazax xalqının öz tarixinə, milli kimliyinə, dilinə, mədəniyyətinə sahiblənməsi, türk xalqlarının vahid mədəni arealda birləşməsi və inteqrasiyası istiqamətində göstərdiyi səylərə qarşı yönəlmiş təxribatdır. Şübhəsiz ki, belə bir qənaətə gəlməyimin səbəbləri var və bu səbəbləri konkret faktlara istinad etməklə dəyərli oxucuların diqqətinə çatdırmaq istəyirəm.

Qeyd edim ki, artıq xeyli müddətdir ki, Qazaxıstanda qardaş Qazax xalqının milli identikliyinin və dilinin qorunması, Qazax xalqının keçmişinə vahid türk tarixi müstəvisindən yanaşılması, digər türk xalqları ilə mədəni əlaqələrin genişləndirilməsi üçün latın qrafikasına keçidin təmin edilməsi istiqamətində atılan addımlar, bu prosesə xüsusi qısqanclıqla yanaşan qüvvələri, o cümlədən Rusiyadakı ultramillətçi dairələri narahat edir.

Məsələn, ötən ilin oktyabr ayında Qazaxıstan parlamentinin ölkədəki bütün reklam löhvələrinin, göstəricilərin və xidmət sektorunda istifadə edilən mətnlərin Qazax dilində olması ilə bağlı qanun layihəsini ikinci oxunuşda qəbul etməsi, nədənsə Rusiyada şok effekti yaratmışdı və Rusiyanın bütün populyar informasiya resursları layihənin rus dilinin sıradan çıxarılmasına xidmət etdiyini və hətta nəticədə Qazaxıstanın “lal səhra”ya çevriləcəyini iddia etmişdilər. Belə resursların sırasında “İzvestiya”, “Pravda”, “Lenta.ru”, “ria.ru”, “qazeta.ru” və digər bu kimi media təsisatlarının yer alması, anti-Qazaxıstan təbliğatının vahid bir mərkəzdən idarə olunduğuna işarə edirdi. Hər halda şimal qonşumuzun informasiya siyasətinin mahiyyətinə yaxşı bələd olan hər kəs, bu ölkədə daxili və xarici informasiya məkanına yönəlmiş “linç kompaniyaları”nın necə həyata keçirildiyini çox yaxşı bilir.

Maraqlı məqamlardan biri də Qazaxıstan əleyhinə aparılan kampaniyaların da ön sıralarında Rusiya mediasının ənənəvi ermənipərəst zümrəsinin dayanmasıdır. Yəni həmin o zatulinlər, solovyovlar, simonyanların...

Rusiyanın rəsmi media resurslarının Qazaxıstanda baş verən hadisələrin fonunda, hazırda ABŞ-da yaşayan, rəsmi Moskvanın Rusiyaya münasibətdə “düşmən” elan etdiyi bütün dairələrlə, o cümlədən Soros Fondu ilə işbirliyində olan keçmiş baş nazir Akajan Kajegeldini gündəmə gətirməsi, onun ən müxtəlif mövzularda ittiham xarakterli müsahibələrinə yer ayırması da Qazaxıstanda “sosial etirazları” bir göz qırpımında hərəkətə gətirən mərkəzin ünvanına işarə edir.

Rusiya mediası, o cümlədən bu ölkədə yaşayan, fəaliyyət göstərən bloqçular, hərbi və siyasi ekspertlər Qazaxıstanda baş verən hadisələrin Ukrayna ssenarisi üzrə inkişaf edəcəyinə eyham vurmaqdan çəkinmirlər.

Məsələn, Rusiya Dövlət Teleradio Kompaniyasının (“Vesti”) əməkdaşı Andrey Medvedyevin qənaətinə görə, Moskva “rus dilini əzən”, özünə “rus-imperiya-sovet işğalına qarşı qəhrəmancasına mübarizə tarixi əsasında tarixi mifologiya yaradan”, “dil patrullarını təqdir edən” tərəfi, yəni Qazaxıstanın siyasi hakimiyyətini müdafiə etməməlidir. Sitat: “Belə vəziyyətdə Britaniya prinsipinə uyğun hərəkət etməliyik: Daimi müttəfiqlər yoxdur, daimi maraqlar var... Bizi indi Qazaxıstandakı rus əhalisinin təhlükəsizliyi narahat etməlidir”.

Rusiyadan idarə olunan əksər “Teleqram” kanalları vasitəsilə yayılan materiallarda, eləcə də bəzi ekspertlərin açıqlamalarında “Ukrayna ssenarisi”, “yaşıl adamcıqlar” barədə yer alan xatırlatmalar, həmçinin qazaxların sayının artaraq Qazaxıstan əhalisinin 70%-i təşkil etməsi barədə “həyəcan siqnalı”nın çalınması, qardaş ölkəyə qarşı aparılan total kampaniyaların içərisindən aparıcı xətt kimi keçir. Və əslində Qazaxıstanda cərəyan edən hadisələrin əsl mahiyyətini ortaya qoyur.

