“Miqrantların yaranması məhz elə Avropanın, Qərb ölkələrinin apardıqları ikili siyasətin məntiqi nəticəsidir” Hadisə

“Miqrantların yaranması məhz elə Avropanın, Qərb ölkələrinin apardıqları ikili siyasətin məntiqi nəticəsidir”

Mübariz Qurbanlı: "Bu gün Yaxın Şərqdə, Şimali Afrikada, o cümlədən dünyanın müxtəlif bölgələrində bütövlükdə 30-a yaxın münaqişə ocağı var"

Aydın Hüseynov: ""Günü-gündən Avropada rasizm, miliyyətçi və anti-semitizm kimi qüsurlu düşüncəli insanların sayı artmaqdadır"

Hikmət Babaoğlu: "Avropanın miqrantlarla bağlı qəbul etdiyi qərar Avropa adına utancvericidir"


"Avropanın miqrantlarla bağlı qəbul etdiyi qərar bizi bir tərəfdən təəssüfləndirir, bir tərəfdən təəccübləndirir, digər bir tərəfədən isə Avropada siyasi elitanın, siyasi dairələrin ikili standartdan çıxış etdiyini bariz şəkildə nümayiş etdirir. İnsan haqlarından, tolerantlıqdan, bərabərlikdən danışan Avropa siyasətçiləri, ATƏT-in iclaslarında ayrı-ayrı ölkələrdəki hadisələri şişirtməklə məşğul olanlar, Avropa Şurasının tribunasından öz siyasi məqsədləri üçün müxtəlif ölkələrə təzyiq vasitəsi kimi istifadə edənlər indi nə üçün susurlar? Nə üçün ikili yanaşmaya öz münasibətlərini bildirmirlər?". Bu fikirləri açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. O qeyd edib ki, qərar qəbul edilməmişdən əvvəl miqrantların yaranma səbəbləri araşdırılmalı idi: "Miqrantların yaranması məhz elə Avropanın, Qərb ölkələrinin apardıqları ikili siyasətin məntiqi nəticəsidir. Yəni zamanında Şimali Afrikadakı, Yaxın Şərqdəki hadisələrə ikili yanaşılmasaydı, müəyyən proseslərə süni müdaxilələr edilməsəydi, müxtəlif ölkələrin daxili işlərinə siyasi məqsəd və maraqlar naminə qarışılmasaydı, indi də bu qədər miqrant yaranmazdı. Bu gün Yaxın Şərqdə, Şimali Afrikada, o cümlədən dünyanın müxtəlif bölgələrində bütövlükdə 30-a yaxın münaqişə ocağı var. 30-a yaxın münaqişə ocağında qanlı savaş gedir. Bu savaşların kökündə iqtisadi bərabərsizlik, Avropanın özü üçün bir çətir düzəldərək qorunmaq üçün başqalarını istismar siyasəti, yeni imperializm siyasəti dayanır". Mübariz Qurbanlı həmçinin onu da qeyd edib ki, Avropa ölkələrində miqrantların yerləşdirilməsində müsəlmanlara qarşı ayrı-seçkilik edilməsi də elə həmin siyasətin bir hissəsidir: "Bu islamafobiyadır, insan haqlarına qarşı yönəlmiş siyasətdir, dünyanı bölmə siyasətidir, multikulturalizmə, tolerantlığa qarşı yönəlmiş siyasətdir. Bu da əlbəttə ki, insanlarda haqlı olaraq hiddət yaradır. Bütün bunlara son qoymağın bir yolu var. O da dünyada multikultural, tolerant dəyərlərə hörmət etmək. Ayrı-ayrı dinlərə görə, ayrı-ayrı konfensiyalara görə yox, dünyada gedən hadisələri real olaraq nəticələrə uyğun şəkildə həll etmək lazımdır. Çox təəssüf ki, Qərb dünyası hələ də orta əsrlərdə olduğu kimi özünün maraqları naminə başqalarını güdaza vermək siyasəti yürüdür".
YAP Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov deyib ki, müsəlman miqrantların Avropa ölkələrinə qəbul edilməməsi, xüsusilə də Slovakiyanın açıq şəkildə belə bir mövqedən çıxış etməsi islam dünyasına, islam dininə sitayiş edən insanlara qarşı olan münasibətlərinin növbəti nümunəsidir. A.Hüseynov qeyd edib ki, özünü demokratiyanın beşiyi adlandıran Avropa getdikcə miqrantlara qarşı daha sərt mövqe sərgiləməyə başlayıb. Onun sözlərinə görə, son illər Avropada islamofobiya özünü büruzə verməkdədir.