Məsələn, Azərbaycanda hər kəsin yaxşı tanıdığı, erməni diasporunun əlaltısı olan ultramillətçi hərbi ekspert Aleksandr Kots Qazaxıstana olan münasibətini son hadisələrin fonunda belə sərgiləyir: “Maraqlıdır, görəsən Tokayev ordunun yeridilməsi ilə bağlı xahişini Putinə latınca yazacaq, yoxsa Yanukoviç kimi köhnə qaydada”. Kotsun kinayəsinin mahiyyəti, təbii ki, aydındır. Amma bu kütbeyin millətçi hələ də başa düşə bilmir ki, Qazaxstanda latın qrafikasına keçidlə bağlı qərar qəbul olunub, ölü latın dilinin tətbiqi ilə bağlı yox.

Rus millətçisi və erməni təbliğatçısı Timofey Yermakov isə “Sinyaya Boroda” (Göy saqqal – E.M.) adlı teleqram-kanalında Qazaxıstanda baş verənlərin “xeyrə işarə olduğunu” bildirir. Sitat: “Qazaxıstanın rus rayonlarının (?) “mambet”lərdən (Mambet - Orta Asiyada və Rusiya ərazisində yaşayan türk xalqları arasında yayılmış kişi adı, Məhəmməd adının milliləşdirilmiş forması... Rus millətçilərinin lelsikonunda aşağılayıcı ifadə kimi yer alır – E.M ) fərqli olaraq dəlilik etməməsi, sözsüz ki, yaxşılığa işarədir. Ümid edirəm, bu “Şimal” adamlarının taleyində həlledici olacaq və məhz onların qərarından bu bölgənin Rusiyanın təsir dairəsinə doğru ayrılması prosesi başlayacaq”.

Eyni yanaşma “Starşe Eddı” (Eddadan böyük – E.M) adlı başqa bir teleqram kanalının idarəçisi, ultramillətçi, erməni diasporunun sadiq köpəyi German Kulikovskinin “şərh”lərində də yer almaqdadır. Sitat: “Etirazların güclənəcəyi təqdirdə Qazaxıstandakı vəziyyətə maraqla yanaşmaq olardı, əgər bu Mərkəzi Asiya respublikasında hələ də böyük sayda rus və rusdillilər yaşamasaydı. Biz Ukraynada iqtisadi tələblərlə bağlı baş verənlərin tezliklə necə millətlərarası qarşıdurmaya keçdiyini yaxşı xatırlayırıq”.

...Əslində bütün bunlar “xatırlatma” deyil, Qazaxıstanda milli ruhun oyanmasına qarşı son bir neçə ildə özünü daha qabarıq şəkildə büruzə verən ismarıclardır və məqsəd də Qazaxıstanı geosiyasi separatizm alətinin növbəti girovuna çevirməkdən ibarətdir.

Maraqlıdır, Qazaxıstanda Qazax dilinin qorunması və inkişafı istiqamətində atılan addımları “mağara millətçiliyi” kimi təqdim edən Rusiya mediası, nədənsə Rusiyanın sərhədlərindən kənarda rus dilinin qorunması ilə bağlı ifratçı təbliğatını olduqca təbii qəbul edir. Görəsən eyni yanaşma Rusiyada yaşayan digər xalqların nümayəndələrinə münasibətdə sərgilənsəydi, o zaman buna ultramillətçi iddialarından əl çəkə bilməyən bəzi Rusiya siyasətçilərinin və onların informasiya terminatorlarının münasibəti necə olardı? Məsələn, qazaxdilli, yaxud türkdilli rus... Niyə də olmasın?!

...Bu gün Qazaxıstanda baş verənlər hər kəsi narahat etməli və düşündürməlidir. Tarixi dövlətçilik ənənələri olan, lakin tarixi kataklizmlər nəticəsində uzun illər boyu zorla ayrı-ayrı imperiyaların tərkibinə yaşamaq məcburiyyətində qalan xalqların öz milli dövlətlərinə sahiblənməsi çox çətin və mürəkkəb bir prosesdir. İndi Qazax xalqı bu prosesin ən önəmli bir mərhələsinə qədəm qoymaqdadır. Sovet dönəmində yaradılmış süni demoqrafik reallıqlar bu prosesin daha sürətlə həyata keçirilməsinə imkan vermirdi.
Qənaətimə görə, Qazax xalqı öz dilini, mədəniyyətini, dövlətçiliyini qorumaq və inkişaf etdirmək əzmindədir. Şübhə etmirəm ki, Qazaxıstanın suverenliyinə qarşı başladılan bu təxribat ssenarisi tez bir zamanda iflasa uğrayacaq və qardaş ölkə özünün milli inkişaf stretegiyasına uyğun inkişafını uğurla davam etdirəcək.

Elçin Mirzəbəyli