O, deyib ki, bizə demokratiya dərsi keçənlərin özlərində demokratiyadan əsər-əlamət yoxdur, Avropa ölkələrinin təxminən yarıdan çoxu müsəlman miqrantların əleyhinədir: "Günü-gündən Avropada rasizm, miliyyətçi və anti-semitizm kimi qüsurlu düşüncəli insanların sayı artmaqdadır. Amma Azərbaycanda dini tolerantlıq mövcuddur. Bütün dinlərə eyni münasibət göstərilir, hörmət qoyulur.
Milli və dini tərkibinin müxtəlifliyi ilə seçilən Azərbaycan ölkə vətəndaşlarının bir-birilərinə olan münasibətinə, milli və etnik mənsubiyyətindən asıllı olmayaraq dövlətin vətəndaşlarına olan münasibətinə görə bir çox ölkələrdən fərqlənir.
Buna baxmayaraq Qərb, Avropa ölkələri ölkəmizə qarşı elə iddialar səsləndirirlər ki, bunun da adı yalnız ikili standart, qərəzçilkdir.
Bəzən Avropa insan hüquq və azadlıqlarından o qədər ağız dolusu danışır ki, sanki daxillərində bu sferada vəziyyət yüksək səviyyədədir. Amma reallıq tamamilə başqa şey deyir". YAP funksineri həmçinin onu da vurğulayıb ki, Avropanın bir sıra ölkələrində ksenofobiya, islamofobiya adi hala çevrilib: "Bu baxımdan da bu ölkələrin müsəlman miqrantlara qarşı bu cür rəftarları heç də qeyri-adi qarşılanmamalıdır. Bu onların əsl simalarıdır".
"Yeni Azərbaycan" qəzetinin baş redaktoru, politoloq Hikmət Babaoğlu isə deyib ki, Avropanın miqrantlarla bağlı qəbul etdiyi qərar Avropa adına utancvericidir: " Müsəlman şərqində faciəvi miqrasiyanın yaranmasına səbəb elə Avropa öklələrinin həyata keçirdiyi xarici siyasətdir. Daha dəqiq desək imperialist siyasətdir".
Onun sözlərinə görə, Yaxın Şərqdə baş verən milli-etnik və dini-məhzəbi savaşın memarı Avropadakı imperialist mərkəzlər və islamafob dairələrdir: "Təəsüf ki, bu gün Avropada mövcud olan ictimai-siyasi əhval-ruhiyyə islamafob siyasətçiləri dəstəkləyir və onları hakimiyyətə daşıyır. Bu siyasi tendensiyanın əsası 2000-ci illərin başlanğıcında qoyulub və bugünə qədər də davam edir. Bu, yaxın və orta perspektivdə də davam edəcək. Avropa siyasi dairələrinin dini ayrı-seçkiliyə yol vermələrinin səbəbini də burada axtarmaq lazımdır. Bəzi siyasi dairələr bütün siyasi proseslərə sivilizasiyaların toqquşması fəsəfəsi ilə yanaşırlar. Bu isə Avropanın mənimsədiyi və qlobal dəyərlər kimi təqdim etdiyi dini-irqi dözümlülük, dini tolerantlıq, demokratiya və digər dəyərləri küncə sıxışdırır. Əslində isə avropalı mənəviyyatının iç üzünü açır. Bəlli olur ki, çox hallarda avropalı heç də özünü təqdim etdiyi kimi deyil, daxilən dini-mədəni aqressiyaya köklənmiş islamafobdur. Ona görə də özü dunyaya demokratiya, tolerantlıq dərsi keçsə də felən bunları rədd edir gücünün çatdığı hər yerdə milli iradəni zorlayır, milli dövləti dağıdır, rəngli inqilablar yaradır. Beləliklə də olkələrin milli sərvətini talayır. Ona görə də Avropanın bu cür mövqeyinə təəccüblənmək lazım deyil, əksinə buna qarşı mübarizə aparmağın yollarını düşünmək lazımdır".